Deputat təklif edir

“Ön cəbhədə yerləşən kəndlərdən ali məktəbə daxil olanlar ödənişli təhsildən azad olunsun”

Millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən kəndlərin sakinləri üçün bəzi güzəştlərin verilməsini təklif edib: "Ön cəbhədə yerləşən kəndlərimizdə yaşayan insanlarımız hər zaman böyük fədakarlıqla heç bir çətinlikdən və düşmən təxribatlarından çəkinməyərək öz evlərində yaşamaqda davam edərək düşmənə ən layiqli cavabı verirlər və bu gün bu cür kəndlərimizə dövlət tərəfindən dəstəyi daha da artırmaq yaxşı olardı. Ön cəbhədə yaşayan insanlarımız hər zaman cənab Prezident İlham Əliyevin diqqət və qayğısı altındadır". Millət vəkili təklif edib ki, bu kəndlərdən ali məktəblərə daxil olan gənclərin ödənişli təhsildən azad olunması yaxşı olardı: "Hər halda o cür gərginlik altında yaşayan gənclərlə digər rayonların sakinləri arasında ciddi fərq var. Belə kəndlərə qoyulan sərmayə azdır. Həmin ərazilərdə iş quran adamların vergidən azad olunması yaxşı olardı. Bu, həmin yerlərdə yeni iş yerlərinin açılmasına da təsir edərdi. Sosial yardımların təyin edilməsində də müəyyən dəstək göstərilməsi yaxşı olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00