Sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldı
Özəl sektor 2 il yoxlamalardan azad edildi
20 Oktyabr 2015 15:49 SiyasətOktyabrın 20-də Milli Məclisin indiki tərkibdə payız sessiyasının sonuncu plenar iclası keçirilib. Spiker Oqtay Əsədov diqqətə çatdırıb ki, büdcə layihəsinin müzakirəsi zamanı deputatlar tərəfindən səslənən təkliflərin nəzərdən keçirilməsi məqsədilə hökumətə bir həftə vaxt verrilib və bu müddətdə hökumət qərarını açıqlayacaq. Layihə barədə məlumat verən maliyyə naziri Samir Şərifov deyib ki, 2016-cı ilin dövlət büdcəsi və icmal büdcə parlamentin müzakirələri zamanı deputatlar bir sıra məsələləri qaldırıblar. Qaldırılan məsələlərin bir çoxu sosial sahəni əhatə edib. Bir sıra təkliflər isə maliyyə xərcləri ilə bağlıdır: "Qeyd edim ki, məcburi köçkünlərin həyat səviyyəsini yaxşılaşdırmaq üçün prezidentin tövsiyyəsi ilə 50 milyon manat ayrlacaq. Vergilər Məcəlləsinə dəyişikliklər plenar iclasda müzakirəyə çıxarılacaq. Dəyişikliklər 500 mindən çox muzdla işləyən şəxslərin gəlirlərinin 3-9 faiz artmasına xidmət edəcək. Həmçinin kiçik sahibkarlığın inkişafına əlavə imkanlar yaradacaq. Bütün bunlarla yanaşı sahibkarlıq fəaliyyəti üçün lazınm olan lisenziyaların sayının mümkün qədər azaldılması və elektronlaşdırılması baş verəcək. Bu prezidentin sahibkarlıq subyektlərinə dəstəyinin göstəricisidir. Əminliklə qeyd edirəm ki, 2016-cı dövlət büdcəsinin parlament tərəfindən qəbulu prezidentin müəyyən etdiyi kursun növbəti ildə davam etdirilməsi üçün təminat yaradacaq. Qanunun qəbulu ölkəmizin iqtisadi və siyasi sabitliyinin davamlı olması ilə yanaşı, ölkəmizin maraqlarının qorunmasına xidmət edəcək". "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi səsverməyə qoyularaq qəbul edilib. Daha sonra deputatlar "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" qanunun layihəsini müzakirə edib. Komitə sədri Hadı Rəcəbli deyib ki, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin gəlirləri 3 milyard 78,6 milyon manat nəzərdə tutulur. Bu göstərici cari illə müqayisədə 0,7 faiz çoxdur. Onun sözlərinə görə, 2016-cı ildə fondun gəlirləri ilə xərcləri üst-üstə düşür. Gələn ildə pensiyaçılara olunacaq ödəmələrə 2 milyard 923 milyon 588 min manat vəsait ayrılıb. Dövlət büdcəsindən DSNF-yə transferrin həcmi dəyişdirilmir, cari ildəki kimi qalıb". Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib ki, prezident son müşavirə zamanı deyib ki, vergi mədəniyyətinin yaradılması, qeyri-neft sektorunun inkişafı vacib məsələdir. Cənab prezidentin təşəbbüsü ilə parlamentə təqdim edilən qanun layuhəsində Vergi Məcəlləsinə 25 dəyişiklik təklif edilir. Bundan başqa, dəyişikliklərdə ali təhsil haqqının əlavə dəyər vergisindən azad edilməsi, fiziki şəxslər üçün 14 faizlik vergi həddinin aylıq, 2000 manatdan 2500 manatadək artırılması, aylıq gəlirin 2500 manatdan yuxarı olan hissəsindən tutulan gəlir vergisinin isə 30 faizdən 25 faizədək azaldılması nəzərdə tutulub. Ziyad Səmədzadə bildirib ki, dəyişikliklərə əsasən, idman mərc oyunlarında əldə edilən gəlirlərə vergi tətbiq olunacaq. Komitə sədri qeyd edib ki, bu sahənin inkişafı və stimullaşdırılması ilə əlaqədar olaraq ölkə başçısının sərəncamı ilə idman mərc oyunlarında əldə olunan gəlirlər vergidən azad edilib: "Ancaq son üç ildə bu sahə xeyli inkişaf edib və gəlirlər əldə edilir. Ona görə də bu sahədən gələn gəlirlərdən vergi tutulması nəzərdə tutulur. İdman mərc oyunlarından əldə edilən gəlirlərdən 10 faiz həcmində vergi tutulacaq. Qanun layihəsində bina tikintisi ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi də nəzərdə tutulur ki, həmin vergini ödəyən hüquqi şəxslər əlavə dəyər vergisinin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə əlavə dəyər vergisinin və gəlir vergisinin ödənilməsindən azad edilirlər. Layihəyə əsasən həmin fəaliyyətlə məşğul olan şəxslər tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 45 manat zona əmsalları tətbiq edilməklə sadələşdirilmiş vergini hesablayıb dövlət büdcəsinə ödəyəcəklər. