YAP seçkini 11 mindən artıq nümayəndə ilə izləyəcək

Yeni Azərbaycan Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün hər bir dairəyə və bütün məntəqələrə müşahidəçilərini və məşvərətçi səs hüquqlu üzvlərini təyin edib. "OLAYLAR"-ın partiyanın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, YAP Azərbaycan Respublikası Seçki Məcəlləsinin seçkilərdə iştirak edən siyasi partiyalara verdiyi hüquqdan yararlanaraq, ölkə üzrə mövcud 125 dairənin, eləcə də bu dairələr üzrə 5415 seçki məntəqəsinin hər birinə özünün  müşahidəçilərini və  məşvərətçi səs hüquqlu üzvlərini təyin edib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası seçki dairələri üzrə 125 nəfər  müşahidəçi, seçki dairələri üzrə 125 nəfər  məşvərətçi səs hüquqlu üzv, seçki məntəqələri üzrə 5415 nəfər  müşahidəçi, seçki məntəqələri üzrə isə 5415 nəfər məşvərətçi səs hüquqlu üzv təyin edib. Beləliklə, Yeni Azərbaycan Partiyası noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkiləri müşahidəçi və məşvərətçi səshüquqlu üzv statusunda 11 mindən artıq nümayəndə ilə izləyəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00