İslamofobiya Qərbdə həyat tərzinə çevrilib
28 Oktyabr 2015 17:10 Siyasət"Bəzi xarici dairələr ölkələrə təzyiq göstərməyin yeni üsulunu tapıblar. Məlum çevrələr Qərb parlamentləri, ABŞ Konqresi və Senatında müzakirələr keçirərək hədəf götürdüyü ölkə haqqında mənfi rəy formalaşdırmağa çalışır". Bu sözləri Secki-2015.az saytına "Parlament-2015" Seçki Monitorinq Koalisiyasının üzvü, Qarabağ Araşdırmalar Mərkəzinin sədri, politoloq Elçin Əhmədov ABŞ Senatında Azərbaycanla bağlı təşkil olunan dinləmələr barədə danışarkən deyib.
O bildirib ki, Qərb dövlətləri və ABŞ-da demokratiya, insan hüquqları ilə bağlı vəziyyət heç də ürəkaçan deyil: "ABŞ-ın 15 ştatında uşaqlara cəza olaraq bədən xəsarəti yetirməyə icazə var. Bundan əlavə, dini və irqi zəmində müsəlman və qaradərililər təzyiqlərə məruz qalır, polis zorakılığı ilə üzləşir, hətta öldürülürlər. Sosioloqlar ABŞ əhalisinin 20 faizinin ksenofob olduğu qənaətindədirlər - Birləşmiş Ştatların əhalisi demək olar ki, başqalarının fikirlərini qəbul etmir. Bütün bunlar ABŞ-da demokratiya, insan hüquqları sarıdan bir sıra problemlərin olduğunu göstərir".
Qərbin Yaxın Şərq və Şimali Afrikada yaratdığı problemlərin bumeranq effekti verdiyini deyən E.Əhmədov qanlı toqquşmalar səbəbindən öz ölkələrini tərk edən insanların Avropaya üz tutduğunu xatırladıb: "Avropa dövlətlərindən sığınacaq istəyən qaçqınlar dini və irqi diskriminasiyaya məruz qalırlar. Bu onu göstərir ki, islamofobiya Qərbdə həyat tərzinə çevrilib".
Politoloq bildirib ki, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən "Freedom House", "Amnesty İnternational", "Human Rights Wathc", "Sərhədsiz reportyorlar", "Article 19" kimi təşkilatlar müntəzəm olaraq dünyada insan hüquqlarının vəziyyətinə dair hesabatlar hazırlasalar da, həmin sənədlərdə Avropanın bir çox dövlətləri, o cümlədən ABŞ-da insan hüquqlarının kütləvi şəkildə pozulması faktları öz əksini tapmır: "Xarici dairələr Azərbaycana təzyiq göstərməklə ölkəmizin qazandığı uğurları həzm edə bilmədiklərini göstərirlər. Azərbaycan isə təzyiqlərə əhəmiyyət vermədən Cənubi Qafqazda əsas söz sahibi kimi çox çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət yürüdür".