Ölkəmiz dünyaya seçki nümunəsi göstərəcək
Azərbaycan parlament seçkilərinə tam hazırdır
27 Oktyabr 2015 14:09 SiyasətAzərbaycanda növbəti parlament seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Artıq qətiyyətlə demək olar ki, ölkə parlament seçkilərinə tam hazırdır. Birmənalı şəkildə söyləmək olar ki, seçki kampaniyasına start verildiyi gündən indiyə qədər qanunvericilikdə tələb olunan bütün tədbirlər vaxtında və yüksək səviyyədə icra olunur. Xüsusən ölkənin Mərkəzi Seçki Komissiyası öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Qurumdan verilən məlumata görə, budəfəki parlament seçkilərin bir sıra yeniliklərlə müşahidə olunacaq. Belə ki, seçkilərə hazırlıq işləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının Seçkilər İnformasiya Mərkəzində bir sıra yeniliklər tətbiq olunub: "Bütün seçki prosesinin mərhələləri çox uğurla başa çatıb. Bu günə kimi görülən işlər onu deməyə əsas verir ki, seçki günü də qanunun tələb etdiyi formada həyata keçiriləcək. Seçkilər İnformasiya Mərkəzi bütün bu proseslərə hazırdır ". Qurumun məlumatına görə, Seçkilər İnformasiya Mərkəzində informasiya sistemi əhəmiyyətli dərəcədə yenilənib. Dünyanın istənilən nöqtəsindən internetə çıxışı olan şəxs MSK-nın internet səhifəsinə daxil olmaqla səsvermənin gedişini canlı izləyə biləcək. Məlumat üçün qeyd edək ki, seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün seçki məntəqələrində veb kameralar quraşdırılıb. Sadalanan yeniliklərin tətbiqi deməyə əsas verir ki, Azərbaycanda seçki prosesləri mütəmadi olaraq təkmilləşdirilir və beynəlxalq standartlara uyğunlaşdırılır. Məqsəd isə ondan ibarətdir ki, seçkilər Azərbaycan xalqı, seçicisi tərəfindən müsbət qəbul olunsun, açıq, şəffaf, ədalətli keçirilsin. Məhz bundan ötrü hakimiyyət tərəfindən ölkədaxili sabitlik tam təmin edilib, namizədlər üçün bərabər şərait yaradılıb. Deputatlığa namizədlər isə sərbəst şəkildə öz sözünü deyə və təbliğatını apara bilirlər. Bunun nəticəsidir ki, ölkədə qarşıdurmaya rəvac verə biləcək siyasi gərginlik müşahidə olunmur. Baxmayaraq ki, 125 deputat yerinə 800-ə yaxın namizəd mübarizə aparır. Deputatlığa namizədlər bütün siyasi palitranı, Azərbaycanda bütün dini, etnik, əqidə daşıyıcılarını əhatə edir. Hazırda parlament seçkiləri ilə əlaqədar namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Bu isə ona dəlalət edir ki, ölkə daxilində demokratik seçki keçirmək üçün hər şey hazırdır. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda beynəlxalq standartlara uyğun seçki kampaniyası aparılır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda keçirilən beşinci çağırış Milli Məclis seçkilərinə beynəlxalq maraq kifayət qədər yeksək səviyyədədir. Təsadüfi deyil ki, ölkəmizdə baş tutacaq parlament seçkilərini 500-ə yaxın beynəlxalq müşahidəçi izləyəcək. Yerli müşahidəçilərin sayı 60 min nəfəri ötüb.Məlumat üçün bildirək ki, seçkiləri MDB, Avropa ökələrindən gələcək müşahidəçilər izləyəcək. Seçkiləri müşahidə edəcək beynəlxalq təşkilatların sayı 27-yə çatıb. Ölkəmizdə keçiriləcək siyasi proses Rusiyanın tanınmış TASS və "Ria Novosti", "Rosbalt" agentlikləri, "Arqumenti faktı", "Novaya vremya" nəşrləri, o cümlədən, "Lenta.ru" və "Vestnik Kavkaza" kimi xəbər portallarında işıqlandırılır və seçkilərlə bağlı məlumatlar yayılır. Baxmayaraq ki, bəzi antiAzərbaycan qüvvələr ölkəmizdə keçiriləcək parlament seçkilərinə xələl gətirmək məqsədilə ən çirkin niyyətlərə əl atırlar. Hətta seçkilərdən sonra təzyiq riçaqlarına sahib olmaq üçün süni şəkildə qarşıdurma yaratmaqdan belə çəkinmirlər. Buna ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qəsdən yaratdığı "müşahidəçi qalmaqalı"nı göstərmək olar. Lakin bütün beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycanın əleyhinə olan qüvvələr bilməlidir ki, parlament seçkiləri bizim xalqımızın iradəsindən asılı olan məsələdir. Onun şəffaf və demokratiklik meyarı hansısa beynəlxalq təşkilatın seçkiləri izləyib, izləməməsindən asılı deyil. Əsas odur ki, Azərbaycan xalqı istədiyi namizədə azad və sərbəst şəkildə səs vermək imkanına malikdir və bu hüququndan azad şəkildə istifadə edə bilir. Odur ki, Azərbaycana kənardan təzyiq edilməsi və bu təzyiqin qeyri-obyektivliyə söykənməsi hər kəsə aydın məsələdir. O da nəzərə alınmalıdır ki, Azərbaycana qarşı təzyiq cəhdləri seçkinin nəticələrinə təsir göstərə bilməz. Baxmayaraq ki, demokratiya və insan hüquqları kimi ali dəyərlər Azərbaycana təzyiq üçün bir vasitəyə çevrilib. Artıq Mərkəzi Seçki Komissiyasının seçki prosesinə töhfə verə biləcək təkmil texnologiya hazırladığı göz qabağındadır. Seçki texnoloqlarının qənaətinə görə, Azərbaycanda seçk kompaniyası yüksək səviyyədə həyata keçirilir. Bu isə o deməkdir ki, tam şəffaf və açıq keçirilən seçkilərdə seçicilər heç bir kənar təsir olmadan öz namizədlərinə səs verə biləcəklər. Onu da xatırladaq ki, Azərbaycan artıq bir sıra idarəetmə və seçki texnologiyası ilə brend ölkə kimi tanınıb. Tərəddüd etmədən demək olar ki, Azərbaycanda seçki təcrübəsi regional miqyasda ən yüksək standartlara cavab verir. Bu dəfə də Azərbaycan demokratik ənənələrinə uyğun olaraq seçkiləri ədalətli və şəffaf keçirərək dünyaya seçki nümunəsi göstərəcək.
Alim