ABŞ Senatının insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri,  fəlsəfə doktoru İlqar Orucovun Secki-2015.az saytına müsahibəsi

- Ölkə parlament seçkiləri ərəfəsində olduğu halda ABŞ Senatında Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair dinləmələrin keçirilməsi nə ilə bağlıdır?

- ABŞ Senatı nə hər hansı ölkədə insan hüquqlarının vəziyyətinə dair dinləmələr keçirməyə məsul qurum deyil, nə də bu cür tədbirlərə təhkim deyil. Bu, ABŞ-ın standartlardan kənar siyasət aparmaqda maraqlı olduğunu bir daha sübut edir. Soruşan lazımdır. Bu gün polis tərəfindən zorakılığa məruz qalan, öldürülən, döyülən günahsız qaradərililər Azərbaycandamı yaşayırlar? Amerika rasizm, irqi ayrı-seçkilik hallarının ən çox baş verdiyi ölkələrdən biridir. Öz ölkəsində baş verən bu cür biyabırçılıqlarla bağlı dinləmələr keçirməyə bilavasitə borclu olan ABŞ senatının əslində insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur. Azərbaycanda insan hüquqlarının pozulmasından o qədər narahatdırlarsa , qoy 20 il ərzində öz doğma yurd-yuvalarından didərgin salınmış 1 milyondan artıq insanın hüquqlarının bərpası haqqında danışsınlar. Xocalıda vəhşiliklə qətlə yetirilən günahsız insanların haqlarının bərpası bərədə qərar qəbul etsinlər. Amma bunun heç birini etmirlər, etməzlər də! Çünki, onların ixrac etdikləri demokratiya və insan hüquqları imperialist maraqlardan kənara çıxmır. Onların insan hüquqları İraqda, Əfqanıstanda, ərəb ölkələrində yaratdıqları anarxiya, dərəbəylik, özbaşınalıq, müharibə dəhşətləri, vətəndaş qarşıdurması, günahsız öldürülən insanların taleləridir. Artıq kiminsə ümidi yoxdur ki, bu ərazilərdə nə vaxtsa silahlar susacaq, sabitlik  bərpa olunacaq. Bunları edənlər isə əlbəttə, ilk növbədə ABŞ və onların Avropadakı müttəfiqləridir .

- Senatdakı dinləmələrə dövlətimizə qarşı dəfələrlə qərəzli mövqeyini nümayiş etdirən ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç və Amerika dövlət katibinin keçmiş müavini, "Freedom House"un rəhbəri Devid Kramer də cəlb olunub. Nə üçün Azərbaycanla bağlı hər hansı tədbirə ancaq bu adamlar cəlb olunur, yalnız onların fikirləri dinlənilir? 

- Biz dəfələrlə istər Riçard Kozlariçin, istərsə də Devid Kramerin ölkəmizə qarşı qərəzli münasibətlərinin şahidi olmuşuq. Bu dəfə də mən onlardan yeni heç nə gözləmirəm və hesab edirəm ki, həmişəki adətlərindən əl çəkməyərək böhtan, şər və yalanla dolu qondarma bir bəyanat verəcəklər. Təbii ki, bu cür dinləmələrin parlament seçkiləri ərəfəsində keçirilməsi təsadüfi deyil və 28 oktyabr tarixi də məhz bu məqsədlə seçilib. Onların bir məqsədi var: müstəqil və milli maraqlar çərçivəsində siyasət yeridən ölkələrdə çaxnaşmalar törətsinlər, həmin ölkələri özlərindən asılı vəziyyətə salıb həmin xalqları istismar etsinlər. İstər Avropanın, istərsə də ABŞ-ın özləri üçün təmin etdikləri sosial həyatın kökündə hazırda da talamaqda davam etdikləri və nəticədə bədbəxt günə saldıqları xalqların təbii sərvətləri durur. Biz son hadisələri  ürəkağrısı ilə seyr etməkdəyik. Sakit həyatın illərlə hökm sürdüyü Suriyanı qısa zamanda xarabalığa çevirən Avropa və ABŞ öz yurd-yuvalarından didərgin saldıqları insanlara qarşı hərəkətləri ilə, Aralıq dənizində miqrantları daşıyan gəmiləri batırmaqla hansı cinayətləri törətmədi? Qoy senat, eyni zamanda Riçard Kozlariç və Devid Kramer bu məsələləri müzakirə etsin. Əminəm ki, kimin nə deməyindən, hansı mövqe nümayiş etdirməyindən asılı olmayaraq Azərbaycan xalqı müdrikliyini bir daha nümayiş etdirərək seçkilərə gedəcək və parlamentə layiqli insanları seçəcək. Bizim xalq həqiqətin harada olduğunu gözəl bilir, öz prezidenti ətrafında müstəqil dövlətimizi qorumaq, daha da inkişaf etdirmək amalı ilə sıx birləşib.

