Bakıya qaçan erməni: “Sərkisyan ağır narkotikdən istifadə edir”

Azərbaycandan siyasi sığınacaq istəyən Ermənistanın "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan ANS-in vitse-prezidenti Mirşahin Ağayevin suallarının cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

-Gəl sadəcə səmimi söhbət aparaq. Təbliğat, təşviqat rədd olsun. 25 ildən sonra görüşmüş iki insan kimi danışaq. Mənə sadəcə maraqlıdır ki, Ermənistanda nələr baş verir... Həqiqətənmi orada vəziyyət acınacaqlıdır? Mənə konkret faktlar lazımdır. Məsələn, deyək ki, sizdə çörək hansı qiymətə satılır?

-Çörək hardasa 1 dollara yaxındır. Hər ay olmasa da 2 aydan bir gündəlik məhsullar, çörək, qənd və s. qəpik-qəpik bahalaşır.

-Ətin kilosu neçəyədir?

-Ətin kilosu haradasa 10 dollara satılır. Mənim nənəm sovet vaxtı rəhbər vəzifələrdə olsa da yaşa görə cəmi 100 dollar təqaüd alır. Bütün qonşular isə ona oliqarx kimi baxır (gülür). Ona görə ki, bizdə təqaüd nə kommunal xidmətlərin ödənilməsinə çatır, nə də ətə. Nənəmi ona görə xatırlatdım ki, o, ayda bir dəfə və ya ən çoxu iki dəfə ət alır, buna imkanı çatır həmin təqaüdlə. Orta aylıq təqaüdə gəlincə isə insanlar təkcə ona ümid olsa, elə birinci və ya ikinci gündən acından qırılarlar. Rusiyada çalışanlar, qohumlar oradan ailələlərinə pul köçürür. Ermənistandakı ailələlərin 90 faizində azı bir nəfər Rusiyada işləyir.

-Hər halda heç kim küçənin ortasında acından ölmür axı, onlar necəsə dolanırlar...

-Necə yəni dolanırlar?! Onlar sadəcə hər gün yuxudan dururlar. Belə bir povest var -  "Çörək problemi". Ermənistanda yaşayan ailələrin 90 faizi bu çörək problemi ilə üzləşir. Gündəlik çörək problemi ilə. Necə yəni acından ölmürlər?! Ermənistandakı vəziyyəti ümümilikdə İrəvanla, İrəvanın təkcə mərkəzi ilə müqayisədə qiymətləndirmək lazım deyil. Şəhərdən 100 metr kənara çıxsanız, demək olar ki, Frans Kafkanın hekayələrindən birinə düşəcəksiniz. Orada səfalət baş alıb gedir, insanlar aclıqdan əziyyət çəkir. İrəvandan tam uzaqlaşsanız, məsələn, Leninakanda olsanız, hər beş evdən birində bir adamın yaşadığını görərsiniz. Belə insan necə yaşayır?! O, əlinə düşən hər şeyi satır, qapıları, pəncərələri satıb özlərinə çörək alırlar.

-Bəs orta aylıq maaş nə qədərdir?

-100, ən çoxu 150 dollar.

-Sən bura - Azərbaycana gəldin. Təbii ki, sən bu dəqiqə Ermənistanda milli qəhrəman sayılmırsan, bunu özün də yaxşı bilirsən. Məlumata görə, sənin ananı maşınla vurublar, o, xəstəxanaya düşüb. Həmçinin bir qadın qohumunun bütün bank hesablarını bağladıqlarını eşitmişəm. Faktiki olaraq iqtisadi blokadaya salınıb. Səncə, gəlişin bütün bunlara dəyərdimi?! Sən özün bura gəldin, bütün qohumlarını isə orada qoydun. Sənin missiyan nədən ibarətdir, yəni nəyə nail olmağa çalışırsan?

