Parlament iki sazişi təsdiq edib
6 Oktyabr 2015 13:54 SiyasətMilli Məclisin oktyabrın 6-da keçirilən iclasında "Azərbaycan Respublikasının Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanunun layihəsi müzakirə edilib. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, hər iki ölkə arasında yaxın əlaqələr var və saziş tərəflərin beynəlxalq standartlara əsasən hava uçuşlarını nəzərdə tutur. Deputatlar müzakirəsiz layihəni təsdiq ediblər. Daha sonra Azərbaycan Respublikası ilə Kanada Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti arasında notalar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə qanunun layihəsi qəbul edilib. Bu layihəyə əsasən hər iki ölkədə fəaliyyət göstərən diplomatların ailə üzvləri işləmək hüququ əldə edir. Parlamentin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, digər ölkələrlə də, analoji sazişin imzalanması üçün işlər aparılır.