Azərbaycanda işsizlik aradan qaldırılır
Cari ildə ölkədə 87 min yeni iş yerinin açılması bunun bariz nümunəsidir
19 Oktyabr 2015 17:14 SiyasətBir neçə gün əvvəl Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında ölkə həyatı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlərə toxunuldu. Xüsusilə, iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli çıxışında günümüzdə cəmiyyətimizi düşündürən bir çox məsələlərə aydınlıq gətirdi. Dövlət başçısı çıxışı zamanı cəmiyyətimizdə mövcud olan bir sıra neqativ hallara qarşı öz iradlarını bildirməklə yanaşı müvafiq dövlət qurumlarının bir sıra sahələrə xüsusi diqqət yetirməsinin vacibliyini də vurğuladı. Azərbaycan Prezidentinin əsas diqqət yetirdiyi məsələlərdən biri də iş yerləri ilə bağlı idi. Dövlət başçısının sözlərindən məlum oldu ki, bu il Azərbaycanda 87 min yeni iş yeri yaradılıb ki, onlardan 67 mini daimi iş yeridir.
Bu qədər sayda iş yeri Azərbaycan kimi bir ölkə üçün kifayətqədər ciddi rəqəm hesab edilə bilər. Xüsusilə nəzərə alsaq ki, 87 min iş yeri məhz dünyada iqtisadi böhranın hökm sürdüyü, əksər ölkələrdə on minlərlə iş yerlərinin bağlandığı, transmilli müəssisə və şirkətlərin öz fəaliyyətini dayandırdığı, ən əsası dünya bazarında neftin qiymətinin aşağı düşdüyü bir dövrə təsadüf edib, onda qətiyyətlə demək olar ki, ölkəmiz hazırda da öz inkişaf dövrünü yaşayır. Bu göstərici əsas etibarilə Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyini təsdiqləyir. Statistikaya nəzər yetirdikdə məlum olur ki, yeni yaradılan iş yerlərinin böyük bir qismi məhz regionların payına düşür. Bu da öz növbəsində paytaxtla yanaşı Azərbaycanın regionlarının da bu gün uğurla inkişaf etdiyini bir reallıq kimi ortaya qoyur. Eyni zamanda bu amil ölkə iqtisadiyyatının çoxşaxəli inkişafına xidmət göstərir. Əslində bu, təbii bir prosesdir. Məhz prezident İlham Əliyev də iclasda çıxışı zamanı qeyd etdi ki, böhranlı ildə 67 min daimi iş yerinin açılması böyük nəticə və gözəl göstəricidir. Ancaq günümüzdə Azərbaycanın mövcud imkanları bu istiqamətdə daha ciddi və davamlı uğurların əldə edilməsini qaçılmaz edir. Çünki hazırda Azərbaycanın malik olduğu imkanlar, mövcud potensial buna imkan verir. Elə Prezident İlham Əliyev də iclasda çıxışı zamanı bunu xüsusi vurğulayaraq bildirib ki, iş yerlərinin yaradılması prosesi daim aparılmalıdır: "Mən bunu dəfələrlə demişəm və biz iqtisadi inkişaf modelimizi buna uyğun şəkildə qurmalıyıq. Çünki Azərbaycanda iqtisadi inkişaf, sabitlik, xalqın rifahının artması nəticəsində çox müsbət demoqrafik vəziyyət yaranmışdır. Hər il yüz mindən çox insan doğulur və belə olan halda əlbəttə ki, gələcəkdə biz yeni iş yerlərinin yaradılması üçün əlavə tədbirlər görməliyik. Ona görə, bu sahədə də yeni inkişaf strategiyamız müəyyən edilməlidir. Əminəm ki, belə də olacaq".
Dövlət başçısının bu əminliyi əslində yersiz deyil və Azərbaycan cəmiyyəti də prezidentinə tam inanır. Çünki İlham Əliyev 2003-cü ildə birinci dəfə dövlət başçısı seçilən zaman qarşısına qoyduğu əsas məqsədlərdən biri də ölkədə yeni iş yerlərinin yaradılması, işsizlik səviyyəsinin minimuma endirilməsi idi. Azərbaycan insanına 600 min yeni iş yeri vəd edən dövlət başçısının bu fikirləri o zaman onun rəqibləri, hətta xaricdəki bəzi çevrələr tərəfindən reallığı mümkün olmayan xəyal kimi dəyərləndirilsə də, çox keçmədən onun canlı şahidi olaraq xəyal hesab etdikləri prosesin necə real olduğunu öz gözləri ilə gördülər.
Bəs həmin xəyalı reallığa çevirməyin arxasında nə dayanırdı? İlk növbədə regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək. Eyni zamanda əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi də başlıca vəzifə sayılırdı. Azərbaycanda yeni iş yerlərinin açılmasını şərtləndirən digər mühüm amil 2003-cü ildən icrasına başlanan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları idi. Məhz həmin regional dövlət proqramları Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcını qoydu, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişdi, əhalinin paytaxta axını səngiyərək əks proses başlandı. Bunun başlıca səbəblərindən biri də artıq regionlarda da yeni iş yerlərinin açılması idi.
S.İsmayılbəyli