Pul, gəlir, maaş: gələn il bizi nə gözləyir?

Prezident İlham Əliyevin siyasi iradəsi qlobal və regional təhlükələrin əhatəsində bizi bir daha digər böhranlarda olduğu kimi, yenə də çətinliklərdən çıxaracaq və neftin dünya bazar qiymətinin aşağı səviyyədə qalması təsirlərindən sığortalayacaq.

Bunu Milli.Az-a açıqlamasında son günlər ölkədəki iqtisadi prosesləri şərh edən iqtisadçı-ekspert Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, ölkəmizdə 50-dən bir qədər çox sahə üzrə 100-dən artıq lisenziya növü vardır ki, bu da neqativ haldır. Çünki liberal iqtisadiyyatlı ölkələrdə 10-dan artıq lisenziya növü yoxdur: "Yalnız ölkə əhalisinin qida təhlükəsizliyi, xüsusi dərman preparatlarının keyfiyyətini müəyyən edən sahələr üzrə lisenziyalar dünya təcrübəsində yer alır. Fərəhverici haldır ki, cənab prezident Nazirlər Kabinetinin müşavirəsində bu məsələyə toxundu və etiraf etmək lazım idi, prezidentin nitqinə qədər bu məsələ digər məsələlər qədər aktual deyildi".

Ekspertin fikrincə, aktuallığını daima qoruyan daha bir məsələ vergi və gömrük tənzimləmələri ilə bağlıdır: "Etiraf etmək lazımdır ki, bizdə vergi mədəniyyəti tam olaraq formalaşmayıb. Burada günahı müvafiq qurumlarda yox, sahibkarlarda görürəm. Çünki sahibkarlıq və biznes mühitindən istifadə edərək, xüsusilə bazar iqtisadiyyatı adı altında süni qiymət artımları edən, öz vergi bəyannamələrində düzgün qeydiyyat aparmayan sahibkarlar vergi orqanlarının onları incitdiklərini deyirlər. Halbuki həmin sahibkarlar heç özləri düzgün işlərlə məşğul olmur, artıq tamah sahibidirlər və daha çox mənfəət əldə etməyə çalışırlar. Lakin prezidentin göstərişləri ilə hər iki tərəfin hüquqlarının qorunması yolları araşdırıldı və müvafiq göstərişlər verildi. Vergi yoxlamaları istisna olmaqla bütün növ yoxlamaların 2 il müddətinə dayandırılması ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim edildi. Bundan əlavə, ilkin dövriyyəsi 120 min manatdan aşağı olan və sadələşdirilmiş vergi ödəyicilərinə müvəqqəti olaraq səyyar vergi yoxlamalarının aparılması dayandırıldı. Statistik göstəricilərə əsasən, bu addım 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək. Vergilər nazirliyinin 2015-ci ilin son 9 ayının statistik göstəricilərinə görə, dövlət büdcəsinə 5 milyard 94,2 milyon manat vəsait daxil olub ki, bu da proqnozun 100,5%-ə əməl edildiyini göstəririr. İqtisadiyyatın şaxələndirilməsini əsas vəzifə hesab edərək neft-qaz asılılığının azaldılması prosesi davam edir. Qeyri-neft sektoru üzrə vergi daxil olmaları 3 milyard 488 milyon manat, ümumi daxil olmaların 58,7%-nı  təşkil edir".

İqtisadçı bildirib ki, yoxlamaların müvəqqəti dayandırılmasından istifadə edərək bəzi sahibkarların sui-istifadəyə yol verməsi gözlənilən haldır. Dünya praktikasında bunun qarşısını almaq üçün vergi tənzimləmələrində və nizam-intizamın qorunması baxımından sahibkarlara yüksək cərimələr və sanksiyalar tətbiq olunur:

"Vergi mədəniyyətinin inkişafı və nizam-intizamın gücləndirilməsi baxımından parlamentdə müəyyən təkliflər irəli sürüldü. Təklifə əsasən, ticarət və ictimai-iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi hüquqpozmalarına yol verirsə, yüksək məbləğdə cərimə olunması nəzərdə tutulur. Birinci mərhələ 2000 manatdır ki, ötən illə müqayisədə 20% çoxdur. İkinci dəfə üçün isə 5 dəfə çox - 4000 manatadək tətbiq olunması  təklif olunur. Bütün bunlar iqtisadiyyatın tam liberallaşdırılması, qeyri-neft sektorunun inkişafı, ümumi daxili məhsulda qeyri-neft sektorundan gələn gəlirlərin daha çox faizə sahib olması, iqtisadi diversifikasiya və dövlət büdcəsinə vergidən daxil olmaların, xüsusilə qeyri-neft sektorundan daxil olan vergilərin artırılması üzrə ciddi addımlardır".

Ekspert hesab edir ki, ümumilikdə, bütün sektorlar üzrə elektronlaşma, avtomatlaşdırma sisteminin tətbiq olunması və lisenziyaların "ASAN xidmət"ə həvalə edilməsi sahibkarlara süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziayaları almaq imkanı verəcək, elektron lisenziya portalının yaradılması isə sahibkarlar üçün xüsusi razılıq, sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada alınmasını sürətləndirəcək.

İqtisadçı yaxın gələcək üçün bəzi proqnozlar verməkdən də çəkinməyib: "Aparılan son islahatlar nəticəsində dünyada baş verən böhran dövründə ölkəmiz iqtisadi inkişaf tempini saxlayacaq. Nəzərə almaq lazımdır ki, dünya bazarlarında enerji məhsullarının qiymətlərində yetərincə eniş var. Ölkə prezidenti regionlara səfərləri zamanı 2016-cı ilin bizim üçün çətin olacağını vurğuladı. Lakin buna rəğmən qeyd etdi ki, bunu Azərbaycan xalqı hiss etməyəcək. Beynəlxalq təşkilatların da proqnozu özündə ölkəmizin iqtisadi dayanıqlığını bir daha ehtiva edir. 2016-cı ildə 1,8% artım proqnozu hətta Avropa üçün də nəzərdə tutulan göstəricidən çox olacaq. Belə ki, enerji məhsullarının qiymətinin enməsində iqtisadi faktorla bərabər, siyasi amillər də var. Çünki insan haqlarından danışan, lakin demokratiya dəyərlərini anlamayan ölkələr öz məqsədlərini həyata keçirmək naminə bütün yollara əl atırlar. Ancaq ölkəmizdə dayanıqlı iqtisadi institutların olması, möhkəm və dövlətçilik maraqlarını daima ön planda saxlayan vətəndaş cəmiyyətlərinin mövcudluğu Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də tolerantlıq və dini dözümlülük kimi  sütunlarına düşmənlər tərəfindən zərbə endirilməsinə imkan verməyəcək. Bu baxımdan prezidentin siyasi iradəsi qlobal və regional təhlükələrin əhatəsində bizi bir daha digər böhranlarda olduğu kimi, yenə də çətinliklərdən çıxardacaq və neftin dünya bazar qiymətinin aşağı səviyyədə qalması təsirlərindən sığortalayacaq".

İlkin İzzət

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00