Azərbaycan seçicisi kimə səs verəcək?
8 Oktyabr 2015 15:48 SiyasətArtıq parlament seçkilərinin daha bir mərhələsi- namizədlərin qeydə alınması mərhələsi geridə qaldı. Oktyabrın 9-dan namizədlərin təbliğat-təşviqat mərhələsinə start verilir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə ötən müddət ərzində 1200-ə yaxın namizəd qeydə alınıb. Namizədliyi qeydə alınanların cəmi 20 faizini siyası təşkilatların nümayəndələrı təşkil edir. Yerdə qalan 80 faiz namizəd isə bitərəflərdən ibarətdir.
Parlament seçkilərinə ən çox namizədlə qatılan siyasi təşkilat hakim Yeni Azərbaycan Partiyasıdır ki, YAP bu dəfə 117 dairədən namizəd irəli sürüb. Yeni Azərbaycan Partiyasından fərqli olaraq müxalifət partiyaları isə nisbətən məhdud sayla seçki prosesinə qoşulub.
Seçkilərə hazırlıq prosesi, eləcə də partiyaların bu prosesdə iştirak imkanlarını qiymətləndirsək əminliklə deyə bilərik ki, bu dəfəki seçkilərin qalibi də məhz Yeni Azərbaycan Partiyası olacaq. Müxalifətə gəlincə isə bu düşərgənin yenidən məğlubiyyət açısı yaşayacağı şübhə edilmir. Əslində bu düşərgə, xüsusilə onun radikal qanadı məğlubiyyəti ilə əvvəlcədən barışıb. Və elə bu səbəbdəndir ki, hakimiyyətə gəlmək iddiasında olan siyasilər onun əsas yolu sayılan seçki prosesində iştirakdan imtina ediblər.
***
Parlament seçkilərində iştirakdan imtina edən partiyalar Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Pasrtiyasıdır ki, həmin partiyalar seçkilərin keçirilməsi üçün ölkədə demokratik şəraitin olmadığını iddia edirlər. Reallıq isə ondan ibarətdir ki, boykot yolunu tutan partiyaların iddiaları tamamilə əsassızdır. Bunu sübuta yetirmək üçün yaxın tarixə, bir qədər də dəqiqləşdirsək iki il əvələ nəzər salmaq kifayətdir. Məlumat üçün qeyd edək ki, 2013-cü ildə ölkədə keçirilən prezident seçkilərində hər iki partiya fəal iştirak edirdi. Düzdür, AXCP və ADP-nin partiya kimi namizədi olmasa da, birinci seçkilərə Milli Şuranın tərkibində, digəri isə Ümid Partiyası ilə birlikdə "Qarabağ" blokunda gedirdi. Hətta cəbhəçilərdə şimal qonşumuzdakı müəyyən siyasi çevrələr belə bir təəssürat yaratmışdılar ki, Milli Şuranın namizədi seçkilərin qalibi olacaq. Ancaq nədənsə 2013-cü ilin parlament seçkilərində həmin qüvvələri bu gün ortaya atdıqları iddialar maraqlandırmırdı. Məlumat üçün deyək ki, 2013-cü ilin prezident seçkiləri də cəbhəçi və demokratların bu gün irad tutduqları Seçki Məcəlləsi ilə keçirilirdi. Yəni seçki qanunvericiliyi baxımından ötən iki il ərzində cəbhəçiləri razı, yaxud narazı sala biləcək heç bir addım atılmayıb. Onda seçkilərdə iştirakdan imtinanın kökündə nə dayanır? Əslində cavab da aydınıdır. Sadəcə bəzi xatırlatmalara ehtiyac var. Yuxarıda qeyd etdiyimiz kimi bu siyasi qüvvələr, xüsusilə AXCP seçkilərdə məğlub olacaqlarının fərqindədir. Əgər 2013-cü ildə onların güvəndiyi xarici dairələr var idisə, bu gün həmin dairələr də radikal siyasi qüvvələrlə hansısa bazarlığa getməyi lazım bilmir. Birincisi ona görə ki, bu qüvvələr tədricən öz siyasi gücünü və elektoratını itirir. Bir neçə il əvvəl kütləvi aksiyalara xarici dairələrin verdiyi maliyyə vəsaiti ilə minlərlə adam çıxarmağa nail ola bilən AXCP və onun bir qanadı olan Milli Şura hətta sosialyönümlü aksiyalara belə cəmi 100-200 adam cəlb edə bilir. Yəni cəmiyyət birmənalı olaraq bu kimi siyasi təşkilatlara dəstək nümayiş etdirmir. Digər tərəfdən cəmiyyət radikal, barışmaz mövqeyini qəbul etmir, konstruktivlik arzulayır. Lakin cəmiyyətlə işləyə bilməyən siyasi təşkilatlar isə hələ də 1988-90-cı illərin meydan hərəkatı eyforiyasından ayrılıb sağlam mübarizə yolu müəyyənləşdirə bilmirlər. Bu amil özü də cəmiyyətin onlardan uzaqlaşmasına gətirib çıxarır. Eyni zamanda artıq Avropa və Qərbdəki dairələr də illərlə bəslədiyi siyasi təşkilatlara etibar etmirlər. 20 ildən artıq müddətdə bir dəfə də olsun bir araya gələrək seçkidə vahid platformadan çıxış etməyi bacarmayanlar artıq xarici himayədən də məhrum olublar. Bu gün onları yalnız erməni lobbisinin maraqlarına xidmət edən dar düşüncəli məhdud sayda xarici QHT-lər və onların təmsilçiləri müdafiə edirlər ki, bu dəstəklə də hansısa nətəcəyə nail olmaq qeyri-mümkündür. Məhz bütün bu reallıqları görən radikal siyasi təşkilatlar biabırçı məğlubiyyətdənsə seçkilərdə iştirak etməməyi üstün tuturlar.
Yuxarıda qeyd etdiyimiz kimi bu gün Azərbaycan cəmiyyəti yalnız sağlam mübarizə üsulu, konstruktiv mövqeni dəstəkləyir. Ötən illərdə keçirilən parlament seçkilərində müxalifətin konstruktiv qanadının mandat qazana bilməsi də deyilənləri təsdiqləyir. Təqdiredilməli hal ondan ibarətdir ki, artıq vaxtı ilə radikallarla bir sırada olan digər müxalif siyasi təşkilatlar da konstruktiv mübarizə üsuluna üstünlük verərək sağlam mübarizə metodu seçirlər. Bu mənada vaxtı ilə BAXCP, Böyük Quruluş, Ədalət, Milli Dirçəliş Hərəkatı Partiyasının nümayiş etdirdiyi konstruktiv və sağlam mübarizə metodu özünü doğruldur. Artıq Vətəndaş və İnkişaf, Azərbaycan Liberal Demokrat Partiyası da bu mübarizə üsuluna keçərək ölkədə sağlam rəqabət mühitinin formalaşdırılmasına dəstək olular. Bütün bunlardan gəlinən nəticə isə ondan ibarətdir ki, bir vaxtlar radikalların ətrafında cəmləşmiş elektorat bu dəfə BXCP, MDHP, VİP kimi partiyalara etimad göstərəcklər.
S.İsmayılbəyli