Oqtay Əsədov Əfqanıstan səfirini qəbul edib

Milli Məclisin Sədri Oqtay Əsədov Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalilini qəbul edib. Sədr bildirib ki, Azərbaycan və Əfqanıstan arasındakı iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması günün tələbidir. Sədr münasibətlərimizin inkişafında parlamentlərin roluna diqqət çəkərək bildirib ki, Milli Məclisdə və Əfqanıstan Parlamentinin Milli Assambleyasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatların nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir. Gələcəkdə dostluq qruplarının fəaliyyətinin gücləndirilməsi ümumi məqsədlərə xidmət edir.

Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalili səmimi qəbul üçün minnətdarlığını bildirərək diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin genişləndirilməsində səylərini əsirgəməyəcəyini söyləyib. O, xalqlarımızın tarixən dost və qardaş olduğunu vurğulayaraq, ölkələrimizin bir sıra regional və beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü kimi fəal əməkdaşlıq etdiklərini deyib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00