Mübariz Əhmədoğlu: “Azərbaycan müharibəyə tərəf gedir”
20 Oktyabr 2015 15:56 Siyasət"Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi aydındır. Azərbaycan Ermənilərə inanmır, həmsədrlər normal vasitəçilik eləmək qabiliyyətinə malik deyillər, Azərbaycan həmsədrlərə də inanmır. Azərbaycan öz yolu ilə gedir, yəni Azərbaycan müharibəyə tərəf gedir. Bunun bir adı var və bu müharibəyə doğru getməkdir". Bu fikirləri Azadinform-a açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. O, hesab edir ki, Azərbaycan artıq diplomatiyaya ümidini itirib, ona görə hərbi yolu seçib: "Əgər fikir vermisinizsə silahlanmaya, orduya ayrılan vəsait azalmır əksinə artır. Və artıq qumbara atanlar mina atanlar deyil, həm də raketlərdən də istifadə olunur. Eləcə də Azərbaycan oturub tədricən o atdığı addımlara xarici dövlətlərdən gələn reaksiyaları izləyir. Bütün bu baş verənlərin ağıllı təhlili prosesi gedir, o təhlildən də lazım nəticələr çıxarılacaq, həm hərbiçilərimizin gördüyü işin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində, o cümlədən siyasi və geosiyasi təhlillər aparılacaq. Ondan sonra növbəti mərhələ başlayacaq".