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqlarını istifadə etmədikləri halda təməl işlərinə başlanılmış binaların və təqdim edilmiş tikinti sahələrindən asılı olmayaraq əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınırlar. Bu halda təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisi və maliyyə nəticələrindən asılı olaraq vergi ilinin yekunlarına görə mənfəət vergisi ödənilir. Nəticədə tikintisi başa çatmamış binalar üzrə sadələşdirilmiş vergi ödənilmədiyindən maliyyə vəsaiti vergi ödəyicisinin sərəncamında qalmaqla bu sektorun inkişafına müsbət təsir göstərəcək". Z.Səmədzadə bildirib ki, qanun layihəsində daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması da nəzərdə tutulub: "Məlum olduğu kimi Vergilər Məcəlləsinin qüvvədə olan müddəsasına əsasən mənzillərin və digər daşınmaz əmlakların təqdim edilməsindən əldə olunan gəlir vergiyə cəlb olunur. Təqdim edilən belə daşınmaz əmlakların alınmasına, tikilməsinə, təmirinə çəkilən xərclər təsdiq edilən sənədlərin bir çox hallarda olmaması bu gəlirlərdən vergi tutulmasında çətinlik yaradırdı. Qeyd olunanları nəzərə alaraq mülkiyyətində olan, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərin sadələşdirilmiş vergi ödəyicilərinə aid edilməsi bu sahələrin təqdim edilməsi, satılması üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması və müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi ilə bağlı müddəalar qanun layihəsinə daxil edilib. Həmin dəyişiklər mənzillərin və digər daşınmaz əmlakın təqdim edilməsindən gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən bəyannamələrin vergi orqanına təqdim edilməsini aradan qaldırmaqla inzibatçılığı sadələşdirir. Bununla yanaşı, qanun layihəsində fiziki şəxslərin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsinin ödəmə mənbəyində vergidən azad edilməsi nəzərdə tutulur. Yəni fiziki şəxs 5 il müəddətində yaşadığı evdə qeydiyyatdadırsa, həmin ev satıldıqda ondan heç bir vergi tutulmayacaq". Daha sonra "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsidir. Bu qanun layihəsi parlamentə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olub. Layihə 4 maddədən ibarətdir. Layihədə qeyd edilib ki, yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulur. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev deyib ki, neftin qiymətinin dünya bazarında aşağı düşdüyü dövrdə hökumətin büdcə gəlirlərinin artırmaq üçün atdığı addımlar anlaşılandır. Ancaq neftin qiyməti nə qədər aşağı düşsə də, bu gəlirli sahə olaraq qalır. Neftin dənizdən çıxarılması əgər 7-8 dollara başa gəlirsə, burda 20-24 dollar arasında dəyişir. Azərbaycan nefti isə dünya bazarında 50 dollara satılır. Belə olan təqdirdə 164.1 maddə də qeyd edilir ki, ixrac məqsədilə neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar müvafiq icra hakimiyyəti orqanı tərəfində ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasından idxal olunan avadanlıq və materialların təsdiq edilən siyahısı müvafiq gömrük orqanlarına təqdim edildikdə vergidən azad edilir: "Mənə maraqlıdır, niyə? Mən anlayıram ki, biz vaxtı ilə əsrin müqaviləsi imzalananda, ondan sonrakı dönəmdə in Azərbaycana investisiya cəlb etmək məqsədilə xarici şirkətlərlə müqavilələr imzalamışıq. Və bu zaman da güzəştlər nəzərdə tutulub. Hesab edirəm bu şirkətlər rentabelli və gəlirli sahələrdə işləyirlər. Belə olan halda biz niyə bu şirkətləri azad etməliyik. Mən hesab edirəm ki, bu maddə dəyişiklikdən çıxarılmalıdır". Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, dəyişikliklərdə əsas məqsəd xarici şirkətlər deyil, Azərbaycanda fəaliyyət göstərən və buradakı işləri görən şirkətlər tenderlerdə qalib gəlsin və oradan azərbaycana vəsait gəlsin: "Burada digər bir qazancımız Azərbaycan vətəndaşlarının iş yeri qazanmasıdır". Parlamentdə həmçinin "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanununda dəyişiklik edilib. Bu haqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Komitə sədri qeyd edib ki, Cinayət yolu ildə həldə olunan pul maliyyəsinin leqallaşdırılması və terrorla bağlı istifadə olunmasına dair qanun layihəsi parlamentdə hazırlanıb: "Bu illər ərzində Azərbaycan bir çox ölkələrdən fərqli olaraq çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı aktiv fəaliyyət göstərib. Hətta bununla bağlı Milli Bankın yanında xüsusi qurumda fəaliyyət göstərir. Hazırda qanuna iki dəyişikliklər təqdim edilir. Bu dəyişikliklər müasir dövrdə çox əhəmiyyətlidir". Məsələ səsə qoyularaq qəbul edilib.
Alim