MDB müşahidəçiləri seçki prosesini yüksək qiymətləndirir
27 Oktyabr 2015 09:50 Siyasət"Seçkilər" Media Mərkəzi - Belarus Dövlət Agentliyi (BELTA) Azərbaycanda parlament seçkilərini izləyəcək MDB müşahidəçilərinin seçkiöncəsi təəssüratları haqda məqalə yayımlayıb. Secki-2015.az saytı xəbər verir ki, məqalədə MDB-nin uzunmüddətli müşahidəçilərinin seçki komissiyalarının işi ilə tanış olduğu bildirilir: "MDB seçki müşahidə missiyasına Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan nümayəndələri, MDB Parlamentlərarası Assambleyası və MDB İcraiyyə Komitəsi daxildir. Seçkiləri izləyəcək müşahidəçilərdən savayı, hazırda Azərbaycanda olan 12 uzunmüddətli müşahidəçi seçki komissiyalarının işləri ilə tanış olurlar. Onlar Sumqayıt, Abşeron, Qəbələ və İsmayıllıda yerləşən komissiyalarda olublar. MDB müşahidəçiləri komissiyaların açıq və şəffaf fəaliyyət göstərdiyini qeyd edirlər. Komissiyalar qanunvericiliyə uyğun olaraq, zəruri avadanlıq, avtomobil, bələdçilər, müasir kommunikasiya vasitələri ilə təmin ediliblər. MDB müşahidə missiyasının qərargahı seçki prosesi haqda mərkəzi hakimiyyət orqanları ilə qarşılıqlı işləyir. Onlardan hər-hansı qanun pozuntusuna rast gəldikləri təqdirdə, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Mərkəzi Seçki Komissiyasına müraciət etmələri xahiş olunub".
Məqalədə qeyd olunur ki, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun Azərbaycan Prezidenti Administrasiyasının, Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri ilə vəziyyəti müzakirə edib.
"Görüşlər zamanı Azərbaycan tərəfi bildirib ki, ədalətli və şəffaf seçkilər üçün bütün lazımi şərait yaradılıb. Vladimir Qarkun da söyləyib ki, MDB müşahidəçiləri obyektiv şəkildə fəaliyət göstərir və seçki keçirən ölkənin qanunlarına riayət edir", - deyə məqalədə bildirilir.