Azərbaycanda keçirilən seçkilər hər zaman xalqın iradəsinə əsaslanıb

"Hər bir ölkədə parlamentə seçkilərinin keçirilməsi cəmiyyətdə insanların rahat, firavan və azad şəkildə yaşamaları üçün vacib şərtlərdən biri hesab olunur. Öz intibah dövrünü yaşayan Azərbaycan da belə bir ərəfədədir. Bir gənc alim olaraq ölkəmizdə keçirilən seçkiləri yüksək qiymətləndirirəm. Çünki Azərbaycanda keçirilən seçkilər hər zaman xalqın iradəsinə əsaslanıb". Bu barədə Seçki-2015.az saytına açıqlamasında Polşanın paytaxtı Varşavadakı Azərbaycan-Avropa Gənc Alimlər Təşkilatının rəhbəri Raqif Hüseynov bildirib. O, V çağırış Milli Məclisə seçkilərdə həm hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən bəzi gənclərin namizədliyinin irəli sürülməsini, həm də müstəqil şəkildə gənclərin öz namizədliklərini irəli sürməsini müsbət qiymətləndirib. Gənc alimin dediyinə görə, YAP hər zaman öz siyasi dəsti-xətti ilə Azərbaycanda, həmçinin bütün dünyada böyük siyasətçilər tərəfindən hörmətlə qarşılanır: "Bu gün Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən gənclər təbii ki, dövlətimizin savadlı, ziyalı, vətənpərvər, sadiq nümayəndələrdir.  Müstəqil olaraq öz namizədliyini irəli sürən gənclərimizin olması çox sevindiricidir. Ona görə ki, Azərbaycan müstəqil, demokratik və azad bir ölkə olduğunu bununla sübut edir.  İnanıram ki, seçicilər layiqli namizədinə səs verəcəklər. Bu, Yeni Azərbaycan Partiyasının namizədləri də ola bilər və sözün əsl mənasında öz dövlətinə sadiq olan müstəqil olaraq namizədliyini irəli sürən gənclər də". Raqif  Hüseynov bəzi xarici qüvvələrin Azərbaycandakı seçki prosesinə qərəzli mövqe nümayiş etdirmələrinə də münasibət bildirib. Qeyd edib ki, məlum dairələr hər zaman Azərbaycanın uğurlarına, inkişafına qısqanclıqla yanaşıblar və bu səbəbdən ölkədə baş verən istənilən prosesi qara rəngdə görüblər: "Bu gün Azərbaycan sürətlə inkişaf edir. Tarixən irəli gedən və ya inkişaf edən ölkələrə hər zaman qara qüvvələr tərəfindən böyük qısqanclıq və həsəd hissləri olub. Bu qısqanclıq Azərbaycana qarşı bəzi xarici qurumların qarayaxma kampaniyaları ilə davam edir. Lakin Azərbaycan xalqı çox həssas və qədirbilən xalqdır. Ona görə bizim xalqımız belə qarayaxma kampaniyalara önəm vermir. Eyni zamanda bu cür paxıllığın qarşısının alınması uğrunda mübarizə aparırlar.  Əminəm ki,  noyabrın 1-də keçiriləcək seçkilər də uğurla başa çatacaq və xalqımızın həyatında böyük rol oynayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00