Beynəlxalq təşkilatların iç üzü açılır
ATƏT Azərbaycanda seçkiləri izləməkdən qəsdən imtina edib
14 Oktyabr 2015 13:35 SiyasətAzərbaycanda hələ parlament seçkilərinin baş tutmasına iki həftədən artıq müddət qalmasına baxmayaraq bəzi xarici maraqlı qüvvələr artıq onun nəticələrini şübhə altına ala biləcək fkirlər səsləndirməyə start veriblər. Maraqlıdır ki, həmin qüvvələrin içərisində seçkilərə heç bir aidiyyatı olmayan beynəlxalq təşkilatlar da təmsil olunur. Daha dəqiq, seçkiləri müşahidə etməkdən imtina edən ATƏT-in mövqeyi bu təşkilatın Azərbaycana qarşı nə qədər qərəzli olmasını ortaya qoyur. Yeri gəlmişkən qeyd edək ki, ATƏT-in Baş katibi Lamberto Zanyerin Moskvada keçirilmiş mətbuat konfransında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu (DTİHB) tərəfindən Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyasının göndərilməməsi ilə bağlı razılığın əldə olunmaması təəssüf doğurduğunu bildirib. Belə məlum olur ki, ATƏT/DTİHB ölkəmizdə keçirilən parlament seçkilərini müşahidə etməkdən məqsədli şəkildə imtina edib. Əks halda, təəssüf hissi keçirən ATƏT seçkiləri izləyəcək müşahidəçilərin sayı ilə bağlı Azərbaycanın əsaslandırmalarını nəzərə ala bilərdi. Lakin ATƏT dünya ölkələrində seçkiləri izləmək praktikasının ziddinə gedərək ölkəmizdə keçiriləcək seçkiləri izləməkdən imtina edib. Fikrimizi təsdiq etmək üçün ATƏT-in seçkiləri müşahidə etmək praktikasına nəzər yetirmək yerinə düşərdi. Belə ki, 9.5 milyon əhalisi və 125 seçki dairəsi olan Azərbaycana ATƏT/DTİHB tərəfindən 400 nəfər müşahidəçinin göndərilməsi təklif olunur. Müqayisə üçün qeyd edək ki, 50 milyon əhalisi olan Ukraynaya 26 oktyabr 2014-cü il seçkilərini müşahidə etmək üçün 600 nəfər, 150 milyona yaxın əhalisi olan Rusiyaya 4 dekabr 2011-ci il seçkilərində 200 nəfər, 5 oktyabr 2015-ci ildə Bolqarıstanda keçirilən seçkilərə 12 nəfər, 16 mart 2014-cü ildə Serbiyada keçirilən seçkilərə 12 nəfər, 21 dekabr 2014-cü ildə Özbəkistanda keçirilən seçkilərə isə 12 nəfər müşahidəçi göndərilib. DTHİB əhali və seçici sayına nisbətdə müşahidəçilərin sayının bu dərəcədə qeyri-mütənasibliyinin məntiqi izahatını hələ də verə bilməyib. Belə halda qətiyyətlə demək olar ki, ATƏT bu məsələdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir. Qeyd edək ki, Avroatlantik məkana inteqrasiya, beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da həmin məkanla, beynəlxalq qurumlarla əməkdaşlıq üçün bir o qədər lazımlıdır və əhəmiyyətlidir. Çox qısa zaman kəsiyində sürətli və dinamik inkişaf yolu keçən Azərbaycan regionun və dünyanın lider, aparıcı, söz və nüfuz sahibinə çevrilən dövlətlərindən biri olmaqla, Avropanın və dünyanın enerji təhlükəsizliyində, sülhün və təhlükəsizliyin təmin olunmasında önəmli rola malikdir. Bu fikri artıq neçə illərdir ki, həm dövlət, həm ölkə rəhbərliyi, həm parlamentarilər, həm siyasilər səviyyəsində dəfələrlə açıq şəkildə bəyan etmişik, prinsipial mövqeyimizi dönmədən ortaya qoymuşuq. Azərbaycan müstəqil xarici və