“Azərbaycanda bütün işsiz vətəndaşlar işlə təmin olunacaq”

Elçin Bayramlı: “Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün mümkün olan bütün addımlar atılır”

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən və parlamentdə təsdiq olunan "Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında" qanun çox strareji və sosial-iqtisadi əhəmiyyətə malik sənəddir". Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin sahibkarlıq sektorunda keçirdiyi islahatlar barədə "Olaylar"a danışan "Altay" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı belə deyib. E. Bayramlı bildirib ki, bu qanunun qeyri-neft sektorunun inkişafında güclü sıçrayışa səbəb olacağı şübhəsizdir: "Bu özünü gələn il ÜDM-in artımında, büdcə gəlirlərinin çoxalmasında, o cümlədən büdcə gəlirlərinin strukturunda qeyri-neft sektorunun payının artmasında, xeyli sayda yeni iş yerlərinin yaranmasında göstərəcək. Bu 2 il ərzində qeyri-neft sektoru ÜDM-də və büdcədə hətta 2/3 paya sahib ola bilər. Bu baxımdan bu sənəd qısa müddətdə ölkədə bütün sosial-iqtisadi problemlərə son qoya biləcək gücdə olan stateji sənəddir. Sözügedən qanun bu istiqamətdə yeganə sənəd deyil. Bu sənəd neftin ucuzlaşması fonunda atılan məcburi addım da deyil, çünki hələ neftin qiymətinin və neft gəlirləinin ən pik vaxtında dövlət başçısı qeyri-neft sektorunun inkişafının vacibliyini bildirib. Ona görə də bu sənəd qeyri-neft sektorunun dəstəklənməsi, sahibkarlığın inkişafı üçün son 10 ildə aparılan sistemli işin sadəcə əsas həlqələrindən biridir. Cənab Prezident hələ 11 il əvvəl Nazirlər Kabinetinin iclasında çıxış edərkən ölkə iqtisadiyyatının neftdən asılılığına son qoyulmasının əsas hədəf olduğunu qeyd edərək belə demişdi: "Neft faktoru ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq. Ancaq biz iqtisadi siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur- daha doğrusu, Azərbaycan neft ölkəsi deyil".

"10 il göstərdi ki, bunlar sadəcə söz deyildi"

Elçin Bayramlının sözlərinə görə, keçən 10 il göstərdi ki, bunlar sadəcə söz deyil. Bu müddətdə sahibkarlığın dəstəklənməsi üçün dövlət ardıcıl olaraq işlər həyata keçirib: "Sahibkarlara güzəştlər tətbiq edilib, bəzi sahələrdə vergilər ləğv edilib və ya azaldılıb, vahid pəncərə sistemi yaradılıb. Nəticədə, ölkədə on minlərlə yeni müəssisə açılıb, yüz minlərlə insan işlə təmin olunub, milyonlarla ton məhsul istehsal olunub. Bunun nəticəsidir ki, bu gün Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun payı 70%-ə çatıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları, sahibkarlığın dəstəklənməsi ilə bağlı qəbul olunan qanun və qərarlar, yerli istehsalın həcminin artıırlması üçün atılan addımlar buna gətirib çıxardı ki, qlobal maliyyə-iqtisadi böhranları zamanı Azərbaycan ciddi zərər çəkmədi. Hətta bu hökumətə imkan verdi ki, devalvasiya zamanı ölkədə qiymətlərin artması baş verməsin. Məhz qeyri-neft sektorunun bu həddə gəlib çatması neftdən gələn gəlirləin azalması fonunda dövlət büdcəsində kəsiri lazımi qədər kompensasiya edə bildi və məhz bunun nəticəsində başqa ölkələrdən fərqli olaraq Azərbaycan dövlət büdcəsində sosial xərcləri 1 manat da azaltmadı.

Bəs, bu qanunun qəbulundan sonra onun qüvvədə olacağı 2 il müddətində nə baş verəcək?

