Müxalifət partiyaları niyə Əli Kərimlini dəstəkləməyəcəklər?
Bütün bloklarda müxalifət partiyalarının vahid namizədi ola bilməyəcən AXCP sədri sonda çıxış yolunu bu birlikləri dağıtmaqda görüb
23 Oktyabr 2015 14:10 SiyasətMüsavat başqanı Arif Hacılı AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin oktyabrın 18-də keçirdiyi Qurultayı tanımadığını açıqlaması ətrafında müzakirələr davam edir. Arif Hacılı və sabiq başqan İsa Qəmbərdən fərqli olaraq, Müsavatın gənclər qanadı AXCP kimi Razi Nurullayevin sədirlik etdiyi qurumu tanıyır. Bu isə partiya daxilində çat yaradıb. Paralel olaraq, Müsavatın Qurultayına etiraz olaraq partiyadan uzaqlaşan Qubad İbadoğlu cəbhəsindən də narazı cəbhəçilərin təşəbbüsünə loyal münasibət var. Q. İbadoğlunun liderliyindəki ADR Hərəkatının narazı cəbhəçilərə verdiyi virtual dəstək təsadüfi deyil. İbadoğlu tərəfdarları kimi Razi Nurullayev cəbhəsi də partiyadan rəhbərliyin qurumu diktatorial qaydalarla idarə edilməsinə etiraz olaraq çıxıblar. Lakin, Qubad İbadoğlu - Arif Hacılı qarşıdurmasından fərqli olaraq, Razi Nurullayev Əli Kərimliyə qarşı daha mütəşəkkil formada cəbhələşib. Q. İbadoğlu və R. Nurullayev arasındakı digər fərq isə, ikinci şəxsin birbaşa partiya adına iddia etməsidir. Düzdür, dolayı yolla ADR Hərəkatını Müsavat Partiyasının özü kimi qəbul etmək olar, lakin Qubad İbadoğlunun açıq formada belə bir iddiada olmadığı görünür.
Müsavat ssenarisi AXCP-də təkrarlanır
Arif Hacılının başqan postuna gətirilməsindən sonra Ellada Məmmədli, Hüseyn Məlik, Vurğun Eyyub, Tural Abbaslı və s. kimi məşhur simaların Qubad İbadoğlunun yanında yer almaları İsa Qəmbər - Arif Hacılı cəbhəsində böyük boşluq yaratdı və partiyanı parçaladı. İndi həmin proseslər Əli Kərimli cəbhəsində baş verir. Əli Kərimlinin rəhbərlik etdiyi "Yurd" İctimai Birliyinin tanınmış simalarından fərqli olaraq, Əbülfəz Elçibəyin əqidədaşlarının narazı cəbhəçilərə verdiyi dəstək 15 illik sədrə böyük zərbə vurdu. Müxalifətin radikal qanadını təmsil edən bir sıra partiyaların AXCP təmsilçiliyinin narazı cəbhəçilərə verilməsinin Ədliyyə Nazirliyinin vəzifəsi olduğunu bildirmələri, birbaşa AXCP EQTK-a olan dəstək kimi qəbul edilməlidir. Bu onun ifadəsidir ki, nazirlik AXCP təmsilçiyini Razi Nurullayev və tərəfdarlarına verəcəyi halda həmin partiyalar Razi Nurullayevin sədri olduğu qurumun - AXCP-nin legitimliyini tanıyacaqlar. Bu isə, birbaşa Əli Kərimlinin Azərbaycan müxalifətindən gedişini təsdiqləyəcək. Bundan sonra onun yeni partiya yaradaraq Xalq Cəbhəsi adına iddia etməsi sonrakı mərhələnin işi olacaq. Razi Nurullayevin AXCP daxilində başlatdığı prosesdən sonra Əli Kərimlini tərk edənlərin sayının çoxluğunu nəzərə alsaq, sədrin bu mərhələdə uğur əldə edəcəyi inandırıcı görünmür.
Müxalifət partiyaları niyə Əli Kərimlini dəstəkləməyəcəklər?
Müxalifət partiyalarının partiyanın Əli Kərimlinin əlindən alınmasına loyal münasibət bildirmələri təsadüfi deyil. Bu şəxs 1993-cü ildən bu yana müxalifətin keçirilən bütün növ seçkilərdə yaratdığı birlikləri dağıdan "zirehli maşın" rolunu oynayıb. Ard-arda "Azadlıq", "Bizim Azərbaycan", "İctimai Palata" və son olaraq "Milli Şura" adlı blokların seçkilərə yekdil fikirlə gedə bilməməsində birbaşa məsuliyyəti Əli Kərimli məsuliyyət daşıyır. Bütün bloklarda müxalifət partiyalarının vahid namizədi ola bilməyəcən AXCP sədri sonda çıxış yolunu qurumların qəbul edə bilməyəcəyi təklifləri irəli sürməklə blokları dağıtmaqda görüb. Bu, Əli Kərimlinin ambisiyasını, fərqli fikirlərə dözümsüzlüyünü və ambisiyasının hansı dərəcədə şişik olmasını sübut edir. Odur ki, narazı cəbhəçilər belə bir adamın Azərbaycan müxalifəti üçün zərərini görərək, onun müxalifət düşərgəsindən uzaqlaşdırılmasına çox yaxındırlar. Bu proses baş verəcəksə, legitim əsas daşıyacaq. Əli Kərimlinin bu mərhələdə partiyanın əlindən alınmasının hakimiyyətin sifarişi olduğunu iddia edə bilməyəcək. Çünki, onu hakimiyyət yox, üzərində oturub kəsdiyi budaqlar vurur.
Ömər Zamin