Seyşel adaları da Azərbaycandakı seçkiləri izləməyəcək: ser Ceymsin işi var
5 Oktyabr 2015 18:03 SiyasətSakit okandakı kiçik ada dövləti - Seyşel Adaları Azərbaycandakı parlament seçkilərini izləmək üçün müşahidəçi göndərə bilməyəcək. Virtualaz.org xəbər verir ki, buna səbəb Seyşel adalarının qurucu prezidenti, ser Ceyms Riçard Mençemin əlində "vacib işinin" olmasıdır. 76 yaşlı Ceyms Riçard Mençemi Azərbaycandakı seçkiləri izləməyə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, habelə Asiya-Sakit okean Demokratlar İttifaqı (CARDİ) dəvət edib. Xatırladaq ki, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Azərbaycan parlamentinin deputatı Asəf Hacıyevdir. Ser Ceyms Seyşel adaları dövlətinin ilk prezidenti (1976-1977-ci illər) olub, vəkil və ictimai-siyasi xadimdir. Bundan əvvəl Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçilik edib. Ser Ceymsə göndərilən dəvətnamədə xahiş olunurdu ki, o, 6 nəfərlik nümayəndə heyəti formalaşdırıb Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləsin. Lakin Ceyms Mençem bunu edə bilməyəcəyini deyib. "Bu, əlbəttə, yaxşı iş deyil ki, mən parlament seçkilərini izləmək üçün Azərbaycanda ola bilməyəcəm. Çünki mən həmin vaxt prezident seçkilərini müşahidə etmək üçün Seyşel adalarında olmalıyam"- deyə keçmiş prezident Seyşel adalarının yerli KİV-lərinə bildirib.
Xatırladaq ki, ATƏT DTİHB və təşkilatın Parlament Assambleyası Azərbaycandakı seçkiləri izləməkdən imtina edib. Buna səbəb DTİHB-in müşahidə missiyasının üzvlərinin sayının Bakını qane etməməsidir. Rəsmi Bakı daha azsaylı missiya tələb edib, DTİHB isə bununla razılaşmayıb və müşahidə missiyasını göndərməkdən imtina edib.