-Bizim sizinlə - Azərbaycan xalqı ilə bir ümumi problemimiz var. Bu, Sərkisyanın cinayətkar rejimidir. Bizdə - Ermənistanda sadə camaat arasında ksenofobiya, millətçilik deyilən şey yoxdur. Dediklərimə burada da rast gəlməmişəm. Yeganə problem Sərkisyanın rejimidir. Sizin üçün bu başlıca olaraq həlli süni olaraq uzadılan Dağlıq Qarabağ münaqişəsində təzahür edir. Sadə xalq bundan necə deyərlər, əziyyət çəkir. Onlar - Sərkisyanın dəstəsi isə bu münaqişə hesabına ciblərini doldurur. Elə bir orta statistik erməniyə rast gəlməzsiniz ki, o, əlini ürəyinin üstünə qoyub Dağlıq Qarabağın ona və onun ailəsinə bir damla xoşbəxtlik gətirdiyini desin. Mənim bura gəlişim və gələcəkdə burada - Azərbaycanda atacağım addımlarım yalnız Sərkisyan rejimini devirmək məqsədinə xidmət edəcək.

-Deyək ki, istədiyinizə nail oldunuz. Rejim devrildi, Sərkisyan da artıq yoxdur. Siz hesab edirsiniz ki, Ermənistana qayıdacaqsınız və insanlar sizi normal qarşılayacaqlar?

-Bəli, mən bunu belə bilirəm və buna əminəm. Xalqım hər zaman məni dəstəkləyib. Ona görə ki, siz real miqrasiya statistikası ilə tanış olsanız, görərsiniz ki, vəziyyət Sərkisyan rejimi yönümlü kütləvi informasiya vasitələrinin Ermənistanda satqın adlandırdığı Şahraz Navuşun bir vaxtlar dediyi kimi,- səhv etmirəmsə, 2 il əvvəl deyib,- "mənim ölkəmdə ağ soyqırımı baş verir".

-Səbəb nədədir, niyə Ermənistanı tərk edirlər?

-Bizim erməni prezident, yox, qoy düzəliş edim, bizim qeyri-legitim prezident, həmçinin baş nazir, iqtisadiyyat naziri tez-tez mətbuat qarşısına çıxaraq guya iqtisadi artıma aid fantastik rəqəmlər gətirirlər. Onların həmin rəqəmləri oxuyan zaman hansı narkotik vasitənin təsiri altında olduqlarını deyə bilmərəm, amma kənar təsirlərindən görünən odur ki, çox ağır uyuşdurucudur. Hansı iqtisadi artımdan söhbət gedə bilər ki, ölkə faktiki olaraq defolt astanasındadır. Ölkədən xaricə faktiki olaraq məhsul ixracatı yoxdur. Millət yarı-acdır. Dövlət səviyyəsində reket, talan, dövlət strukturlarında total korrupsiya baş alıb. Miqrasiyanın statistik göstəricilərini məhz bu faktorlarla izah olunur. Üstəlik ölkədən gedənlərin sayı həndəsi silsilə ilə artır.

-Bax, sən Bakıya gəldin, təbii ki, müəyyən beynəlxalq təşkilatlar səninlə maraqlanmalı idi. Ona görə ki, Ermənistandan bura gəlib siyasi bəyanatların verilməsi o qədər də tez-tez baş vermir. Səninlə belə görüşlər keçirilibmi?

-Bəli, olub. Təəssüflər olsun ki, məndə belə təəssürat yaranıb ki, Azərbaycandakı beynəlxalq təşkilatları heç də sülhməramlı təşəbbüslər maraqlandırmır. Məndən öyrənməyə çalışırdılar ki, mənə Azərbaycanda hər hansı təzyiq göstərirlər, ya yox. Mənim Azərbaycanda üzləşdiyim yeganə sıxıntı nərddə uduzmağım olub. Bəli, bu yeganə bir sıxıntı olub və bu hər gün davam edir. O, məni hər dəfə məğlub edir.

-Başqa heç nə soruşmurdular, təkcə təzyiqlər barədə soruşurdular?

