Prezidentdən məmurlara növbəti xəbərdarlıq

Vasif Mövsümov: “Məmurlar dövlət başçısının tələbinə əməl etməlidirlər”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə  Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında geniş nitq söyləyən dövlət başçısı ölkənin sosial-iqtisadi inkişafı, əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr barədə danışıb. Prezident çıxışında mövcud problemlərə də toxunaraq cəmiyyəti narahat edən məsələləri dilə gətirib və müvafiq qurumlardan mövcud problemlərin aradan qaldırılmasını qətiyyətlə tələb edib. Dövlət başçısı açıq şəkildə bildlirib ki, inhisarçılıq halları aradan qaldırılmalıdır. Çünki inhisarçılıq sağlam rəqabətə ciddi şəkildə mane olur: "İqtisadiyyat üçün əsas problemlərdən biri də inhisarçılıqdır. Əfsuslar olsun ki, biz bu sahədə də hələ ciddi nəticələrə nail ola bilməmişik, həm istehsalda, həm də idxalda. Burada da, bilmirəm bu nə psixologiyadır ki, düşünürlər, əgər mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun". Dövlət başçısı qeyd edib ki, rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz.

Prezidentin çıxışından o da məlum olub ki, dövlət başçısını ciddi narahat edən məsələlərdən biri də əsassız yoxlamalardır. "Yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq! Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir".

Bu yoxlamaların sayının kəskin şəkildə azaldılmasının vacibliyini bildirən dövlət başçısı qeyd edib ki, yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər: "Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır". Prezident İlham Əliyev bu əməlləri törədənlərin ciddi şəkildə cəzalandırılacağını bildirib

Göründüyü kimi artıq bir neçə dəfədir ki, dövlət başçısı qanunsuz yoxlamalar, inhisarçılıq halları ilə əlaqədar öz kəskin iradlarını bildirir.  Xüsusilə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını vacib hesab edən Azərbaycan prezidenti bu fikirləri ilə onların arxasında durduğunu bəyan edir. Təəssüflər olsun ki, müvafiq dövlət qurumları isə zaman-zaman prezidentin bu istiqamətdə iradlar səsləndirməsinə baxmayaraq öz qanunsuz əməllərini davam etdirirlər. Bu isə nəticə etibarilə dövlətin siyasi iradəsinə qarşı çıxan bu və ya digər məmurların cəzalandırılmasını qaçılmaz edir. Elə dövlət başçısının fikirlərindən də aydın olur ki, artıq güzəşt limiti bitib və qeyd edilən neqativ halların aradan qaldırılmasına maraqlı olmayan istənilən şəxs cəzalandırılacaq. Artıq qətiyyətlə demək olar ki, prezidentin məlum çıxışı vəzifəsinin öhdəsindən gələ bilməyən, yaxud həmin vəzifədən sui-istifadə edənlər üçün ciddi siqnal olacaq.

***

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov da bu qənaətdədir. O, bildirib ki, dövlət başçısının son çıxışı və səsləndirdiyi iradlar müvafiq qurumları bu işə məsuliyyətlə yanaşmağı sövq edəcək. Vasif Mövsümovun sözlərinə görə, dövlət başçısının da dediyi kimi inhisarçılıq halları mövcuddur, qanunsuz yoxlamalar həyata keçirilir, vətəndaşların şikayətlərinə düzgün şəkildə baxılmır: "Ona görə də dövlət başçısı məcburdur ki, dəfələrlə çıxışlarında bunu bir tələb kimi qarşıya qoysun. Bütün bunlar çox aktual məsələlərdir". Fondun icraçı direktorunun sözlərinə görə, dövlət başçısı bununla təkcə məmurlara deyil, eləcə də ictimaiyyətə səslənir ki, onlar da korrupsiyaya qarşı mübarizədə dövlətin, prezidentin siyasətini dəstəkləsinlər: "Sanki onların yadlarına salınır ki, bu mübarizədə geri çəkilmək olmaz və bu mübarizə davamlı olmalıdır. Bütün bu xatırlamalar və prezidentin qətiyyətli mövqe ortaya qoyması müsbət bir məqamdır ki, məmurlar dövlət başçısının tələbinə əməl etməlidirlər. Əks halda onların cəzalandırılması gündəmə gələcək". Vasif Mövsümovun sözlərinə görə, prezident iclasda çıxışı zamanı korrupsiyaya qarşı mübarizə istiqamətində istədiyimizə tam nail ola bilmədiyimiz də vurğulayıb ki, bu da sözügedən istiqamətdə mübarizənin hələ də davam edəcəyini deməyə əsas verir: "Əlbəttə ki, bu cür neqativ hallara qarşı inzibati tədbirlər, dövlət tədbirləri həyata keçirilir. Ancaq bununla yanaşı korrupsiyanın kökünü kəsmək, onu yaradan amilləri aradan qaldırmağa daha çox ehtiyac var. Çünki cəza tədbirləri biri çox hallarda istənilən səmərə vermir. Yəni, bu üsul müvəqqəti xarakter daşıyır. Hansısa məmurun işdən çıxarılıb yerinə başqasının gətirilməsi korrupsiyaya qarşı mübarizədə elə də ciddi səmərə vermir. Ona görə də sistem xarakterli işlərin həyata keçirilməsi lazımdır". Vasif Mövsümovun sözlərinə görə, dövlət başçısı sistem xarakterli mübarizə deyəndə ASAN xidmətin adını xüsusi qeyd edir ki, bu xidmət vasitəsini genişləndirmək və digər xidmət sahələrinin fəaliyyətini ASAN xidmətə verməklə korrupsiya və rüşvətxorluğun kökünü kəsə bilərik: "Hesab edirəm ki, buna doğru da gedirik. Düşünürəm ki, korrupsiyaya qarşı mübarizədə ASAN xidmətin rolu artır. Dövlət başçısı dəfələrlə də qeyd edib və sonuncu iclasda da bildirdi ki, ASAN xidmətə daxil olan xidmətlərin sayını artırmaq labüddür"

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00