"Bu, Ermənistan üçün son xəbərdarlıq olmalıdır"

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin Nazirlər Kabinetinin toplantısında dediyi sözlər Ermənistan üçün son xəbərdarlıq olmalıdır.

Bunu Milli.Az-a hərbi ekspert Üzeyir Cəfərov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağ münaqişəsi və Ermənistanla bağlı dediklərinə münasibət bildirərkən deyib.

Ü.Cəfərovun fikrincə, ötən ilin oktyabrında Azərbaycan və Ermənistan prezidentlərinin Fransadakı görüşündən sonra həm ATƏT-in Minsk qrupunun həmsədrlərinin, həm də Ermənistanın vəziyyətdən düzgün nəticə çıxaracağı düşünülürdü. Amma təəssüflər olsun ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı heç bir irəliləyiş olmadı. Ona görə də ölkə başçısı Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi bundan sonra da ordunun bütün tələbatının ən yüksək səviyyədə ödəniləcəyini qeyd etdi, o cümlədən mesaj verdi ki, Azərbaycan indiki vəziyyətlə heç vaxt barışmayacaq və öz torpaqlarını azad etməkdə qərarlıdır: "Bu mesaj yaxın zamanlarda beynəlxalq qurumlar üçün də bir hərəkət planı olmalıdır ki, onlar düzgün qərar qəbul etsinlər və nəhayət, təcavüzkara başa salsınlar ki, əgər çoxsaylı insan itkiləri ilə müşaiyət olunan vəziyyət yaşamaq istəmirlərsə, Azərbaycan torpaqlarını təcili boşaltmalıdırlar".

Ekspert hesab edir ki, ümumiyyətlə, Prezident İlham Əliyevin bu çıxışı indiyədək Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasətin həm hərbi sahədə, həm də iqtisadi sahədə aparılan işinin yekun fazasıdır: "Çünki həm Müdafiə Nazirliyi tərəfindən səslənən fikirlər, həm də ölkə başçısının ordu və torpaqlarımızla bağlı qətiyyətli mövqeyi onu deməyə əsas verir ki, artıq başqa çıxış yolu yoxdur. Azərbaycan bütün vasitələrdən istifadə edərək öz ərazi bütövlüyünü bərpa edəcək. Bu birmənalıdır, buna heç kimin şübhəsi olmasın. Güman edirəm ki, həm ölkə daxilində, həm də ölkə xaricində hamı addımlarını Prezidentin iclasda qırmızı xətlə altını cızdığı məqamlara uyğun olaraq tənzimləyəcək.

Dövlət başçısının Azərbaycanın ərazi bütövlyünün bərpa olunacağına dair fikirlərini diplomatik korpusumuz üçün bir istiqamət hesab edirəm. Diplomatlarımız xarici ölkələrdə apardıqları təbliğat, təşviqat, izahat işlərini gücləndirməlidirlər. Ali Baş Komandan istənilən an torpaqların hərbi yolla azad edilməsi ilə bağlı qərar qəbul edə bilər. O cümlədən Müdafiə Nazirliyinin rəhbərliyi də öz işini elə bir səviyyədə qurmalıdır ki, Müdafiə Nazirliyi və bütün digər müvafiq qurumlar da işini bu qərara uyğun tənzimləməlidirlər. Yəni ölkə bütövlükdə hərbi qanunlarla yaşamağa hazır olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00