“Seçki kampaniyası uğurla başa çatacaq”

"Azərbaycanda seçki prosesi əvvəlcədən planlaşdırılmış qaydada davam edir. Texniki və təşkilatı hazırlıqlar tam yerinə yetirilib. Mərkəzi Seçki Komissiyası və əlaqədar qurumlar üzərilərinə düşən vəzifələri yerinə yetirirlər . Artıq seçici siyahıları dəqiqləşdirilib, səsverənlərə seçki ilə əlaqədar bildiriş vərəqləri də paylanıb. Bütün bunlar onu deməyə əsas verir ki, seçki kampaniyası uğurla başa çatacaq". Bu fikirləri Seçki-2015.az saytına açıqlamasında siyasi şərhçi Tofiq Abbasov bildirib.

O, bəzi xarici dairələrin indidən seçkinin əhəmiyyətini azaltmaq istəməsinə, seçki prosesi barədə yanlış təsəvvür formalaşdırma cəhdlərinə də diqqət çəkib. Politoloqun sözlərinə görə, qeyri-sağlam mövqedən Azərbaycandakı seçkilərə münasibət bildirən dairələrin qayəsi ölkə daxilində xaos və hərc-mərclik yaratmaq, rəngli inqilab üçün şərait formalaşdırmaqdan ibarətdir: "Məkrli qüvvələrin çoxdankı arzusudur ki, Azərbaycanı xarici qüvvələrin qarşısında asılı vəziyyətə salsınlar. Onlar rəsmi Bakının müstəqil və səmərəli siyasətini qəbul etmədiklərinə görə, davamlı təxribatlara əl atırlar. Bu, yolverilməzdir və ölkənin siyasi rəhbərliyi, Prezident İlham Əliyev Azərbaycanın suveren hüquqlarını qorumaqda davam edir".

Tofiq Abbasov deyib ki, xaricdə qərar tutmuş demokratiya carçıları Azərbaycanın real problem və qayğılarını nəzərə almayıb süni problemlər üzərində səs-küy qaldırırlar: "Ermənistanın Azərbaycana qarşı törətdiyi işğalı, bir milyona qədər qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiə olunmasını, İrəvanın Bakıya qarşı yeni təhdidlərini, ərazi bütövlüyü kimi ağrılı məsələləri qulaq ardına vurub, lazımsız və qondarma problemlərə köklənirlər. İddialı və qərəzli xarici dairələr öz baxışlarını, siyasi prioritetlərini rəsmi Bakıya sırımağa çalışırlar. Belə cəhdlərin boşa çıxması onlarda qıcıq doğurur. Lakin bu işin heç bir səmərəsi olmayacaq".

Siyasi şərhçi bildirib ki, ölkə daxilindəki seçicilər xarici dairələrin qərəzli mövqelərinə, təxribat xarakterli çağırışlarına heç zaman əhəmiyyət verməyiblər: "Ötən seçki kampaniyasını yada salsaq görərik ki, onda da elə eyni siyasi fiqurlar Azərbaycana eyni böhtan və təzyiq taktikasını tətbiq etməyə çalışmışdılar. Lakin nəticədə heç nəyə nail ola bilmədilər. Seçici öz fikri və rəyi ilə Konstitusiya borcunu yerinə yetirdi. Zənn edirəm ki, bu dəfə də tarix təkrarlanacaq və V çağırış Milli Məclisə seçkilər uğurla başa çatacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00