Elçin Bayramlı bu barədə olan proqnozlarını belə qeyd edib: "1. Mövcud sahibkarlıq subyektlərinin fəaliyyətini artırmasına stimul yaranacaq, onların qeyri-rəsmi xərcləri aradan qalxdığı şəraitdə istehsal sahəsini böyütməyə imkanları yaranacaq ki, bu da əlavə iş yerləri və əlavə məhsul istehsalı deməkdir; 2. Bir çox vətəndaşlar sahibkarlıq fəaliyyətinə meyillənəcək, yeni istehsal və xidmət obyektləri açacaq ki, bu yenə də yeni iş yerləri və əlavə məhsil istehsalı deməkdir; 3. Yeni istehsal və xidmət obyektlərinin açıılması, köhnələrin öz fəaliyyətini genişləndirməsi nəticəsində dövlət büdcəsinin gəlirləri xeyli artacaq, ölkədə mal bolluğu yaradacaq ki bu da həm qiymətlərin ucuzlaşmasına səbəb olacaq; 4. Yeni açılacaq yüz minlərlə iş yerində bütün işsiz vətəndaşlar işlə təmin olunacaq, onların əmək hüquqları qorunmuş olacaq, məşğulluğun artması kriminogen vəziyyətdən tutmuş sosial problemlərə qədər bütün sahələrdə öz müsbət təsirini göstərəcək; 5. Yerli istehsalın artması ölkəmizin ixracında qeyri-neft sektorunun payını artıracaq və son nəticədə neftin dünya bazarında istənilən qiyməti şəraitində belə Azərbaycanın ixrac həcmi azalmayacaq, strateji ehtiyatlar gələcək nəsillər üçün qorunub saxlanacaq".

"Prezidentin son islahatları inqilabidir"

Elçin Bayramlı qeyd edib ki, bu sahədə aparılan kompleks islahatlar nəticələrin gözləniləndən daha böyük olacağını deməyə əsas verir. "Misal üçün, lisenziyaların verilməsinin (eləcə də bəzi digər sənədləşdirmələrin) ASAN Xidmətə verilməsi, bəzi sahələrdə vergilərin ləğvi və yumşaldılması ilə bağlı Vergi Məcəlləsinə bu gün edilən mühüm dəyişikliklər və sair çoxsaylı addımlar onu deməyə əsas verir ki, tezliklə ölkənin sosial-iqtisadi mənzərəsi tamamilə dəyişəcək. Bu sahədə ən böyük addımlardan biri də Gömrük prosedurlarının sadələşdirilməsi və gömrükdən keçirilən rüsumsuz malların həcminin artırılmasıdır. Bununla bağlı cənab prezidentin dünən imzaladığı Fərman çox əhəmiyyətlidir. Vətəndaşların xarici ölkələrdən mal gətirməsi ilə bağlı çoxlu problemlər və narazılıqlar var idi. Bundan sonra xaricdən qayıdan hər kəs 10 min manat (müşayiət edilən hər azyaşlı uşağa görə daha 2 min manat) məbləğində malları gömrük rüsumu ödəmədən ölkəyə gətirə biləcək. Nəticədə ölkədə mal bolluğu yaranacaq, qiymətlər ucuzlaşacaq. Məsələn, xaricdən gətirilən 5 manatlıq malı ölkədə 10 manata satırlarsa, çoxları ondan almayacaq, yaxın xarici ölkəyə keçərək oradan 2 dəfə ucuz qiymətə alın gətirə biləcək", - deyə E. Bayramlı qeyd edib. QHT sədrinin sözlərinə görə, son islahatları inqilabi islahatlar kimi qiymətləndirmək olar: Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün mümkün olan bütün addımlar atılır. Dövlət başçısı bununla bağlı öz qəti siyasi iradəsini ortaya qoyub və Azərbaycan ardıcıl olaraq bu hədəfə doğru irəliləyir".

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00