Rusiyalı politoloq: “Parlament seçkiləri bir çox məsələləri həll edəcək”

"Seçkilər" Media Mərkəzi -  "Noyabrın 1-də keçiriləcək parlament seçkiləri Azərbaycan rəhbərliyinin qarşısında duran bir çox məsələləri həll edəcək". Seçki-2015.az saytının məlumatına görə, rusiyalı politoloq, MDB Postsovet məkanının tədqiqi üzrə analitik-informasiya mərkəzinin direktor müavini Aleksandr Karavayev "Rossiyskaya qazeta"da dərc edilən  "Müasir güc olmaq və ya Yeni Azərbaycan Partiyası sabitlik və inkişaf faktoru kimi" sərlövhəli məqaləsində belə deyilir. Müəllif bildirir ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri nəticəsində Milli Məclisin tərkibi yenilənməklə yanaşı, "mühafizəkar demokratiya"nın Azərbaycan modelinin səmərəliliyi də təsdiqini tapmış olacaq. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu vaxta qədər keçirilən seçkilərdə qazandığı uğurlara toxunan rusiyalı politoloq qeyd edib ki, YAP-ın hazırda 700 min üzvü var və bu,  2010-cu il parlament seçkilərindəki seçicilərin 13,5 faizi deməkdi. "2010-cu ildə YAP parlamentdə 72 mandat qazanmışdısa, 2015-ci il seçkilərində  hakim partiyadan 117 namizəd mübarizə aparır". Azərbaycanda müxalifət institununun fəaliyyətinin kifayət qədər zəif olduğunu diqqətə çatdıran rusiyalı politoloq bildirir ki, destruktiv mövqe tutan Azərbaycan müxalifəti daha çox küçə qarşıdurmaları ilə siyasi fəallığını bərpa etməyə çalışır. "Müxalifət xarici güclərin köməyi ilə ölkədə təxribat törətmək və "ərəb baharı"na nail olmağa can atır", - deyə A.  Karavayev bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00