Seçki hüquqları ilə bağlı treninq keçirilib
23 Oktyabr 2015 16:55 SiyasətQarşıdan gələn 1 noyabr 2015-ci ildə ölkəmizdə keçiriləcək Parlament seçkiləri ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası ilə birgə Ombudsman Aparatında əməkdaşlar üçün seçki hüquqları mövzusunda treninq təşkil olunub. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdə çıxış edərək, qarşıdakı parlament seçkiləri ilə bağlı seçki hüquqlarının, o cümlədən seçmək və seçilmək hüquqlarının prioritet məsələ olduğunu, seçki hüquqları sahəsində MSK ilə səmərəli əməkdaşlığı, Müvəkkilin və əməkdaşlarının ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini mütəmadi olaraq müşahidəçi qismində izlədiyini, bu istiqamətdə kifayət qədər təcrübə qazanıldığını diqqətə çatdırıb. Ötən seçkilərdə olduğu kimi, Müvəkkilin və əməkdaşlarının qarşıdakı seçkiləri də müşahidəçi qismində izləyəcəyi diqqətə çatdırılıb. MSK Katibliyinin Treninq sektorunun müdiri Ramil Nəsrullayev qarşıdakı parlament seçkilərinin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini, Müvəkkilin seçki hüquqları sahəsində fəaliyyətini, Ombudsman təsisatının seçkilərin demokratik, ədalətli keçirilməsi prosesində iştirakını vurğulamış, monitorinqlərini yüksək dəyərləndirib, həmçinin seçki qanunvericiliyi və təcrübəsi ilə bağlı geniş məlumat verib. Habelə namizədlərin qeydiyyatı, beynəlxalq və yerli seçki təcrübəsi, seçki prosesinin daha da təkmilləşdirilməsi ilə əlaqədar qanunvericiliyə edilmiş son dəyişikliklər, səsvermə qaydası, yerli və beynəlxalq müşahidəçilərin hüquqi statusu, səlahiyyətləri, müşahidələrin aparılması prinsipləri və qaydaları, seçki komissiyalarının səlahiyyətləri, MSK tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib.