Yaqlandın insan hüquqları adı altında Azərbaycana təsir etmə cəhdi

Azərbaycana qarşı ənənəvi qərəzçilik, ikili standartlarla yanaşma davam edir. Parlament seçkilərinə rəsmi start verilən gündən bir-birini əvəzləyən bu qərəzçilik, qeyri-obyektiv yanaşma yalnız bir məqsədə, seçkilər ərəfəsində beynəlxalq aləmdə Azərbaycanın mənfi imicini formalaşdırmağa, onu gözdən salmağa xidmət edir. Avropa Parlamenti, ATƏT DTIHB-nin ardından bu dəfə Azərbaycan əleyhinə təşkil edilmiş kampaniyada Avropa Şurası və onun baş katibi Turbyorn Yaqland yer alır. Xəbərlərdən də aydın olduğu kimi Yaqland öz nümayəndəsini insan hüquqları məsələləri üzrə İşçi Qrupunun tərkibindən geri çağırdığını açıqlayıb. Məlumat üçün qeyd edək ki, 2005-ci ildə insan hüquqları müdafiəsi təşkilatlarının və Azərbaycan hakimiyyəti nümayəndələrindən ibarət tərkibdə Azərbaycanda insan hüquqları məsələləri üzrə birgə İşçi Qrupu yaradılıb. Etiraf etmək lazımdır ki, ötən 10 il müddət ərzində İşçi Qrupu kifayətqədər uğurlu işlər görüb. Düzdür, qrupun qarşı tərəfdən olan təmsilçiləri zaman-zaman Avropa Şurasındakı bəzi dairələrin təkidi ilə Azərbaycana qarşı haqsız mövqe də sərgiləyiblər. Hətta dəfələrlə konkret törətdiyi cinayət əməli, eləcə də Azərbaycan ərazisində törətdiyi terror aktı və ya dövləti cinayətə görə həbsdə olan bəzi şəxslərin siyasi məhbus adı altında azadlığa buraxlımasına da çalışılıb. Lakin hər zaman bu cür ədalətsiz yanaşmanın qarşısı alınıb, Azərbaycanın siyasi iradəsi ortaya qoyulub. Bu gün də eyni ssenari davam edir. Hazırda həmin qüvvələr Leyla Yunus, Arif Yunus, Xədicə İsmayıl və digər bu kimi cinayətkarların siyasi məhbus adı altında azadlığa buraxılmasına çalışırlar. Hətta hesab edirlər ki, mövcud həssa zamanda (parlament seçkiləri) Azərbaycan hakimiyyəti onların diqtəsi ilə hərəkət etmək məcburiyyətində qalacaq. Nədən ki, Azərbaycanda insan hüquqlarının pozulduğu barədə hansısa hesabat açıqlansa, guya bu seçki ərəfəsində hakimiyyətin ziyanına işləyə bilər. Ona görə də rəsmi Bakı indiki dönəmdə bəzi avropalıların, reallıqda isə erməni lobbisinin əlinə oynayan dairələrin istəyini nəzərə alacaq. Əks halda Azərbaycanda ATƏT DTİHB-nin ardınca Avropa Şurası da Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməyə bilər. Birincisi,  bu yanlış təsəvvürdür və heç bir siyasi və iqtsadi, hətta mədəni hadisə Azərbaycanı öz siyasi iradəsindən döndərə bilməz. Necə ki, Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan bu qətiyyətini bir daha onu sevməyən dairələrə nümayiş etdirdi. İkincisi isə, nəinki Avropa Şurası, hətta digər nüfuzlu Avropa qurumları belə seçkiləri müşahidə etməsə Azərbaycan bu seçkiləri azad və demokratik şəkildə keçirəcək. Çünki Azərbaycan seçkini qroslara,  conlara, yaqlandlara görə deyil, məhz özünə, Azərbaycan vətəndaşına görə keçirir. Seçkinin taleyini məhz Azərbaycan seçicisi həll edir. Göründüyü kimi Avropadakı bəzi qurumlar və şəxslər yanılırlar.
Burada digər bir nüans Yaqland və onun kimi düşünən insanların insan hüquqları məsələsini siyasi hadisə ilə qarışdırmasıdır. Əgər Yaqland doğurdan da insan hüquqlarına dəyər versəydi bu istiqamətdə ajotajı məhz Azərbaycanda nəzərdə tutulan parlament seçkiləri ərəfəsində qaldırmazdı. Yaxud eyni mövqeni Ermənistana qarşı da sərgiləyərdi. Hansı ki, bu ölkədə insan hüquq və azadlıqları hər addımda pozulur. Bunun bariz nümunəsidir ki, erməni əhalisi kütləvi şəkildə öz ölkəsini tərk edir. Hətta onlardan Azərbaycana da üs tutanlar var. Əgər doğurdan da Azərbaycanda insan hüquq və azadlıqları pozulsaydı hətta erməni belə düşmən hesab etdiyi Azərbaycana qaçardımı? Əsla yox. Hələ bu sıraya bir milyona yaxın soydaşımızın erməni işğalı nəticəsində öz hüquqlarından məhrum olmasını əlavə etmirik. Bütün bunlar bir daha onu sübuta yetirir ki, Avropa Şurası və onun baş katibini, eləcə də qurumdakı bəzi antiAzərbaycan qüvələri insan hüquq və azadlıqları deyil, yalnız Azərbaycana təzyiq göstərmək maraqlandırır və onların fəaliyyəti məhz bu istiqamətə köklənib.
Avropa Şurası baş katibinin belə bir qərarı heç şübhəsiz ki, Azərbaycanda ciddi etirazla qarşılanıb.
"Vətəndaşların Əmək Hüquqları Liqa"sının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, Avropa Şurasının baş katibi öz nümayəndəsini Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupundan geri çağırmaqla dialoqa qarşı olduğunu nümayiş etdirib. Onun sözlərinə görə, Torbyorn Yaqlandın bu qərarı Avropa Şurasının daşıdığı statusla bir araya sığmır: "Yaqland nəzərə almalı idi ki, Avropa Şurası QHT deyil və bu cür emosional addım atmamalı idi. Yaxşı olardı ki, əməkdaşlığın daha geniş formada davam etdirilməsi barədə təkliflər verəydi. O, belə bir əsas gətirir ki, guya Azərbaycanda siyasi məhbuslar dözülməz şəraitdədir. Bunu deyərkən hansı informasiyaya istinad edirlər?". Sahib Məmmədovun sözlərinə görə, hətta "siyasi məhbus" olduğu iddia edilən məhbusların özləri də bəyan edir ki, saxlanma şəraiti ilə bağlı onlara heç bir təzyiq yoxdur: " Yaqland və onun nümayəndəsi işçi qrupunda olmayanda, nə olacaq ki?! Bunun işçi qrupunun fəaliyyətinə heç bir təsiri olmayacaq və biz bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik".
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvü Yusif Babanlının sözlərinə görə, bu "qərar" bir daha göstərir ki, onların məqsədi heç də iddia etdikləri kimi insan hüquqlarının qorunması deyil: ""Əgər onların məqsədi doğrudan da insan hüquqlarının qorunması olsaydı, Azərbaycanda Ermənistan tərəfindən haqqı tapdalanan bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasına münasibət bildirərər, elə vaxtilə özlərinin qəbul etdikləri məlum qətnamənin icra olunması üçün Ermənistana ciddi təzyiqlər göstərərdilər". Yusif Babanlı deyib ki, onlar Azərbaycana xəyanət edən, Azərbaycanın mənafeyini satan adamları dəstəkləyirlər: "Kim ki, onlarla saxta yolla əməkdaşlıq edir, onların təsiri altına düşür, onlardan Azərbaycana qarşı istifadə etməyə çalışırlar".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00