Azərbaycan reallığını əks etdirən sorğular
21 Oktyabr 2015 13:52 SiyasətAzərbaycanda parlament seçkilərinin vaxtı yaxınlaşdıqca istər yerli, istərsə də beynəlxalq səviyyəli araşdırma və sorğu mərkəzləri ölkədəki seçkiqabağı mühiti təhlil edir, müxtəlif sosioloji sorğular keçirməklə mövcud vəziyyəti dəyərləndirirlər. Bir neçə gün əvvəl Birləşmiş Ştatların tanınmış sorğu firması "Arthur J. Finkelstein & Associates"in ardınca Fransanın "Opinionway" Yenilikçi Araşdırma Şirkəti də Azəbaycandakı seçkiqabağı vəziyyət, cəmiyyətin seçkilərə, o cümlədən mövcud hakimiyyətə münasibətini öyrənmək məqsədilə rəy sorğusu keçirib. Fransanın "Opinionway" yenilikçi araşdırma şirkətinin sorğusunun nəticələri demək olar ki, ABŞ-ın "Arthur J. Finkelstein & Associates" sorğu firmasının sorğusunun nəticələrinə yaxındır. Sorğunun nəticələrindən məlum olur ki, əhalinin 63 faizi parlament seçkilərində iştirak edəcək. Həmçinin respondentlərin böyük əksəriyyəti hakimiyyətlə xalq arasında münasibətlərin möhkəm olduğunu, xalqın hakimiyyətə böyük etimad göstərdiyini ifadə edib. Ümumilikdə sorğu Azərbaycan vətəndaşı olan yetkinlik yaşına çatmış 1200 nəfər arasında aparılıb. Sorğuda diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, respondentlərin 78,8 faizi Azərbaycan prezidentindən, onun öz vəzifələrini idarə etməsindən razılığını bildirib. Səsvermə gününə qədər daha bir neçə beynəlxalq sorğu mərkəzinin Azərbaycandakı seçkiqabağı mühiti təhlil edən və mövcud hakimiyyətə olan münasibəti öyrənən sorğular keçirəcəyi istisna edilmir. Şübhə edilmir ki, həmin sorğuların nəticələri də ABŞ və Fransa şirkətlərinin sorğularına yaxın olacaq. Çünki Azərbaycandakı real vəziyyət bundan ibarətdir. Azərbaycan hakimiyyətinin buna necə nail olduğu, dövlət başçısının xalqın etimadını necə qazandığını detalları ilə anlatmaq o qədər də vacib deyil. Nədən ki, hər şey göz qabağındadır. İstər hakimiyyətin əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlar, istərsə də prezident-xalq həmrəyliyi bunun bariz nümunəsidir. Burada bir məqamı da qeyd etmək yerinə düşər ki, əvvəlki seçki illərində keçirilən müxtəlif sosioloji sorğularda da son sorğuların nəticələrinə oxşar nəticələr açıqlanmışdı. Həmin illərdə keçirilən rəy sorğularında da Azərbaycan cəmiyyətinin öz prezidentinə inamı 70-80 faiz həddində müəyyən edilmişdi. Lakin burada diqqət çəkən başlıca amillərdən biri ondan ibarətdir ki, qərəzli yanaşmalar, qeyri-obyektiv mövqelərə rəğmən Qərbin, Avropanın sosioloji xidmətləri üçün Azərbaycan xalqının rəyinin öyrənilməsi böyük əhəmiyyətə malikdir. Bu kimi soğrular Azərbaycanla ABŞ və Qərbi Avropa ölkələri arasında yaranmış müəyyən problemlərin həlli üçün də vacibdir. Çünki Birləşmiş Ştatlar və Qərb hər hansı bir ölkə ilə bağlı planlarını işə salarkən ilk növbədə bu kimi sosioloji sorğular vasitəsilə cəmiyyətin hakimiyyətə olan münasibətini öyrənir. Əgər cəmiyyətin hakimiyyətdən, dövlət başçısından razılığı minimum səviyyədə olursa beynəlxalq güclər dərhal hərəkətə keçərək həmin ölkədə öz maraqlarının təminatı üçün müəyyən addımlar atırlar. Hətta həmin addımlar hakimiyyət dəyişikliyinə qədər gəlib çıxır. Yanukoviçin devrilməsindən əvvəl beynəlxalq sorğu mərkəzlərinin Ukraynada keçirdiyi sorğular və əldə edilən nəticənin timsalında bunu görmək mümkündür. Həmçinin Misir, Yəmən, Liviyada da hakimiyyət dəyişikliklərindən əvvəl keçirilən soğrularda cəmiyyətin hakimiyyətdən narazılığı ifadə olunurdu. Nəticə etibarilə sözügedən ölkələrlə bağlı Qərb, Birləşmiş Ştatlar öz maraqlarına xidmət edən addımlar ataraq hakimiyyət çevrilişinə rəvac verdilər. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir və xalqın hakimiyyətdən razılığı açıq şəkildə özünü büruzə verir. Ona görə də güman etmək olar ki, bu kimi sosioloji sorğuların nəticələri Qərb liderlərinin Azərbaycana münasibətdə subyektivlikdən uzaqlaşmasına və Azərbaycana daha obyektiv münasibət bəsləməsinə şərait yaradacaq.
Siyasi şərhçi Arzu Nağıyev deyir ki, statistik rəqəmlər və rəy sorğularının nəticələri Azərbaycana qarşı qarayaxma kampaniyası aparan beynəlxalq təşkilatlara ünvanlanan sərt mesajdır: "Təbii ki, bütün dünyada olduğu kimi, bu gün Azərbaycanda da çətinliklər mövcuddur. Ölkədə erməni təcavüzü nəticəsində silahlı münaqişə, müharibə şəraiti hökm sürür. Lakin həyat bütün istiqamətlərdə öz axarı ilə davam edir. Təbii ki, bu hamını razı sala bilməz. Kimsə ölkənin xaosa sürüklənməsini istəyir ki, öz çirkin əməllərini həyata keçirsin, kimsə siyasi dividend qazanmaq üçün Qərbin bəzi dairələrinin fikirlərini bizə sırımağa çalışır. Başqa biriləri isə Azərbaycanı ərəb dövlətlərində baş verənlərə eyni hala salınmsını arzulayır. Lakin bütün bunlara baxmayarq, Azərbaycan öz siyasətini yürüdür və bu, ən düzgün yoldur. Məhz bunu görən bir sıra beynəlxalq təşkilatlar öz qısqanclıqlarını göstərir. Ancaq istəklərinə nail ola bilmirlər. Çünki bizim tutduğumuz yol düzgün yoldur". Arzu Nağıyev bildirib ki, xalqın hakimiyyəti dəstəkləməsi müsbət bir hal kimi qiymətləndirilməli və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlıiyevin bu istiqamətdə apardığı siyasət alqışlanmalıdır: "Xalq Prezidentlə birdir. Məhz bu istiqamətdə aparılan siyasət öz bəhrəsini verməkdədir. Balans artıq xarici və daxili siyasətdə Azərbaycanın xeyrinə nəzərəcarpacaq dərəcədə dəyişib. Məhz buna görə də rəyi soruşulanların mütləq əksəriyyəti Prezident İlham Əliyevin işini müsbət qiymətləndirir".
Süleyman İsmayılbəyli