Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana müşahidə missiyası göndərəcək
27 Oktyabr 2015 14:04 SiyasətTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün ölkəmizə müşahidə missiyası göndərəcək. Bu barədə Seçki-2015.az saytına açıqlamasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov məlumat verib. R.Həsənov bildirib ki, müşahidə missiyası 14 nəfərdən ibarətdir. Onun sözlərinə görə, missiya oktyabrın 28-də Azərbaycana gələcək. Səfər noyabrın 2-dək davam edəcək. "Müşahidə missiyasının rəhbəri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Ömər Kocamandır. Missiyaya Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ofisindən və Beynəlxalq Türk Akademiyasından nümayəndələr daxildir. Müşahidə missiyamız Bakıda və Gəncədə seçkilərin gedişini izləyəcək. Noyabrın 2-də missiyanın üzvləri seçkilərin yekunlarına dair mətbuat konfransı keçirib rəylərini açıqlayacaqlar",- deyə R.Həsənov vurgulayıb.