“Azərbaycanın rahatlığı Rusiya - ABŞ münasibətlərindən asılıdır”
Erkin Qədirli: “Rusiyayla hesablaşmaq Rusiya kimi düşünmək anlamına gəlməməlidir”
23 Oktyabr 2015 15:08 Siyasət"Rusiyanın siyasətçiləri və ideoloqları ikiqütblü dünyanın dağılmasından nədən narahat olduqlarını anlamaq çətin deyil - adamlar hələ də imperial iddialarını sürdürür, özlərini Qərbə, xüsusilə ABŞ-a qarşı qoyur". Bu barədə "Real" Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli danışıb. "Sözüm onlara deyil. Bizim siyasətçilərimizin və siyasi şərhçilərimizin xeylisi nədən eyni münasibəti göstərir bu məsələyə? Əlbəttə, bir şeyi anlamaq vacibdir - ölkəmizin rahatlığı Rusiya - ABŞ münasibətlərindən çox asılıdır. Rusiyanın ABŞ-la münasibətləri yaxşı olanda, ölkəmiz nisbətən rahat ola bilir. Burası anlaşılır və buna da bir sözüm yox.Anlaşılmayan nəsnə başqadır - siyasətçilərimizin və siyasi şərhçilərimizin xeylisi ikiqütblü dünyanın dağılmasını mənfi proses kimi görür və göstərir. Niyə? Bu prosesin nəticəsində ölkəmizin müstəqillik qazandığını undurlar? İkiqütblü dünyanın dağılmasını mənfi proses hesab etmək, müstəqilliyimizə kölgə salmaq deməkdir. Rusiyayla hesablaşmaq Rusiya kimi düşünmək anlamına gəlməməlidir axı. İkiqütblü dünyanın dağılması nəticəsində Rusiyanın itkilərinə biz niyə şərik çıxmalıyıq? Rusiyanın itkilərindən biri elə bizim müstəqilliyimizdir.Azərbaycanı düşünməliyik", - deyə E. Qədirli qeyd edib. ("OLAYLAR" İA)