Azərbaycan cəmiyyəti mövcud hakimiyyəti dəstəkləyir
16 Oktyabr 2015 18:08 SiyasətParlament seçkiləri yaxınlaşdıqca ölkədə müxtəlif sosioloji sorğular keçirilir. Əksəriyyət ölkələrdə seçki ərəfəsində keçirilən bu cür sorğular nəticəsində cəmiyyətin mövcud ictimai-siyasi duruma, seçki prosesinə, hakimiyyətin həyata keçirdiyi siyasətə münasibət öyrənilir. Bir qayda olaraq bu kimi sorğuların nəticələri seçkinin nəticələri ilə müəyyən mənada üst-üstə düşür. Bir müddət əvvəl Birləşmiş Ştatların nüfuzlu "Arthur J. Finkelstein & Associates" şirkəti də Azəbaycanda sosioloji sorğu keçirib. Bu günlərdə açıqlanan sorğunun nəticələri kifayət qədəır maraqlı məqamları ortaya çıxarıb. Məlumat üçün qeyd edək ki, sorğu təxminən 5,1 milyon seçicini əhatə edib və sorğuda geniş məsələlərə toxunulub. Seçicilərin 74,4 faizi hakim Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə hazırlaşır, 14 faizi isə hələ müəyyənləşdirməyib: Bu o deməkdir ki, YAP-ın namizədlərinin seçki dairələrinin böyük əksəriyyətində qalib gələcəyi gözlənilir.
Sorğunun nəticələrindən məlum olub ki, respondentlərin təxminən 80 faizi mövcud iqtidardan razıdır. Parlament seçkilərində səs verəcək azərbaycanlıların təqribən 80 faizi hesab edir ki, xalq indiki hakimiyyətin dövründə düzgün iqtiqamətdə hərəkət edir. Rəyi soruşulanların 82,1 faizi "Ümumilikdə Prezident İlham Əliyevin işini necə qiymətləndirərdiniz" sualına "yaxşı" və ya "əla" cavabını veriblər. "Ölkə düzgün istiqamətdə hərəkət edirmi" sualına isə respondentlərin 77,1 faizi "düzgün istiqamətdə" cavabını verib. Yalnız 14,7 faizi bildirib ki, istiqamət düzgün deyil.
Göründüyü kimi sorğu iştirakçılarının 80 faizi belə qənaətdədir ki, xalq indiki hakimiyyətin dövründə düzgün istiqamətdə hərəkət edir. Bunu isbat etmək üçün kifayət qədər faktlar ortaya qoymaq mümkündür. Birincisi, xalq demokratiya vədi adı altında xalqların başına gətirilən müsibətləri aydın şəkildə görür və şüurlu şəkildə indiki hakimiyyətin siyasətini dəstəkləyir. Nədən ki, mövcud Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət yalnız Azərbaycan xalqının sosial rifah halının yaxşılaşdırılması, ölkənin iqtisadi inkişafına yönəlib. Əgər belə olmasaydı indi Azərbaycan da kəskin iqtisadi böhran dövrünü yaşayardı. Ancaq görünən odur ki, dünyanın iri maliyyə nəhəngləri, inkişaf etmiş ölkələrinin ciddi bhtranla qarşılaşdığı bir ərəfədə Azərbaycan iqtisadiyyatı öz inkişaf dövrünü yaşayır. Bunu şərtləndirən amil isə heç şünhəsiz ki, yuxarıda qeyd edildiyi kimi həyata keçirilən düzgün siyasətdir.
Rəyi soruşulanların 82,1 faizinin "Prezident İlham Əliyevin işini necə qiymətləndirərdiniz" sualına "yaxşı" və ya "əla" cavabını verməsinin də əsas səbəblərindən biri düzgün idarəçilik və dövlət başçısının xalqla yaxından təmasda olması, onun problemləri ilə yaxından maraqlanmasıdır. Bu gün Azərbaycan prezidenti ölkəni demokratik prinsiplərlə idarə edir ki, bunu da cəmiyyət öz mövqeyində qiymətləndirir. Bu gün Azərbaycan prezidentinin rəhbərliyi altında ölkədə demokratik cəmiyyət qurulub. Azərbaycana demokratiya dərsi keçmək arzusunda olan müəyyən xarici dairələrdən fərqli olaraq Azərbaycanda hər bir vətəndaş öz mövqeyini açıq şəkildə ifadə edir, sözünü deyir. Elə astanasında olduğumuz parlament seçkilərinin timsalında bunu aydın görmək mümkündür. Artıq seçkilərin təbliğat-təşviqat mərhələsinin müəyyən bir hissəsi arxada qalsa da, ciddi seçki pozuntuları, iradlar qeydə alınmayıb. Etiraf etmək lazımdır ki, 2010-cu ildə keçirilən parlament seçkiləri ərəfəsində müəyyən neqativ hallar daha çox büruzə verirdi. İstər namizədlərin irəli sürülməsi, istər imzatoplama kampaniyası, istərsə də namizədlərin qeydə alınması zamanı müvafiq seçki qurumları səlahiyyətlərini bir qədər aşaraq bəzi mənfi halların meydana çıxmasına rəvac vcrirdilər. Bu gün isə 2010-cu ildən fərqli olaraq seçki prosesində ciddi nöqsanlar müşahidə edilmir. Yalnız xırda istisna halları qeydə alınır ki, həmin neqativ cəhətlər də dərhal aradan qaldırılır. Seçkilərdə təxminən 2 minə yaxın namizədin mübarizə aparması da öz-özlüyündə prosesin demokratik məcrada davam etdiyinin göstəricisi sayıla bilər. Seçki prosesinə təkcə hakim Yeni Azərbaycan Partiyası və onun siyasətini dəstəkləyən siyasi qüvvələr deyil, eyni zamanda hakimiyyətin yürütdüyü daxili və xarici siyasəti kəskin şəkildə tənqid edən partiya və fərdi şəxslər də qoşulub ki, bu da deyilənləri təsdiq edən faktorlardır.
Bu amil də öz-özlüyündə Azərbaycanda demokratiyanın inkişaf etdiyinin və bu prosesdə mövcud hakimiyyətin maraqlı olduğunu təsdiqləyir.
Nəhayət, sorğuda digər mühüm bir məqam Dağlıq Qarabağ problemi ilə bağlıdır. Belə ki, soğruda iştirak edən respondentlərin əksəriyyəti hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi əsas problem olaraq qalır. Sorğu iştirakçılarının 41,3 faizi isə Ermənistanın qoşunlarının dərhal çıxarılmasına çağıran beynəlxalq qətnamələri pozmaqla işğalını davam etdirdiyi 7 ətraf rayonla birlikdə Dağlıq Qarabağ məsələsinin olduğunu deyib.
S.İsmayılbəyli