“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar müşavirə keçirilib

Oktyabrın 2-də Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə`"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib. Seminarı giriş çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, belə bir tədbirin keçirilməsi təşəbbüsü Prezident Administrasiyasından gəlib. Hər seçki ərəfəsində MSK-nın sözügedən mövzuda tədbirlər, seminarlar keçirdiyini deyən Məzahir Pənahov qeyd edib ki, 1 noyabr parlament seçkiləri ərəfəsində də anoloji tədbirin keçirilməsi planlaşdırılmışdı. MSK sədri bildirib ki, Azərbaycan Respublikasının Prezident Administrasiyası, xüsusilə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi  Əli Həsənovun təşəbbüsündən sonra belə bir formatda tədbirin keçirilməsi qərarlaşdırıldı. Rəhbərlik etdiyi qurumun mətbuata hər zaman açıq olduğunu deyən MSK sədri bildirib ki, mətbuat olmadan bu kimi işləri görmək, seçki proseduru barədə cəmiyyəti məlumatlandırmaq mümkün olmaz: "Biz həm yerli, həm də beynəlxalq mətbuat orqanlarının tədbirlərimizdə yaxından iştirak etməsini istəyirik. İstəyirik ki, seçkilərdə Azərbaycan xalqının iradəsinin ortada olması ilə bağlı heç bir şübhə yeri qalmasın. Şərait yaratmışıq ki, KİV nümayəndələri sadəcə jurnalist vəsiqələri ilə seçki prosesində əvvəldən axıra kimi iştirak etsinlər. Şərait yaratmalıyıq ki, hər kəs iradəsini ortaya qoysun. Seçkinin missiyası odur ki, çoxluğun fikri ortaya qoyulsun. İndiyə qədər seçkilərdə çoxluğun fikrinin ortaya qoyulması baxımından heç bir problem olmayıb. Bundan sonra da seçkilərə kölgə salmaq üçün heç kimə bəhanə verilməməlidir". MSK sədri namizədlərin qeydiyyata alınma müddətinin oktyabrın 2-i axşam(dünən) başa çatdığını, oktyabrın 9-dan təşviqat kampaniyasına start veriləcəyini söyləyib: "Ona görə də bu tədbirin keçirilməsini zəruri saydıq. Bir məqamı da qeyd etmək istəyirəm ki, sosial şəbəkələr də faktiki daimi mətbuat orqanıdır. Sosial şəbəkədə təşviqat baxımından addım atılanda yüzlərlə dövrü nəşrin təsirindən daha çox olur. Ona görə də bu məsələyə də diqqət yetirilməlidir".
Məzahir Pənahovun sözlərinə görə, demokratiyada seçki yeganə prosesdir ki, ölkələrin başqa ölkənin daxili işlərinə qarışmasına imkan verir: "Dünya idarə olunan dünyadır, ancaq standartlar eyni olmalıdır. Dünyanın heç yerində ideal seçki keçirilməyib. Milyonlarla insanın iştirak etdiyi, çoxlu sayda subyektlərin olduğu prosesdə neqativ hallar qaçılmazdır. Əsas odur ki, müvafiq orqanlar buna dərhal, çevik reaksiya versin. Çatışmazlıqlardan qorxmaq lazım deyil". Sosial şəbəkələrdə namizədlərin qanunsuz təbliğ olunmasına toxunan Məzahir Pənahov qeyd edib ki, bu barədə fikir səsləndirməkdə məqsədi ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməkdir: "Əsas odur ki, Azərbaycan ictimaiyyəti bizim fikrimizi müdafiə etsin".


***

Mətbuat Şurasının sədr müaini Umud Mirzəyev çıxış edərək təmsil etdiyi qurumun bu və ya digər seçki ərəfəsindəki fəaliyyəti, KİV nümayəndələri üçün treninqlərin keçirilməsi barədə məlumat verib.      Mərkəzi Seçki Komissiyasının üzvüləri Qabil Orucov "Seçkiqabağı təşviqatsa dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri", Fuad Cavadov isə "Ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri" mövzusunda məruzə ilə çıxış ediblər. Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib ki, ölkə mühüm ictimai-siyasi hadisə astanasındadır. O, bildirib ki,  Azərbaycanın demokratik imicinin formalaşdırılması baxımından yaxşı fürsət yaranıb: "Hər zaman olduğu kimi bu dəfə də həmin fürsətdən yararlanıb beynəlxalq aləmdə öz demokratik imicimizi təqdim edəcıyik. Hər seçki ərəfəsində biz yeniliklərə nail olur, dünyaya öz standartlarımızı təqdim edirik. Təbii ki, bu prosesdə KİV- in də rolu danılmazdır". MTRŞ sədri deyib ki, bəzən namizədlər həddən artıq öz siyasi reklamını təşkil edir: "Ancaq televiziyalar hər bir namizədlərə bərabər imkanlar yaratmalıdır. Regional telekanalların imkanlarından da istifadə etməyi, yararlanmağı tövsiyyə edərdik. Bəzən isə seçki kampaniyası zamanı namizədlərin çıxışını bir şouya çevirirlər.  Hesab edirəm ki, bu yolverilməzdir". Sonda KİV nümayəndələrinin iştirakı ilə müzakirələr keçirilib.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00