Ölkəmizdə demokratik seçki keçirmək üçün hər şey hazırdır

"Seçkilər" Media Mərkəzi - "Seçkilərə az qalmış müxalifətin mitinq keçirməsi və öz elektoratı ilə görüşərək sözlərini deyə bilmələri, Azərbaycanda bütün iddiaçılara bərabər şəraitin yaradıldığını göstərir". Bu fikirləri Seçki-2015.az saytına Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq  Mübariz Əhmədoğlu ölkədəki seçkiqabağı vəziyyətini şərh edərkən bildirib.

M. Əhmədoğlunun sözlərinə görə, ölkə daxilində seçkinin üç subyekti var. Aktiv subyekt - bu əhali, seçicilər, passiv subyekt, deputatlığa namizədlər, digər obyekt isə seçkini təşkil edən qurum - Mərkəzi Seçki Komissiyasıdır.

Politoloq söyləyib ki, hakimiyyət tərəfindən ölkədaxili sabitlik tam təmin edilib, deputatlığa  namizədlər isə öz sözünü deyə və təbliğatını apara bilirlər: "Hazırda ölkəmizdə parlament seçkiləri ilə əlaqədar namizədlərin təbliğat-təşviqat kampaniyası gedir, ölkədə siyasi gərginlik demək olar ki,  yoxdur.  Hamı öz işi ilə məşğuldur. 125 deputat yerinə 800-ə yaxın namizəd mübarizə aparır. Deputatlığa namizədlər bütün siyasi palitranı, Azərbaycanda bütün dini, etnik, əqidə daşıyıcılarını əhatə edir. Yəni ölkənin daxilində demokratik seçki  keçirmək üçün hər şey hazırdır. Azərbaycanda ümumiyyətlə seçki təcrübəsi regional miqyasda ən yüksək standartlara cavab verir. Məsələn, Ermənistanda seçki siyahısı hələ bu günə kimi açıqlanmır, internetdə yerləşdirilmir. Bunu guya ki, təhlükəsizliklə əlaqələndirirlər. Halbuki 2000-ci ildən Azərbaycanda siyahılara giriş tam təkmilləşdirilib. Ermənistanda isə hətta kamerası olan telefonlarla məntəqəyə gəlmək qadağandır. Bu mənada Azərbaycanla Ermənistan müqayisəyə gəlməz. Qaldı ki, ATƏT-in, digər beynəlxalq qurumların müşahidəçilərinə, həqiqətin gözünə dik baxmaq lazımdı. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) əvvəllər seçkiləri ona görə müşahidə edirdi ki, onların bəzi fiqurları burada guya ki, qanun pozuntuları qeydə alırdılar, sonra isə bundan istifadə etməyə cəhd göstərirdilər. Artıq onlar ifşa olunduqları üçün Azərbaycana  gəlməyin və müşahidə etməyin mənası qalmadığını düşünürlər.  Ermənistanla Azərbaycanın Seçki Məcəlləsini müqayisə etsək, bizdə bu məcəllə kifayət qədər demokratikdir. Halbuki ATƏT bu barədə həmişə susub. Hətta 2013-cü ildə  Ermənistandakı prezident seçkiləri ilə bağlı  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) bu günə qədər də yekun bəyanat hazırlaya bilməyib. Orada o qədər biabırçılıqlar qeydə alınıb ki, onları ört-basdır edə bilmirlər. Bu cür faktların sayını artırmaq da olardı, amma ehtiyac yoxdur, ona görə də həmin təşkilatların  Azərbaycana qərəzli münasibəti hamıya bəllidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00