Diplomatların məsuliyyəti həm də Vətən sevgisindən yaranır
1 Oktyabr 2015 13:55 SiyasətMilli Məclisin payız sessiyasının ilk iclasında "Diplomatik xidmət haqqında" qanuna edilən əlavə və dəyişikliklər ciddi müzakirə predmetinə çevrilib. Verilən izahata görə, qanunda edilən dəyişiklik diplomatların məsuliyyətinin artırılmasına xidmət edir. Konkret olaraq bununla Azərbaycan diplomatlarının yol verdikləri nöqsanlarla bağlı cəzaların əhatə dairəsi genişləndirilir. Belə ki, sənədə əsasən "Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə" diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər. Maddənin hazırkı variantı isə belədir: "Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər". "Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə" hissəsi 11.2 maddəsinin əvvəlinə əlavə edilir. Əlavədən sonra 11.2 maddəsi belədir: "Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər". Maraqlıdır, inzibati amillərlə diplomatların məsuliyyət hissini artırmaq mümkündürmü? Axı, diplomatlar həm də dövlətin əsgəridir, istənilən an Vətən uğrunda canlarından belə keçməyə hazır olmalıdırlar. Ancaq çox təəssüf ki, bəzi hallarda diplomatların da ayrı-ayrı qüvvələrin təsiri altına düşməsi praktikası yox deyil.
***
Millət vəkili, Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc bildirib ki, diplomatların öz məsuliyyətlərini, xüsusən, dövlət qarşısındakı öhdəliklərini dərk etmələri olduqca vacib məsələdir: "Diplomatlar həm də açıq mənada ölkənin kəşfiyyat fəaliyyətini yerinə yetirənlərdir. Çünki onlar məxfi informasiya daşıyıcılarıdır, ölkənin həyatı ilə bağlı müxtəlif ssenariləri, siyasəti, qərarları bilirlər. Onların bir qisminin məxfilik dərəcəsinə görə şifrələnmiş kodlara çıxışı olur. Ona görə də bu sferada fəaliyyət aparan adamlar ömrünün sonuna qədər o informasiyaları qorumağa borcludurlar. Necə ki, sabiq kəşfiyyatçılara, bu sahədə çalışan əməliyyatçılara sabiq sözünü aid etmirlər və düşünürlər ki, onlar daim bu işi hansısa bir formada yerinə yetirirlər. Eləcə də diplomatlar üçün bu sözləri demək olar. Lakin buna baxmayaraq biz son illərdə gördük ki, bu ölkənin daxili həyatından özünə dost şəbəkələri düzəldib, onu ölkə əleyhinə istifadə edə bilməyənlər bu fəaliyyəti xarici məkana çıxarmağa çalışdılar. Azərbaycanın bir-iki diplomatını ələ keçirmək, casus fəaliyyətinə cəlb etmək, onların üzərində bir missiya qurmaq üçün addımlar atıldı. Xatırlayıram ki, cənab prezident bu ilin əvvəlində Nazirlər Kabinetində keçirdiyi müşavirədə çox mühüm bir tezis, əslində bir az da sətiraltı məna ilə bir mesaj verərək demişdi ki, bizim ayrı-ayrı dövlət adamları müxtəlif təsir altına düşə bilirlər. Ona görə də hesab edirəm ki, bir adamın hansısa təşkilat yaratması, fəaliyyət aparması, lisenziyasına kimisə aid etməsi, ölkədaxili siyasi mübarizəyə qatılması, hansı ideyada bulunmasının Azərbaycan hakimiyyətinə, Azərbaycan iqtidarına, bu ölkənin real həyatına heç bir önəmi yoxdur. Amma nəzərə almaq lazımdır ki, onlar özlərində məxfi informasiyanı daşıyırlar. Onların nə ixtiyarı var ki, həmin informasiyalardan gen-boluna istifadə etsinlər. Ona görə də bu dəyişikliyi çox əhəmiyyətli hesab edirəm". Millət vəkili hesab edir ki, diplomatlar bu fəaliyyətlərinə görə Vətən, dövlət, xalq qarşısında məsuliyyət daşıyırlar. Onların ixtiyarları yoxdur ki, Brüssel, Berlin, yaxud başqa dəhlizlərdə Azərbaycanın həyatı, bu günü, yaxud keçmişi ilə bağlı hansısa məsələləri bölüşsünlər: "Mən iddia etmirəm ki, onlar qeyri-adi dərəcədə böyük informasiyalara malikdirlər. Buna baxmayaraq hər bir dövlətin qarşısında o insanlar imza edirlər və bu imzalarına görə də məsuliyyət daşıyırlar. Diplomatik xidmətə gəlmə, gəlmisənsə açıq məkanda, açıq mübarizə məkanlarında bu ölkə qarşısında götürdüyün öhdəliyə əməl etməlisən. Nə zaman üzərinə götürdüyün öhdəliyi pozursansa, o zaman dövlətin ixtiyarı var ki, hər hansı şəkildə olsa belə ölkəyə gətirsin və qanun qarşısında cavabdehliyə cəlb edilsin".
Qətiyyətlə demək olar ki, son illərdə Azərbaycan diplomatları beynəlxalq miqyasda bir sıra uğurlara imza atıblar. Hazırda Azərbaycanın xarici siyasəti bu istiqamətdə davam edir. Şübhəsiz ki, Azərbaycan dövlətinin xarici siyasətinin beynəlxalq aləmdə əldə etdiyi mühüm nailiyyətlər, gəlib çıxdığı yeni mərhələ diplomatik fəaliyyət haqqında qanunun da müasir dövrün tələblərinə uyğunlaşmasını tələb edir.
Alim