-Soruşurdular, "xeyr, heç bir təziyiq yoxdur" deyəndə görüşdüyüm insanların üzündən məyusluq sezilirdi. Bu suallar bəzən ifrat dərəcəyə çatırdı. Soruşurlar ki, Dağlıq Qarabağ məsələsini qaldıracaqsınızmı. Deyirdim, əlbəttə. Soruşurdular hansı kontekstdə. Dedim bax, bu kontekstdə. Mənə deyirlər buna görə pul almısınızmı, nə qədər almısınız... Halbuki bu təşkilatlar bura başlıca olaraq sülhməramlı, ümumbəşəri dəyərlər, insan haqlarını müdafiəsi kimi missiya üçün çağırılıb. Mən onlarla yalnız ona görə görüşdüm ki, başabaş söhbətləşib anamın mühafizəsinə təmin etmələrini xahiş edim.

-İndi gəlin Dağlıq Qaraba barədə danışaq. Bizim məlumata görə, orada əsgərlər hərbi xidmət çəkməyə həvəssiz gedir...

-Dağlıq Qarabağdan olan heç bir əsgər, yəni çağırışçı Dağlıq Qarabağ ərazisində xidmət çəkmir. Bu, Müdafiə Nazirliyinin qeyri-rəsmi bir göstərişidir.

-Bəs ora necə düşürlər?

-Əksər hallarda ora aztəminatlı ailələrdən olan əsgərləri göndərirlər. Ona görə ki, onların valideynlərinin hərbi komissarlığa 1500 dollar verib uşaqlarını saxlatdırmağa pulu çatmayıb.

-Qarabağa düşməmək üçün nə qədər rüşvət verirlər?

-Uşağı İrəvan yaxınlığındakı və ya ailənin qaldığı yerə yaxın hissələrə düzəltmək üçün 1500-2000 dollar verirlər. Həmin pulu verməklə onların övladı eyni zamanda evdə qalır. Belə deyək ki, adının qarşısına "quş" qoysunlar deyə ayda bir dəfə və ya iki aydan bir hərbi hissəyə gəlir. Bizdə hərbi biletin qiyməti isə 6-7 min dollardır. Təmiz hərbi bilet. Orada yazılır ki, filankəs filan hərbi hissədə xidmət çəkib. Dağlıq Qarabağ məsələsində inkişaf edən, çiçəklənən yeganə sfera cinayətdir - bütün təzahürlərində. Silah alveri, narkotrafik, qaçaqmalçılıq, soyğunçuluq, qarət və s.

-Bəs niyə başdan-ayağa qara geyinmisən?

-Bu, sadəcə mənim stilimdir. Siyasətlə, ictimai fəaliyyətlə məşğul olmazdan əvvəl rok ifaçısı olmuşam. Bu stil oradan gəlir. Bəli, rok qrupumuz var idi - "Dakadans". Mən mahnıların müəllifi və solisti idim. Şerlərini mən yazırdım. Oxuyum sizin üçün?

-Xatirində varsa, buyur.

-Bir gecə gələcək, biləcəksən ki, yaşadığın həyat özgəsinin olub, yalnız yalanlarla dolub.

-Sənin üçün həqiqət nədir?

-Məncə, özünü homosapiens hesab edən hər bir insan həqiqəti özünün ən uca məqsədi saymalıdır. Xüsusi zehni işlə məşğul olanlar, yazıçı, publisist, jurnalist, ictimai xadimlər bu məqsəddən 1 santimetr belə sapsa, kim istəsə, ola biləcək, adam olacaq, ancaq insan ola bilməyəcək. O, sadəcə bir sakin olacaq.

-Mənə necə sübut edə bilərsən ki, bütün bu danışdıqların həqiqətdir? Mən buna necə inanım?

-Sözlər ağızdan çıxan hava əsintiləridir. Sözlər nə qədər gözəl olsa da, nə qədər inandırıcı səslənsə də hərəkətə uyğun olmalıdır. Məndən istədiyinizi sizə verə bilmərəm, amma söz verirəm ki, Allahın köməkliyi ilə gözləntilərimin planlarımın heç olmasa yarısı reallaşsa - təkcə müsahibələrlə deyil, fəaliyyətimi genişləndirəcəm. Bir-iki aydan sonra mənim burada olduğum vaxt ərzində öz fəaliyyətimlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir daşı belə yerindən tərpətmiş olsam, yer üzündə boşuna yaşamadığıma əmin olacağam.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00