Azərbaycan seçki mədəniyyəti ilə bir çox Avropa ölkələrini geridə qoyur

"Azərbaycanda seçkilər hər zaman şəffaf, ədalətli və demokratik prinsiplər əsasında keçirilib. Bunun ən böyük səbəbi, təbii ki, 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu hüquqi dövlətçilik ənənəsi və ölkədə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır. Bu gün həmin ənənə daha da inkişafı etdirilir". "OLAYLAR"-ın xəbərinə görə,  bu fikirləri yap.org.az saytına hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzov səsləndirib. Bildirib ki, ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, demokratik və şəffaf seçki sistemi mövcuddur: "Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür.

Həqiqətən də, bu gün Azərbaycan istər seçki qanunvericiliyi, istərsə də seçki mədəniyyəti ilə bir çox Avropa ölkələrini geridə qoyur. Hətta seçkiləri müşahidə edən bir sıra dövlətlərin nümayəndələri ölkəmizdə keçirilən seçkini öz ölkələri ilə müqayisə edib, üstünlüyü Azərbaycana verir.  Bu isə Azərbaycan hakimiyyətinin şəffaf və demokratik seçki keçirmək iradəsinin varlığından xəbər verir. Bu baxımdan, qarşıdan gələn parlament seçkilərinin də azad və ədalətli keçiriləcəyi şübhəsizdir.  Əminəm ki, bu seçkiləri də azad və şəffaf əsaslarda keçirməklə,  Azərbaycan bir daha demokratiyanın təntənəsini nümayiş etdirəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00