Belə bir zəmanətdən yalnız Yeni Azərbaycan Partiyası danışa bilər
27 Oktyabr 2015 14:53 Siyasət"Bir çox müşahidəçilərin fikrincə, son illər Azərbaycanda keçirilən bütün parlament seçkilərinin xarakterik xüsusiyyəti seçkilərdən sonra ajiotajın olmayacağı barədə proqnozların doğru çıxmasıdır. Bu, daha çox energetika sahəsində reallaşan strateji layihələr və neftin qiymətinin ucuzlaşması fonunda dövlətin gəlirlərinin yüksək sürətlə artması, həmçinin hakim partiyanın elektorat bazasının böyük ölçüdə möhkəmlənməsilə izah olunur". Secki-2015. az saytının xəbərinə görə, "Azərbaycan parlament seçkiləri ərəfəsində" mövzusunda Bakı ilə Moskva arasında keçirilən videokörpü zamanı "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə belə deyib. Onun sözlərinə görə, müxalifətin 2005-ci ildə məğlub olması, həmçinin 2003-cü il prezident seçkilərindəki məğlubiyyətilə əlaqədar olaraq revanş siyasətinin də səmərə verməməsi 2010-cu il seçkilərində hakim partiya təmsilçiləri və müstəqil namizədlər üçün parlamentə gəlmək o qədər də çətin olmadı. İlqar Vəlizadə qeyd edib ki, Azərbaycan xalqı qeyri-sabitlik və geniş yayılan inflyasiya illərini yaxşı xatırlayır. Hansı ki, ayın əvvəli bir məbləğdə, sonu isə fərqli, yəni daha az məbləğdə maaş olurdu. "Obyektiv yanaşsaq, hazırda hakim Yeni Azərbaycan Partiyası daha şanslı görünür. Növbəti devalvasiya ilə əlaqədar olaraq son aylar ölkədəki çətinliklərə baxmayaraq, əhəmiyyətli qızıl və xarici valyuta, həmçinin güclü tənzimləmə mexanizmləri əsasında istehlak qiymətlərinin və inflyasiyanın nəzarətdə saxlanması hakim komandaya davamlı resurslara ümidlə baxmağa imkan verir. Məsələ ondadır ki, o qədər də asan olmayan bir dövrdə əhalini sabitliyin və təhlükəsizliyinin təminatı daha çox maraqlandırır. Belə bir zəmanətdən isə yalnız təhlükəsizliyi təmin etməyi bacaran Yeni Azərbaycan Partiyası danışa bilər", -deyə İ.Vəlizadə fikrini yekunlaşdırıb.