Hansı yoxlamalar qanuni hesab olunur?
Yoxlamalar aparılan zaman sahibkarlar nələri bilməlidir?
21 Oktyabr 2015 14:12 SiyasətPrezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə təqdim etdiyi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun qəbul edildi. Yeni qanuna əsasən yoxlamaların dayandırılması noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulur. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Məlumat üçün qeyd edək ki, artıq bir sıra nazirlik və komitələr sahibkarlığın yoxlanması ilə bağlı fəaliyyətlərinı dayandırdıqlarını bəyan ediblər. İqtisadi inkişaf , Vergilər nazirlikləri, eləcə də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi kimi yoxlayıcı qurumlar bu istiqamətdə fəaliyyətlərini dondurduqlarını bəyan ediblər. İqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, yoxlamaların dayandırılması barədə qərar həqiqətən tarixi və inqilabi islahatlardır, qanunsuz yoxlamalar aparılmamalıdır: "Sahibkarlığın inkişafı qeyri-neft sektorunun aparıcı qüvvəsidir. Bu baxımdan cənab prezident tərəfindən sahibkarlığın inkişafı və biznes mühitini daha da yaxşılaşdırmaq istiqamətində növbəti addımlar atılıb. Azərbaycan prezidenti sahibkarlığın inkişafına böyük diqqətlə yanaşıb. Onun sözləri ilə desəm, ölkənin inkişafı sahibkarlığın inkişafı ilə birbaşa bağlıdır". Nazir deyib ki, sənədin mahiyyəti sahibkarlıq subyektlərində bu ilin noyabr ayının 1-dən aparılan yoxlamaların dayandırılmasıdır: "Yəni ölkə başçısı tərəfindən noyabrın 1-dən sonra 2 il müddətində sahibkarlıq subyektlərində yoxlamalar dayandırılacaq. İkincisi isə xüsusi lisenziya verilən sahəyə dair prezident tərəfidnən müvafiq fərman imzalanıb. Bu fərmana uyğun olaraq, bütün xüsusi lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN Xidmət" mərkəzləri vasitəsilə veriləcək. Eyni zamanda, cənab prezident tərəfindən göstəriş verilib ki, 1 ay ərzində lisenziyanın verilməsi qaydası sadələşdirilsin. Bu sahədə həm də lisenziyaların sayı kəskin azalacaq". O, əlavə edib ki, İqtisadiyyat və Sənaye Nazirliyində "qaynar xətt" yaradılıb. Mən bir daha bütün sahibkarlara müraciət edirəm ki, qanunsuz yoxlamalarla bağlı nazirliyin "qaynar xətt"inə müraciət etsinlər". Maraqlıdır, bəs sahibkarlar onların fəaliyyəti ilə bağlı yoxlamalar aparılan zaman nələri bilməlidir? Hansı hallarda yoxlamalar qanuni hesab edilir? Dövlət orqanlarının yoxlamanı təşkil etməsi üçün üzərinə hansı vəzifələr düşür? Yoxlamanın qanuni olmasını araşdırmaq üçün sahibkarlar nəyi bilməlidirlər?
***
Məlumat üçün qeyd edək ki, hazırda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvədədir. Bu Qanun Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Belə ki, sahibkarların fəaliyyəti ilə bağlı yoxlamalar yalnız bu sözügedən qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.
Bu qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların heç bir hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Çünki yoxlamaların məqsədi bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Yoxlayıcı orqanın səlahiyyətləri isə ölkə qanunları və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktları ilə müəyyən edilir. Belə ki, yoxlamaların təşkili və aparılması ilə bağlı yoxlayıcı orqan tərəfindən normativ hüquqi aktların qəbul edilməsinə yol verilmir. Yoxlayıcı orqanların və onların nəzarət sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Yoxlayıcının səlahiyyətləri isə qanunvericilikdə müəyyən olunmuş səlahiyyətlərlə məhdudlaşır. Yoxlayıcılara yoxlamanın aparılmasından başqa digər səlahiyyətlər, o cümlədən sahibkarın fəaliyyətinin məhdudlaşdırılması, yoxlama materiallarına baxılması və nəticələri üzrə qərarın qəbul edilməsi, məsuliyyət tədbirlərinin tətbiqi, cərimələrin toplanması səlahiyyətləri verilə bilməz. Yoxlayıcı təmsil etdiyi yoxlayıcı orqanın nəzarət sahəsinə aid olmayan məsələləri yoxlaya və həmin məsələlərlə bağlı materiallarla tanış ola bilməz.
***
Qeyd edək ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun 3.2-ci maddəsində birbaşa göstərilir ki, yoxlamaların vahid reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişatında aşkar edilmiş nöqsanlarla bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qeyd olunan bu maddənin tələblərinə əsaslanaraq bütün sahibkarlıq subyektlərinə (hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkar nəzərdə tutulur) tövsiyə edilir ki, hər hansı bir dövlət orqanından, o cümlədən, vergi orqanlarından onların fəaliyyətini həyata keçirdikləri yerlərə yoxlama gələrkən, o cümlədən araşdırmalar, müayinələr, təftişlər, nəzarətlər, xronometrojlar, qeydlər, baxışlar və bu cür tədbirlər həyata keçirilərkən) mütləq şəkildə yoxlamanın və yuxarıda sadalanan digər tədbirlərin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna və bu qanun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinə uyğunluğunu, o cümlədən, yoxlamanın vahid məlumat reyestrində qeydə alınmasını araşdırsınlar: Yalnız bundan sonra yoxlamanın aparılmasına razılıq verməklə şərait yaratsınlar. Əgər yoxlamanın aparılması yuxarıda göstərilən tələblərə uyğun deyildirsə, onlara yoxlama aparmağa icazə verməməklə yanaşı, yoxlayıcı orqanın hərəkətlərindən bu Qanunun 34-cü maddəsinə əsasən yoxlayıcıların yuxarı orqanına şikayət versinlər. Bəs, yoxlamanın qanuniliyini necə araşdırmaq olar? Yoxlamaların vahid məlumat reyestri nədir və onu hansı orqan aparır? Qeyd edək ki, bunun üçün sahibkar ilk növbədə yoxlamanın vahid məlumat reyestrində qeydə alınmasına baxmalıdır. Qanunun 13-cü maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövrülüyü, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumat əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 28.08.2013-cü tarixli Fərmanına əsasən yoxlamaların vahid reyestri və reyestrin forması və aparılması qaydasının təsdiq olunması Azərbaycan Respublikası Prezindenti tərəfindən həyata keçirilir. Yoxlamaların aparılmasının dövrülüyü, ardıcılığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsini araşdırmaqla yanaşı sahibkar yoxlamanın məqsəd və prinsiplərinə baxmalıdır.
Alim