Baxın, onlar kimi dinləyirlər VIDEO

"İnsan həqiqəti deyəndə çox utanır. Ona maska verin və bu adam bütün gerçəkləri asanlıqla deyəcək" (Oskar Uayld)

Bazar günü, noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.
Seçkilərə, bəlli, artıq bir neçə gün qalıb və belə vəziyyətdə ölkədəki daxili siyasi vəziyyəti araşdırmaq, situasiyanı dəqiqləşdirmək, olanları bundan sonra olacaqlarla müqayisə etmək ekspertlərin bilavasitə işidir.
Söhbət normal ekspert rəylərindən gedir.
Lakin rəylərin özünün ekspertizaya, təhlilə və xüsusilə də araşdırılmaya ehtiyacı duyulanda, söylənənlərin qərəzli, edilənlərin qəsdli olduğuna, düşünülənlərin isə xoş niyyətdən uzaqlığına şübhə yaranmır.

Bir zamanlar Azərbaycanda çalışmış, indisə ABŞ-da zahirən "adi siyasi" fəaliyyətini davam etdirənlər, ölkəmizdə insanın haqlarının olmadığını və haqqı olanların da azad insan sayılmayacaqlarını deyənlər, tutulanların günahsız, tutanlarınsa cinayətkar olduqlarını israrla təkrarlayanlar - bir sözlə, "Azərbaycanda hər şey pis yox, dəhşət, vəhşət və fəlakətdir" söyləyənlər yenə bir araya gəlirlər.

24 saat sonra

Sabah ABŞ Senatında Azərbaycanda insan haqları pozuntuları ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub.
"Azərbaycanda seçkilər ərəfəsində insan hüquqları" adlanan dinləmələrin təşəbbüskarları senatorlar Mark Kirk və Kris Kuns, habelə bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatlarıdır.
Onların dediklərinə görə, "təşəbbüsləri noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində Azərbaycanda insan hüquqlarının pozulmasının və vətəndaş cəmyyətinin sıxışdırılmasının davam etməsindən irəli gəlib.

Dinləmələrlə bağlı yayılmış məlumatda deyilir: "Qarşıdakı müzakirələr Azərbaycanda hazırki siyasi atmosferin qiymətləndirilməsinə və aşağıdakı sualların cavablandırılmasına yönəlib: Gələcək demokratiya baxımından 1 noyabr parlament seçkiləri hansı əhəmiyyəti daşıyır? Hansı insan haqları pozuntuları baş verib? Azərbaycanın demokratik dəyərlərdən uzaqlaşması onun ABŞ ilə tərəfdaşlığına necə təsir göstərir? Azərbaycanda insan hüquqlarını necə qorumaq və ölkələr arasında ləyaqətli tərəfdaşlığı necə saxlamaq olar?"
Tədbirə dəvətlilər arasında Leyla və Arif Yunusların qızı Dinara Yunus, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç, ABŞ Milli Demokratiya Fondunun təmsilçisi  Miriam Lanskoy,  Freedom House nümayəndəsi Tamara Qriqoryeva da var.
Senatdakı dinləmələrin moderatoru ABŞ dövlət katibinin keçmiş müavini Devid Kramer olacaq.

Səbəb nədir?

Azərbaycanda insan haqları, vətəndaş cəmiyyəti və demokratiya ilə bağlı dinləmələr hər dəfə absurd teatrı təsiri bağışlayır.
Tənqid normal, iradlar adekvat, qeydlər məntiqi olsaydı, problem yox.
Amma iş ondadır ki, Vaşinqtonda məlum məkana yığışan adamlar hər dəfə məişət cinayətlərinə görə saxlanmış və ya həbs olunmuş insanları az qala millət qəhrəmanı kimi qələmə verir, hakimiyyətin "niyə hələ də devrilmədiyinin" səbəblərini araşdırır, Bakıdakı iqtidarı az qala gestapo zabitləri və çar İvan Qroznı dönəmindəki opriçniklər yığını, üstəlik Nadir şahın qəzəbnak cəlladları toplusu kimi qələmə verir, "problemlərdən çıxış yolu məqsədilə müzakirə"lər aparırlar.
Halonki Azərbaycana həsr olunmuş dinləmələri təşkil edənlər və ora qatılanlar ABŞ-Azərbaycan münasibətlərini maksimal dərəcədə sərinləşdirmək, problemlər yaratmaq istəyən adamlardır.
Problem elə bu adamların çıxışlarıdır ki, onlar hədəfi "vurmaq" üçün yenidən cəhdlərini korrektə etmək niyyətindədirlər.

Quyruq iti fırladanda...

Məşhur amerikalı yazıçı Larri Beynhartın 1997-ci ildə dərc olunmuş "An American Hero" romanı əsasında 2005-ci ildə çəkilmiş "Wag the Dog" ("Quyruq iti fırladanda") filminə tamaşa etməyinizi məsləhət bilirəm.