daxili siyasət kursu yeridən, heç kimin dirijor çubuğu ilə idarə olunmayan bir dövlət olaraq, beynəlxalq birlikdən, beynəlxalq təşkilatlardan, Avropa qurumlarından da onunla bərabərhüquqlu tərəfdaş kimi davranılmasını istəyir və tələb edir. Bu, bizim haqqımızdır və heç zaman da dəyişməyəcək birmənalı mövqeyimizdir. Beynəlxalq birliklər artıq dərk etməlidirlər ki, Azərbaycan onunla zor, təhdid, şantaj, təzyiq, diktə dilində danışılmasını qəbul etmir və bundan sonra da qəbul etməyəcək. Dəfələrlə bəyan edilib ki, Azərbaycanla artıq heç kim, heç bir qüvvə, heç bir dövlət zor və təhdid dilində danışa bilməz və əgər kimlərsə də buna cəhd edərlərsə sərt təpki ilə üzləşəcək, qarşılığını lazımınca alacaqlar. Çünki müstəqil Azərbaycan Avropaya da, dünyaya da açıq, şəffaf bir dövlətdir. Ölkəmizin kimdənsə, nədənsə qorxacağı, ehtiyat edəcəyi bir məqamı yoxdur. Odur ki, Azərbaycana qarşı ədalətli mövqe sərgilənməsini, haqqın-ədalətin ortaya qoyulmasını, Azərbaycanın illərdən bəri məruz qaldığı işğal faktının etiraf olunmasını və aradan qaldırılmasına əməldə kömək göstərilməsini tələb edir. Ancaq bunun əvəzində Azərbaycana qarşı ikili standartlar, ədalətsiz və haqsız yanaşmalar, təcavüzkarın şirnikləndirilməsi cəhdləri müşahidə olunur. Əslində isə Azərbaycan bütün beynəlxalq qurumlarla bərabərhüquqlu əsaslar üzərində qurulan əməkdaşlıqda, tərəfdaşlıqda maraqlıdır, o cümlədən, ATƏT ilə də. Artıq neçə illərdir ki, Azərbaycan beynəlxalq təşkilatlar, eləcə də ATƏT-lə səmimi və konstruktiv əməkdaşlıq niyyətlərini nümayiş etdirir. Beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməyə çalışır. Lakin çox təəssüflər olsun ki, çox zaman qarşılığında bunun əksinin şahidi oluruq. Belə halda Azərbaycanın həmin beynəlxalq təşkilatlarla münasibətlərini yenidən nəzərdən keçirməsindən başqa çıxış yolu qalmır. Ekspertlərin qənaətinə görə, bu addım Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirən beynəlxalq qurumlara bir ibrət dərsi ola bilər. Nəhayət, beynəlxalq təşkilatlar Azərbaycanla təhdid, təzyiq dilində danışılmağın qeyri-mümkün olduğunu anlamalı və öz yanlış addımlarından geri çəkilməlidirlər. Bundan yalnız onlar özləri qazana bilərlər. Çünki, Azərbaycan hələ uzun illər çoxlarına lazım olacaq, ölkəmizə hələ çox ehtiyaclar duyulacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanın heç kimə, heç nəyə ehtiyacı yoxdur, amma çoxlarının Azərbaycana ehtiyacı var və bu ehtiyaclıq hissi hələ çox uzun illər davam edəcək. Hələ bir müddət öncə Nazirlər Kabinetinin 6 ayın yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev bəyan etmişdi ki, "Azərbaycanla diktə dilində danışmaq olmaz, Azərbaycanla zor, təhdid, diktə dilində danışmaq cəhdləri baş tutmayıb və baş tutmayacaq". Həqiqətən də, dövlət başçısının vurğuladığı kimi, Azərbaycanla diktə dilində danışmaq mümkünsüz bir məsələyə çevrilib. Çünki indiki Azərbaycan güclü, inkişaf edən, beynəlxalq və regional problemlərin həllində mövqeyi nəzərə alınan bir Azərbaycandır.
Alim