Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib

Sentyabrın 30-da Milli Məclis payız sessiyasının ilk iclasını keçirib. İclasda əvvəlcə MM-in 2015-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiq edilib. Millət vəkili Zahid Oruc təklif edib ki, parlament tələbə qəbulu ilə bağlı yeni qanun qəbul etdin: "Dövlət 23 yaşına qədər hər iki valideynini itirən uşaqların təhsil haqqını öz üzərinə götürüb. Bu, yaxşıdır. Amma gerçəklikdə belə şərait yaranır. O, 23 yaşına qədər bakalvrı bitirir və magistraturaya daxil olur. Bir il orada oxuyur və ikinci ili təhsil haqqı ilə üz-üzə qalır. Yaxşı olar ki, qanunda dəyişiklik edilərək o şəxslərə təhsilə başladıqları kimi onun bitməsinə qədər kömək etsinlər". Deputat ali təhsil müəssisələrinə keçid balının yuxarı qaldırılmasına da münasibət bildirib: "Təhsilli gənclər gələcəkdə dövlətin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Məncə, tələbə qəbulu ilə bağlı qanun qəbul edilməlidir. Təhsilə qəbul prosesi şəffaf gedir. Keçid balı qanunla qəbul edilməlidir". Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, hər şey parlamentin qəbul etdiyi qanunla həll edilmir: "Nazirlər Kabineti də var, hər şeyi bizimlə bağlamayın". Millət vəkili Musa Quliyevin Azərbaycanda uşaqların anadangəlmə lal-karlığının aradan qaldırılması ilə bağlı qanunvericilikdə dəyişiklik edilməsi təklifi deputat həmkarları tərəfindən dəstəklənib. Deputat Qənirə Paşayeva bildirib ki, uşaq lal və kar olanda dövlət 18 yaşa qədər onlara müəyyən məbləğdə müavinət verir: "Ancaq əgər qanunvericiliyə dəyişiklik etməklə bu uşaqlar vaxtında əməliyyat olunarsa, bu, həm dövlət, həm də cəmiyyət üçün daha faydalı olar". Q.Paşayeva əlavə edib ki, orta məktəb müəllimlərinin böyük bir hissəsi sosial ipotekadan yararlana bilmir, ona görə də bu məsələyə xüsusi diqqət ayrılmalıdır. O, bildirib ki, orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların bir çoxu dövlətin bu sistemindən yararlana bilmirlər: "Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Bu, müəllimlərimiz üçün böyük dəstək olardı. Dövlət başçımız cənab İlham Əliyevin sosial ipotekadan daha çox insanlarımızın yararlanması istiqamətində siyasəti, tövsiyyə və tapşırıqları insanlarımız arasında çox yüksək qiymətləndirilir və inanırıq ki, yaxın zamanlarda orta məktəb müəllimlərinin də hərbçilərimiz, elm dalınca gedən insanlarımız və bəzi qruplar kimi sosial ipotekadan güzəştli şərtlərlə yararlana bilməsi üçün addımlar atılacaq". Deputat onu da vurğulayıb ki, orta məktəb müəllimlərinin əksəriyyətinin əmək haqları sosial ipotekadan geniş yararlanmağa imkan vermədiyi üçün onlarla bağlı ilkin ödəniş, kreditlərin müddəti, həcmi və faizləri ilə bağlı xüsusi yanaşma mexanizmlərinə ehtiyac var. Deputat Əli Məsimli Azərbaycanda orta aylıq əmək haqlarından söz açıb. Bildirib ki, Azərbaycanda orta aylıq əmək haqqı 500 manatın cuvarındadır. Təhsil haqları isə minimum 1000 manat, maksimum isə 5000 manatdır. Hər təhsil alan 3 tələbədən ikisi ödənişli təhsil alır. Bu baxımdan təhsil kreditləri haqqında qanun layihəsinin müzkairəsi bu sessiyada aparılsa yaxşı olar. Sonra millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər. "Qaz təchizatı haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib ki, yenə də qış aylarında yeni tikilən hündürmərtəbəli binalar qazsız qalacaq: "Dövlət Neft Şirkəti də bildirib ki, bina təhvil verilirsə, qazla təmin edilə bilər. Dəfələrlə Milli Məclisdə bu məsələni qaldırmışıq. Dövlət məsuliyyəti vətəndaşın üzərinə