Prezidentin qətiyyətli Qarabağ mesajları
13 Oktyabr 2015 17:21 SiyasətErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli hər zaman başlıca prioritetlərdən olub və bu gün də sözügedən məsələ öz aktuallığını saxlayır. Elə bu səbəbdəndir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də keçirdiyi bütün görüşlər, çıxışlarında əsas diqqəti məhz bu istiqamətə yönəldir. Elə ötən gün Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı dövlət başçısı Dağlıq Qarabağ probleminə geniş yer ayıraraq mövcud situasiya barədə həm ölkə ictimaiyyəti, həm də beynəlxalq birliyi bir daha məlumatlandırdı. Dövlət başçısı öz çıxışı ilə bir daha Azərbaycan cəmiyyətində bir əminlik yaratdı ki, onun düşmənə layiqincə cavab verməyə layiq ordusu var. Və ordu quruculuğu, Silahlı Qüvvələrimizin daha müasir silahlarla təchiz edilməsi istiqamətində tədbirlər davam edir. Baxmayaraq ki, Qərbdə olan bəzi ermənipərəst dairələr Azərbaycan ordusunun güclənməsindən narahatçılıq keçirərək ordu quruculuğuna bu qədər diqqət ayrılmasını məqbul hesab etmirlər, lakin ölkəmiz müharibə şəraitində olduğu üçün belə zəruri tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Elə Azərbaycan Prezidenti İlham Əliyev də müşavirədə çıxışı zamanı bunu açıq-aşkar vurğuladı: "Daim diqqət mərkəzində olan sahə ordu quruculuğudur. Biz bu sahəyə daim böyük diqqət göstəririk. Bu da təbiidir. Çünki Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan vasitəçilər". İlham Əliyev vurğulayıb ki, ordu quruculuğu gələn il də prioritet sahə olaraq qalacaq: "Bu sahəyə nə qədər lazımdırsa vəsait ayrılacaq. İndi həm yeni texnikanın, silah-sursatın alınması, istehsalı prosesi gedir, eyni zamanda, hərbi hissələr üçün ən yüksək səviyyədə şəhərciklər, hərbi bazalar tikilir. Təmas xəttinə yaxın olan bölgələrdə yeni infrastruktur yaradılır və bizim döyüş qabiliyyətimiz artır".
***
Azərbaycan Prezidentinin müşavirədəki çıxışı eyni zamanda işğalçı ölkə rəhbərliyinə bir mesaj idi. Dövlət başçısı "Biz tam üstünlüyü əldə etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, düşmənin bütün təxribatlarına layiqli cavabımızı veririk. Keçən ay düşmənin növbəti təxribatının qarşısı alındı. Bizə qarşı böyük təxribat hazırlanırdı, çoxsaylı diversantlar artıq təşkil olunmuş və səfərbər edilmişdi ki, Azərbaycanın mövqelərinə hücum çəksinlər. Bizim ordumuz o təxribatın qarşısını aldı. Preventiv zərbə vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi. Bu, gün kimi aydın bir məsələdir. Necə ki keçən ilin noyabrında bizim mövqelərimizə hücum edən helikopter məhv edildi. Bu ilin sentyabr ayında böyük itkilər verdilər və hər dəfə biz onların cəzasını verəcəyik. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik və edəcəyik". deməklə Ermənistan prezidenti Serj Sərkisyanın bir müddət əvvəl daxili auditoriya üçün hesablanmış "Biz bundan sonra da - qisas tədbirləri də daxil olmaqla - elə addımlar atacağıq ki, düşmən öz azğın davranışının həzm olunduğunu düşünməsin" fikirlərini alt-üst etmiş oldu. Sərkisyanın Dağlıq Qarabağın Ermənistan ərazisi olduğu barədə sərsəm açıqlamaları da dövlət başçısının çıxışı zamanı öz layiqli cavabını aldı: "Burada təbii sual yaranır, işğalçılar hansı ərazidə həlak oldular? Ermənistandamı? Xeyr, bizim torpağımızda. İşğal edilmiş torpaqlarda. Sual olunur, onların orada nə işi var? Özü də orada ölənlərin mütləq əksəriyyəti Ermənistan vətəndaşlarıdır, heç Dağlıq Qarabağ sakinləri deyil. Yəni, Ermənistan ordusu bizim torpaqlarımızda işğalçılıq siyasəti aparır. Erməni diktatoru hətta Ermənistanın rəsmi mövqeyinə tamamilə zidd olan bəyanatlar verir. Bəyan edir ki, Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. Birincisi, Dağlıq Qarabağ Azərbaycanın tarixi, əzəli torpağıdır və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz hissəsidir. Bunu bütün dünya ictimaiyyəti, BMT belə qəbul edir və heç bir ölkə Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi qəbul etmir, müstəqil qurum kimi də qəbul etmir və qəbul etməyəcək".
İlham Əliyevin müşavirədə çıxışı zamanı səsləndirdiyi fikirlər eyni zamanda dünya birliyi, beynəlxalq ictimaiyyət üçün bir siqnal, xatırlatma idi. Dövlət başçısı bununla dünya birliyini daha ədalətli olmağa, ikili standartlarla çıxış etməməyə çağırırdı: "Əfsuslar olsun ki, bunu beynəlxalq ictimaiyyət, vasitəçilər görmək istəmirlər və işğalçıya ciddi siqnallar göndərilmir. Ona görə, onlar azğınlaşıblar və bizə qarşı müxtəlif təxribatlara əl atırlar".
Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapmalıdır və bu məsələdə də beynəlxalq birlik maraqlı görünməlidir. Necə olur ki, Ukrayna böhranı meydana çıxan zaman Birləşmiş Ştatlar, Qərb dərhal ayağa qalxaraq Rusiyaya qarşı ciddi sanksiyalara əl atır, lakin 20 ildən artıq davam edən Dağlıq Qarabağ probleminin həlli istiqamətində xırda bir fəallıq nümayiş etdirilmir. Ona görə də dövlət başçısı haqlı olaraq deyir ki, ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən əhəmiyyətsiz deyil: "Məsələ beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və tapacaq". Çünki prezidentin qeyd etdiyi kimi Azərbaycan regional təhlükəsizlik məsələlərində çox müsbət rol oynayır. və ölkəmiz regionda sabitləşdirici amildir. Ona görə də bütün bu üstünlükləri nəzərə alaraq beynəlxalq birlik Azərbaycanla normal əməkdaşlıq etmək istəyirsə ilk növbədə onun üzləşdiyi problemin həllinə yardımçı olmalıdır. Əks halda regionda uduzan işğalçı Ermənistan və onun maraqlarına xidmət edən müəyyən beynəlxalq güclər olacaq.
S.İsmayılbəyli