Azərbaycan Rusiyanın İŞİD əməliyyatlarına qoşula bilərmi?

Əlisahib Hüseynov: “Dünya ictimaiyyəti bu məsələdə Azərbaycanın yanında olmalı, Qarabağda terrorizmin qarşısını kəsmək üçün dəstək göstərməlidir”

"Azərbaycan həmişə terrorizmə, radikalizmə qarşı olub və bir çox beynəlxalq əməliyyatlarda dünyada sülhün qorunması üçün iştirak edib". Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov Azərbaycanın İŞİD-ə qarşı əməliyyatlar üçün öz hava məkanını Rusiyaya açması barədə yayılan məlumatlara münasibət bildirib. Ə. Hüseynov "Olaylar"a bildirib ki, Azərbaycan dünyanın bütün ölkələriylə istər hava, istərsə quru yollarla qarşılıqlı anlaşma əsasında əlaqələr qurur: "Hərbi hava əməliyyatlarında Rusiyaya Azərbaycanın hava məkanı açmaq iddiasına mənə elə gəlir ki, ən dəqiq cavabı da bu məsələyə səlahiyyətli şəxslər verə bilər. Şübhəsiz ki, hər bir məsələdə Azərbaycanın dövlət maraqları birinci yerdə durmalıdır. Öncə, biz bu əməliyyatlarda iştirak edəriksə, dövlət olaraq nə əldə edəcəyik, bunu düşünməliyik. Bu gün işğal altında olan Qarabağda da terror düşərgələri və separatçılar mövcuddur. Dünya ictimaiyyəti bu məsələdə Azərbaycanın yanında olmalı, Qarabağda terrorizmin qarşısını kəsmək üçün dəstək göstərməlidir. Artıq 30 ilə yaxındır ki, Qarabağda terrorizm fəaliyyətləri davam edir. Amma dünya nəinki, bu əməliyyatlarda iştirak edərək Azərbaycana dəstək olur, əksinə dövlət suverenliyimizin qorunması, separatizmin kökünü kəsmək üçün başladıla biləcək hər hansı əməliyyat ehtimallarına qarşı belə, öncədən narahatlığını ortaya qoyur. Beynəlxalq koalisiya özü ilk növbədə Azərbaycana qarşı səmimi olmalıdır. Məncə, məhz bundan sonra Azərbaycanın bu əməliyyatlarda hansı formada iştirak edəcəyini düşünmək olar". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00