Azərbaycan Almaniya əlaqələri inkişaf edir

Milli Məclisin Almaniya ilə parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu üzvlərinin Almaniya nümayəndə heyəti ilə görüşü olub. İşçi qrupunun üzvü, deputat Çingiz Əsədullayev qonaqlara Azərbaycanın Almaniya ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini, siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini söyləyib. Qeyd edib ki, Azərbaycan dünya dövlətləri ilə ikitərəfli münasibətləri əhəmiyyətli hesab edir və Almaniya ilə də belə əlaqələrin dərinləşməsində maraqlıdır. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, yeni texnologiyaların tətbiqi sahəsində Almaniyanın dəstəyi təqdirəlayiqdir. Təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində Almaniya ilə təcrübə mübadiləsinin aparılması da əhəmiyyətli məsələlərdəndir. Görüşdə çıxış edən millət vəkili Fəttah Heydərov bildirib ki, iki ölkə arasında əlaqələr dərin tarixi köklərə malikdir. O, Almaniyaya etdiyi səfərlər, orada azərbaycanlılara olan münasibət barədə xoş təəssüratlarını bölüşdü. Müasir dünyada gedən siyasi proseslər, o cümlədən qaçqınlar probleminin kəskinləşməsi, beynəlxalq səviyyədə müxtəlif ölkələrə qarşı ikili standartların tətbiqi məsələlərinə toxunub. Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Sənətkarlar palatasının keçmiş prezidenti, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer, qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda öz geosiyasi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir. Ölkədə iqtisadi, humanitar sahələrdə böyük irəliləyiş müşahidə olunur. Qonaq siyasi sahədə, habelə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00