“Siyasət adamlarının Ağ Ev rəhbərinin çıxışını sevincək qarşılaması təəccüblüdür”
Rəşad Quliyev: “Bu adamlar ölkəmizin Suriya, İraq, Liviya, Əfqanıstan və Misirdə olduğu kimi qan gölünə çevrilməsini istəyirlər”
2 Oktyabr 2015 16:53 SiyasətBu günlərdə bütün dünyanın diqqəti okeanın o tayına, Birləşmiş Millətlər Təşkilatının toplantısına yönəlmişdi. Xüsusilə həmin toplantı çərçivəsində Birləşmiş Ştatlar prezidenti Barak Obamanın BMT Assambleyasındakı çıxışı diqqətlə izlənilirdi. Gözlənilirdi ki, Ağ Ev rəhbəri dünyanın ən nüfuzlu təşkilatı sayılan BMT tribunasından çıxışı zamanı əsas diqqəti regional münaqişələr və onların həlli yolları, həmçinin bəşəriyyəti narahat edən başlıca problemlərə yönəldəcək. Ancaq gözlənildiyindən fərqli olaraq Barak Obama çıxışının əsas məğzini sırf Amerikanın maraqları üzərində qurdu. Eyni zamanda Ağ Ev rəhbərinin çıxışından o da məlum oldu ki, Birləşmiş Ştatlar bundan sonra da bir sıra ölkələrə demokratiya adı altında fəlakətlər gətirəcək.
***
Elə Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı katibi Rəşad Quliyev də bu qənaətdədir. O, bildirib ki, Birləşmiş Ştatlar prezidentinin BMT Assambleyasındakı çıxışı hər bir ölkə kimi Azərbaycanda da diqqətlə izlənildi, mətbuatımızın, insanlarımızın diqqət mərkəzində oldu: "Çıxışı zamanı diktatorlarla bağlı bir neçə dəfə təkrar-təkrar fikir bildirən Birləşmiş Ştatlar prezidenti Barak Obama nədənsə, Amerika ordusunun İraqda qətlə yetirdiyi yüz minlərlə insandan, Əfqanıstan, Pakistanda "təsadüfi" bombardmanlarda öldürülmüş insanların aqibətindən bir kəlmə də olsun danışmadı. Bir də axı Obama hansı diktatorlardan danışır və ya danışmağa haqqı çatır? Yaxın keçmişə qədər Qəddafi, Hüsnü Mübarək, Ben Ali, Bəşər Əsəd və digərləri ilə iş birliyində olan, Amerika Administrasiyası deyildimi ? İŞİD-i qurub yaradıb dünyaya təqdim edən, onlara silah yardımı edən Amerika administrasiyası deyilmi?" Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı katibi deyib ki, nəinki Barak Obamanın, ümumiyyətlə heç bir Amerika prezidentinin səmimiyyətinə inanmır. O, qeyd edib ki, siyasətdən və tarixdən az-çox məlumatı olan adamların Amerika prezidentinin çıxışını sevincək halda paylaşmasına da təəccüblənir: "Bu adamlar ya doğurdan da məlumatsızdırlar, ya da ölkəmizin Suriya, İraq, Liviya, Əfqanıstan, Misirdə olduğu kimi qan gölünə çevrilməsini istəyirlər. Yaxud da ərəb ölkələrində baş verənlərin Birləşmiş Ştatların iradəsindən kənar baş verdiyini düşünəcək qədər sadəlövhdürlər? Bu adamlar Afrikada müxalifəti, iqtidarı silahlandırıb bir-birinə qırdırıb, zəngin Afrikanı "sümürən", ac, səfalət içərisində saxlayanların məhz imperialistlərin olduğunu bilmirlərmi?" Rəşad Quliyev bildirib ki, Birləşmiş Ştatlar bu günə qədər silah monopolistləri, insan alverinə, narkotika mafiyasına rəhbərlik edənlər tərəfindən idarə olunur: "Məhz ona görə də məktəbdə şagirdlərin bir- birilərini güllələməsindən sonra Barak Obamanın "silah alverinə son qoyacağıq" bəyanatının nəticəsi olmadı. Ağ Ev rəhbəri etiraf etdi ki, silah monopolistləri ilə bacara bilmədi. Başqalarına demokratiya dərsi keçməyə cəhd edən Obamanın ölkəsində rüşvət qanuniləşdirilib və neftlə zəngin ölkələrin məmurları "lobbiçilik" adı altında məhz bu ölkənin məmurlarına hər il milyonlarla dollar məbləğində rüşvət verirlər. Yalnız Afrika qitəsinin səfalət içərisində olması, hər gün minlərlə körpənin aclıqdan ölməsi faktı Amerikanın "ədalətini" gözlər önünə qoyur. Başqa şeydən danışmağa onsuz da gərək qalmır. Son olaraq minlərlə insanın qətlində əli olan Amerika rəhbərliyini demokrat hesab edənlərin, cəmiyyətə Amerikanı pozitiv formada təqdim etmək istəyənlərə sual verirəm. Birləşmiş Ştatları müdafiə etmək heç vicdanınızı sızlatmadımı?!"
Süleyman