qoyur ki, gedin tikinti şirkətinin rəhbərinə təzyiq edin, binanı vaxtında təhvil versin, əks halda məhkəməyə verin. Məhkəmələr isə illərlə davam edir. Bir çox hallarda bilirik ki, binaların dələduz rəhbərləri bir mənzili bir neçəsinə satır. İnsanlarımız da böyük əziyyətlə üz-üzə qalır. Bu məsələnin çox sadə həlli var. Dövlət ona görədir ki, əgər ictimai həyatımızda bu və ya digər sahədə problem yaranırsa, dərhal o qanunvericilik sahəsində tənzimlənir". Deputat deyib ki, qanunvericiliyə kiçik düzəliş edilsə, tikinti şirkəti yalnız notarial qaydada mənzil satışı həyata keçirə bilər: "Bu, bina dövlət istismarına qəbul edildikdən sonra baş verir. Bununla da bu problem həll edilə bilər, amma biz marağındayıq ki, fundament qazıldıqdan dərhal sonra tikinti şirkətlərinə pul ödənilsin, onlar vətəndaşın pulu ilə binanı tiksin. Beləliklə, insanlar neçə illər belə vəziyyətlə üz-üzə qalır. Biz tikinti şirkətlərinə mənzil satışını qadağan edək. Qoy onlar notarial qaydada bunu həyata keçirsin. Elə bina var ki, bir neçə ildir insanlar orada yaşayır, amma orada qaz yoxdur. Hesab edirəm ki, bununla bağlı Milli Məclis olaraq qanunvericiliyə dəyişiklik edə bilərik". Milli Məclis sədri Oqtay Əsədov qeyd edib ki, bütün məsələlər qanunla tənzimlənə bilməz. Nazirlər Kabinetinin qərarları var və o qərarlara riayət edilməlidir ki, mənzil təhvil verilməmiş ora köçməsinlər: "Qaz ağır məsələdir, bina təhvil verilməmiş binaya köçmək olmaz. İnsanlar özləri müqavilə bağlayır və bu məsələlər öz əksini tapır. Bunun üçün qanun çıxartmaq lazım deyil". "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"nə dəyişikliklərlə xarici ölkələrdə fəaliyyət göstərən konsulların səlahiyyətləri artırıldı. Dəyişikliklərə əsasən, konsula Azərbaycan Respublikası vətəndaşlarına pasport vermək, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına fərdi identifikasiya kartının verilməsi üçün sənədləri qəbul etmək, həmin sənədləri müvafiq icra hakimiyyəti orqanına göndərmək və konsulluğa daxil olmuş kartı müraciət edən şəxsə təqdim etmək hüququnun verilməsi nəzərdə tutulur. Dəyişikliklər "15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanunla nəzərdə tutulmuş fərdi identifikasiya kartının xaricdə yaşayan vətəndaşların əldə edə bilməsi məqsədilə təklif edilir. Qanunun müzakirəsində çıxış edən deputat Zahid Oruc bildirib ki, ölkənin daxilində casus şəbəkəsi qurmaq istəyən dairələr indi də bu prosesi ölkə kənarında diplomatik korpus üzərindən bunu həyata keçirməyə çalışırlar. Bu baxımdan deputat diplomatları xüsusi xidmət kəşfiyyatçılara bənzədərək, onların malik olduğu sirləri sonadək qorumağa borclu olduqlarını xatırladıb. Spiker Oqtay Əsədov deputata cavab olaraq bunları deyib: "Sözlərindən belə çıxır ki, sən Xarici İşlər Nazirliyini kəşfiyyat orqanına çevrimək istəyirsən. Kəşfiyyatçı öz yerində, diplomat öz yerində. Nanəcib adam hər yerdə çoxdur. Məsələləri qarışdırmaq olmaz". Həmçinin "Azərbaycan Respublikası Hökuməti (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında" Saziş müzakirəyə çıxarılıb. Saziş haqqında məlumat verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov FAO-nun Azərbaycanda ofisinin yaradılmasını tədqirəlayiq hesab edib. O bildirib ki, FAO ilə Azərbaycan səmərəli əməkdaşlıq edir. Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi və davamlı inkişafına mühüm töhfə verəcək. Sonra "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında" Saziş təsdiq edilib.


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00