Ən azı, ona görə ki, ABŞ-dakı müəyyən siyasətçilər və ya "demokrat ruhlu insanlar" qrupunun hədəfə aldıqları ölkə ilə bağlı məlumatlar, müzakirələr, təhlillər - ümumiyyətlə, media və cəmiyyət üçün hesablanmış hər şeylə necə manipulyasiya etdiyinin fenomenal aktyor oyunu ilə izharını görərsiniz.
ABŞ-da prezident seçkiləri yaxınlaşır, prezident isə əxlaqsızlıqda suçlanır. İctimai rəy sorğuları prezidentin populyarlığının sürətlə azaldığını göstərir. Ağ Ev də kütlənin diqqətini bu biabırçılıqdan yayındırmaq üçün hərəkətə keçir.
Seçkilərə cəmi bir neçə gün qalıb və bu müddətdə hədəf tapılmalı, o vurulmalı, diqqət yayındırılmalıdır.
ABŞ prezidentinin müşaviri Konrad Brin (bu rolu Robert de Niro oynayıb) peşəkarın xidmətlərindən yararlanmaq fikrinə düşür və kinoprodüser Stenli Motssa (Dastin Hoffman) müraciət edir.
Motssa hədəf qismində Albaniya göstərilir: bu ölkədə insanlara divan tutulması, insan haqlarının pozulması barədə "hadisə yerindən reportaj" hazırlanmalıdır.
Bu "reportaj"ın çəkiliş prosesi filmdə cərrah dəqiqliyi ilə təsvir olunub.

Azərbaycanla bağlı dinləmələr də məhz belə manipulyasiyanın hazırlanması sayıla bilər.

Şübhə qalmasın ki...

Bakıda Eurovision mahnı müsabiqəsinin keçirilməsinə bir müddət qalmış ABŞ Senatında "Azərbaycanda insan haqları ilə bağlı dinləmələr" oldu.
Bakıda 1-ci Avropa Oyunları ərəfəsində yenə də həmin yerdə, həmin adda dinləmələr təşkil olundu.
İndi yenə yığışıb dinləyəcəklər.
Və Bakıda İslam Oyunlarının keçiriləcəyini nəzərə alsaq, şübhə qalmasın ki, yenə də bu dəstə bir araya gələrək dinləmələri gerçəkləşdirəcək.
Komediya təsiri bağışlaya bilər, amma belə deyil.

Dinləmələr mahiyyət etibarilə Azərbaycanda hakimiyyət əleyhinə fəaliyyət göstərən, iqtidarı mütləq şəkildə dəyişmək istəyən adamları maliyyələşdirən, onları idarə edən şəxslərin gördükləri işlər və alınmayan proseslər barədə hesabatlarıdır.
Üstüörtülü, gəlişigözəl ibarələr, demokratiya və insan haqları ilə bağlı gurultulu, şüarçılığı xatırladan ifadələrlə zəngin nitqlərin irad olunduğu, çıxışların söyləndiyi bir məclis.
Demokratiya, insan haqları qəliz məsələdir.
O qədər qəlizdir ki, günlərin birində Milli Məclisdə ABŞ-ın Liviya və İraqda dövlət çevrilişləri, sonra da işğallar taktikasını gerçəkləşdirməsi, Suriyada silah və pul payladığı "demokratik qüvvələr"in sonradan İŞİD-ə qatılmaları, Əfqanıstanda məxfi şəkildə kokain və heroin istehsalı ilə ixracına "bulaşması", Venesuelada qiyam hazırlaması, Somali və Sudanda minlərlə insanın ölümünə səbəb olması - əlqissə, daha nələrlə bağlı dinləmələr keçirilə bilər.
Və yainki ABŞ-dakı Aqua-Kalyente, Ak-Çin, Alleqeyni, Çiken Ranç, Yavapai-Presskott və daha onlarla hindu rezervasiyalarında Birləşmiş Ştatların yerli sakinlərin hüquqlarının o qanunların yazıldığı kağız qədər dəyərli tutulması məsələsini Azərbaycan parlamentinin binasındakı otaqlardan birinə yığışan siyasətçilərlə QHT mənsubları müzakirə edər, sabiq səfirlərimizdən biri də Tonkava və ya Vayandot rezervasiyalarında son bir ildə 142 nəfərin məhz siyasi baxışlarına görə həbs olunmalarını xatırladar.
Demokratiya deyilmi, cənablar?!

O adamlar...

Larri Beynhartın "An American Hero" romanında Konrad Brin Mərkəzi Kəşfiyyat İdarəsinin agentinə deyir: "Müharibəyə hazırsınız? Kiminlə savaşmaq fikriniz var? Adi müharibələrin vaxtı çoxdan keçib. Çağdaş müharibələr nüvə terrorizmi kimidir. Hədəfə aldığınız ölkədə oranın hakimiyyətindən narazı adamları tapırsınız, onlardan istifadə etməyə başlayırsınız. O adamların kimliyi, cinayətləri və yaxud qəhrəmanlıqları, əclaflıqları və ya şücaətləri, istəkləri və ya nifrətləri önəmli deyil. Təki özlərindən savayı hamıya nifrət etsinlər, hakimiyyət və ya pulu arzulasınlar. Əziz dostum, belələri ya hakimiyyəti arzulayır, ya pulu. Əslində ikisi də eyni məsələdir. Ölkəni vurmaq üçün yalanlara əl atın, ağlınıza gələn böhtanları atın - qoy qarşı tərəf daim yalanların yalan olduğunu sübut etməyə çalışsın. Qoy onlar müdafiə olunsunlar. Siz hücum edin, sürəkli ittiham edin. İnanın, o yaramaz insanlardan istifadə etsəniz, ayaqlarınızdan öpəcək o məxluqlar və dediklərinizi edəcəklər..."

Orxan Hun
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00