-V çağırış Milli Məclisə seçkilərdə həm hakim Yeni Azərbaycan Partiyası tərəfindən, həm də heç bir siyasi mənsubiyyəti olmayan müstəqil gənclər öz namizədliklərini irəli sürüblər. Həmin gənclərin şansını necə qiymətləndirirsiniz?

- Müstəqil Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin mahiyyətində ilk növbədə ölkənin gələcəyini etibar etməyə layiq olan gəncliyin hazırlanması durur. Təbii ki, bu müqəddəs missiyanı daşıyacaq  gənclik savadlı, dünya görüşlü, milli dəyərlərə bağlı, vətənini sevən gənclik olmalı idi və bu məqsədlə sistemli şəkildə görülən işlər öz bəhrəsini verməkdədir. Artıq bu gün əminliklə deyə bilərik ki, Azərbaycan dövlətinin söykənə biləcəyi gənclik tam olaraq formalaşıb. Təbii ki, parlamentdə də  yeni nəslin təmsil olunması bu kontekstdən irəli gəlir. Artıq gənclik qanunverici orqanda o ağırlığa çiyinlərini verməyə  özündə əzm və inam hiss edir. Təsadüfi deyil ki, gənclərin parlament seçkilərində aktivliyi artıq seçici obrazından namizəd olmaq, seçilmək istəyinə keçməkdədir. Bunun sayəsində biz parlamentdə yeni simaları görəcəyik. Digər vacib məqam isə gənclərin seçilmək istəyinə Azərbaycan seçicisinin adekvat reaksiyasında özünü büruzə verir. Artıq cəmiyyət yetişən gəncliyin yeni ideyalarına, enerjisinə, gənclik ruhuna inanır və ona səsini verir. Mən əminəm ki, istər hakim Yeni Azərbaycan Partiyası, istərsə də müstəqil şəkildə namizədliyini verən yeni nəsil siyasətçilər növbəti formalaşacaq parlamentdə də sözünü deyəcək.

- Ümumiyyətlə, seçki prosesinin təşkilini və gedişini necə qiymətləndirirsiniz?

Azərbaycanda normal seçkilər keçirmək ənənəsi artıq formalaşıb. Kimin nə deməyindən asılı olmayaraq,  Azərbaycan xalqı hər zaman sübut edir ki,  dövlətə və dövlətçiliyə biganə olmayaraq müstəsna vətəndaşlıq mövqeyini ifadə etməkdə sərbəstdir.  Xalqın seçimi birbaşa ölkənin gələcəyini müəyyən edir. Təbii ki, hər seçkidən seçkiyə təkmilləşmə gedir, qanunvericilikdə islahatlar aparılır, yeni texnologiyalar tətbiq olunur. Artıq ən ucqar kənd məntəqəsində belə, seçkinin gedişatını izləmək üçün imkan var. Müxtəlif ölkələrdən olan  müşahidəçilərin seçkilərə nəzarət etmələri üçün də hər cür şərait yaradılıb. Yəni, bütün bunları bir sözlə ifadə etsək deyə bilərik ki, Azərbaycanda  seçki prosesinin təşkili idealdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00