Bayram Səfərov: ABŞ Senatı ali dəyərlərə hörmətsizlik edir

ABŞ Senatında Azərbaycan əleyhinə təşkil olunan dinləmələr ölkəmizə qarşı qarayaxmadan başqa bir şey deyil. Azərbaycan xalqı onların qərəzli çıxışlarına ciddi əhəmiyyət vermir. Bu, dövlətimizin yürütdüyü müstəqil siyasətə mane olmaq cəhdidir. Bu sözləri 2015.az saytına açıqlamasında  Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib. B.Səfərov bildirib ki, bu dairələri həqiqətən insan haqları maraqlandırsaydı, o zaman onlar bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün pozulan hüquqları ilə bağlı məsələni qaldırardılar. Onun sözlərinə görə, əslində bu cür qərəzli tədbirlər təşkil etməklə həmin dairələr özləri insan hüquqları və digər ali dəyərlərə qarşı hörmətsizlik edirlər. İcma sədri vurğulayıb ki, seçkilərə hazırlıq prosesi yüksək səviyyədə təşkil olunub. O deyib: "Namizədlərin təbliğat-təşviqat kampaniyası keçirməsi üçün hər cür şərait var. Hər bir dairə üzrə kifayət qədər namizəd seçki marafonuna qoşulub". B.Səfərov əlavə edib ki, Azərbaycan xalqı dövlətin milli maraqlarını hər şeydən üstün tutur: "Əhali dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətdən tam razıdır. Xalq Prezidenti dəstəkləyir. Görülən işlərin, həyata keçirilən islahatların  nəticələri göz qabağındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00