Parlament seçkiləri kimləri və niyə narahat edir?

Bu günlərdə özlərini "mütərəqqi demokratiya carçısı" kimi qələmə verən Qərb təşkilatları, daha dəqiq desək, "Transpareny International" təşkilatının "İdman" işçi qrupunun rəhbəri Silviya Şenk və "Human Rights Watch" təşkilatının Almaniya bürosunun rəhbəri Ventsel Mixalski növbəti dəfə Azərbaycana qarşı aşkar qərəzçilik mövqeyi sərgiləyərək, bu dəfə parlament seçkilərini hədəfə alan bəyanatlarla çıxış ediblər. Daha dəqiq desək, Almaniyanın "Frankfurter Rundschau" nəşrinə danışan hər iki qərəzkar "demokrat" nə qədər maraqlı görünsə də bu ilin yayında Bakıda keçirilən I Avropa Oyunları ərəfəsində Xədicə İsmayılın, Leyla və Arif Yunusun,  Rəsul Cəfərovun, eləcə də digərlərinin həbs olunduğunu xatırladaraq, mövzunu noyabrın 1-də keçiriləcək parlament seçkilərinə tərəf istiqamətləndiriblər. Eyni zamanda, Bakıda ATƏT-in bürosunun bağlandığını "əsas" gətirərək, o cümlədən, "Amnesty International" nümayəndələrinin də ölkəyə buraxılmadığını özlərinəməxsus, yaxud da sərf edən tərəfdən "şərh" ediblər.

Məqamlardan biri də böyük idman hadisəsindən sonra keçiriləcək parlament seçkiləri idi.

Əslində, bunun  baş verəcəyi gözlənilən idi. Yəni parlament seçkiləri öncəsi Azərbaycanda siyasi-iqtisadi və digər maraqları olan Qərb qurumlarının bu istəkləri reallaşmadıqca, onların yenidən baş qaldıraraq, öz köhnə və dəyişilməz, toz basmış ssenariləri əsasında qərəz, şantaj püskürmələri bəri başdan gözlənilirdi. Bunun isə səbəbləri bəllidir. Azərbaycanda mövcud daxili sabitlik, iqtisadi inkişaf və uğurlu xarici siyasət, əlbəttə ki, bədxah qüvvələr tərəfindən qəbuledilməzlik kimi qiymətləndirilir. Xüsusilə, ABŞ və Qərb ölkələrindəki antiazərbaycançı dairələr, o cümlədən, onların yerli əlaltıları hələ I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasının miqyasını artırmağa başlamışdılar ki, burada da müəyyən məqamlar mövcuddur. Həmin məqamlardan biri də böyük idman hadisəsindən sonra keçiriləcək parlament seçkiləri idi. Yəni planlı qaydada hazırlanmış bu gedişlər hazırda növbəti fazaya keçid alıb. Ümumilikdə isə, Azərbaycanda keçirilən hər hansı beynəlxalq tədbir ərəfəsində "aktivləşən", köhnə ssenarilərini yenidən dövriyyəyə buraxan antiazərbaycançı şəbəkənin parlament seçkiləri ərəfəsində ölkəmizə qarşı yeni çirkin kampaniyaya başlaması gözlənilən idi. Yuxarıda adları çəkilən qərəzli təşkilatların hər birinin eyni mərkəzdən idarə edildiyini və məqsədin güclü Azərbaycan dövlətçiliyinin təməlini sarsıtmaq olduğunu bildiyimiz kimi, həmin mərkəzin maliyyə boşluğunu məhz erməni lobbisinin nəzarətində olması da sirr deyil.

Məruzələrdə ölkəmizi ancaq tənqid obyekti kimi göstərən qurumların birləşdiyi qərəz alyansına ölkə ictimaiyyəti də kəskin etirazını bildirir

Daim Azərbaycana qarşı ikili standartlar prinsipini əsas götürən bu üzdəniraq beynəlxalq qurumlar indi də maskalanmış formada hərəkətə keçsələr də qaranlıq niyyətlərinin baş tutmayacağını da bilirlər. Çünki illərdir ki, onların həmin niyyətlərini məhv edən bir amil mövcuddur - xalq-hakimiyyət vəhdəti. Bu vəhdətin mövcudluğu, sarsılmazlığı sonda heç bir qüvvənin çirkin niyyətinin baş tutmamasına səbəb olur. Beləliklə, Azərbaycana qarşı qərəzli, mövqeləri ilə seçilən, hazırladıqları illik, aylıq və digər məruzələrdə ölkəmizi ancaq tənqid obyekti kimi göstərən qurumların birləşdiyi qərəz alyansına ölkə ictimaiyyəti də kəskin etirazını bildirir. Bu etirazın əməli sübutu noyabrın 1-də seçicilərin kütləviliklə səsvermə məntəqələrinə gedib, öz namizədlərinə dəstək göstərmələri ilə isbatlanacaq.

Daha çox siyasiləşdirilmiş teatr tamaşasını xatırladan dinləmələr

Yeri gəlmişkən, ABŞ-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı dinləmələrdə iştirak edən "simalar"ın tanış olması da diqqətlərdən yayınmayıb. "Azərbaycanda seçkilər ərəfəsində insan hüquqları" adlanan və daha çox siyasiləşdirilmiş teatr tamaşasını xatırladan dinləmələrə xüsusilə erməni lobbisinin xərclədiyi pullar hesabına yüksək səviyyəli həyat sürən senatorlar Mark Kirk və Kris Kunsun, eyni zamanda, ABŞ-ın Bakıdakı keçmiş səfiri, biznes maraqlarını ölkəmizdə reallaşdıra bilmədiyinə görə xalqımıza, dövlətimizə qarşı düşmən kəsilmiş Riçard Kozlariçin, Milli Demokratiya Fondunun nümayəndəsi, dəfələrlə işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfərlər etmiş Miriam Lanskoyun, eləcə də onun həmkarı,"Freedom House"nin nümayəndəsi Tamara Grigoryevanın da adları var. Lakin həmin tədbirdə daha bir nəfər də iştirakçı qismində qatılıb. Tədbirə dəvətlilər arasında Leyla və Arif Yunusların qızı Dinara Yunus da qatılıb. Həmin Dinara Yunus ki, ötən ilin yayında cəbhə bölgələrimizdə erməni işğalçılarının təxribat cəhdlərinin qarşısı alınarkən, şəhid olan əsgərlərimizə "qoy ölsünlər və gəbərsinlər" statusunu paylaşmışdı.  Əlavə şərhə ehtiyac qalmır...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00