Avropadakı antiAzərbaycan qüvvələrin şər kampaniyası

Bu kampaniya da əvvəlki illərdə olduğu kimi iflasa uğrayacaq

Azərbaycanın sürətli inkişafı, dövlətimizin müstəqil siyasət yürütməsini qətiyyətlə qəbul edə bilməyən Avropanın bəzi çevrələri imkan yarandıqca ölkəmizə qarşı qərəzli kampaniya həyata keçirirlər. Xüsusilə Azərbaycanın ictimai-siyasi həyatı, ölkəmizin beynəlxalq tədbirlər vasitəsilə dünyada daha yaxından tanıdılması ərəfəsində həmin dairələrin şər maşını işə düşür. İndi də həmin şər maşını öz fəaliyyətindədir. Bu dəfə isə hədəf bu ilin noyabrında keçiriləcək parlament seçkiləri barədə indidən beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaq, həmin seçkilərin anti-demokratik olacağı barədə sanki Nostradamusluq etməkdir. Elə bir müddət əvvəl Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin timsalında bunu aydın görmək mümkündür. Təəssüflər olsun ki, bu qurumun dirijor çubuğu ilə hərəkət etdiyini bir daha təsdiqləyən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da Azərbaycana qarşı formalaşmış şər kampaniyasının tərkib hissəsinə çevrilərək qarşıdan gələn parlament seçkilərini müşahidə etməyəcəyi barədə bəyanat yayıb. Hər şey aydındır. Sadəcə bir maraqlı məqamı qeyd etmək yerinə düşər. Yəni ATƏT-in DTİHB belə bir bəyanatı səsləndirmədən əvvəl özünə o qədər əmin idi ki, Azərbaycan tərəfi onu ciddi bir qurum hesab edərək seçkiləri müşahidə etməyə çağıracaq? Hansısa dəvət-filan gəlməmiş ATƏT DTİHB-in seçkiləri müşahidə etməyəcəyini açıqlaması özünü bazara çıxarmaq, "mən də varam" prinsipi ilə fəaliyyət göstərmək kimi bir şeydir.

***

Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni hesab edir ki, Avropadakı müəyyən dairələr öz qərəzli fəaliyyətlərini bir tərəfə qoyub ayrı-ayrı regionlardakı münaqişələrin, xüsusilə Dağlıq Qarabağ probleminin həllinə maraq göstərsələr və bu istiqamətdə aktiv olsalar daha çox dəstək qazanarlar: "Artıq 23 ildir ki, Azərbaycan torpaqlarının 20 faizi ermənilər tərəfindən işğala məruz qalıb. Eyni zamanda BMT Təhlükəsizlik Şurası işğal edilmiş Azərbaycan ərazilərinin boşaldılması məqsədilə 4 qətnamə qəbul edib. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinin ermənilər tərəfindən yerinə yetirilmədiyi halda Avropa Parlamenti bunu gözardı edir. Əksinə yanlış məlumatlar əsasında Azərbaycanla əlaqədar qərəzli qətnamələr hazırlayır. İnsan hüquq və azadlıqlarından danışan, bu sahədə Azərbaycanı haqsız olaraq ittihamlayan həmin qurumlar təəssüflər olsun ki, erməni işğalı nəticəsində 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkünə çevrilən insanların ən elementar hüquqlarını belə dilə gətirmir". Forumun prezidenti deyib ki, Avropa təsisatları tərəfindən müəyyən zamanlarda gündəmə gələn sifariş xarakterli bu cür "sənəd"lər dinamik inkişafa malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın qəbul edilməməsindən qaynaqlanır: "Bu eyni zamanda və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür. Azərbaycan dövləti milli maraqlarına cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olub. Bu səbəbdən müstəqil və suveren dövlətin daxili işlərinə qarışılması, ona qarşı təhqir və təzyiq məqsədilə qəbul olunmuş hər hansı sənəd qəti şəkildə qəbuledilməzdir. Belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi isə öz növbəsində Azərbaycanı Avropa Parlamenti və bu kimi təşkilarlarla əməkdaşlığın ölkəmizə nə dərəcədə lazım olması barədə ciddi düşünməyə əsas verir". Rauf Zeyni hesab edir ki, Avropada demokratiyanın dayaqlarından biri kimi tanınan bu qurumun belə gözlənilməz və anlaşılmaz addım atması bütövlükdə regionda və dünyada demokratik dəyərlərə və ədalət prinsiplərinə vurulan zərbədir. Forum prezidentinin sözlərinə görə, Avropadakı antiAzərbaycan dairələrin parlament seçkiləri ərəfəsində ölkəmiz barədə beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaq, seçki prosesinə mane olmaq cəhdləri də baş tutmayacaq və Azərbaycan bu dəfəki seçkiləri də azad, demokratik şəraitdə keçirərək demokratik dəyərlərə sadiqliyini bir daha sübuta yetirəcək.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00