Parlament Prezidentin etirazını qəbul etdi
30 Sentyabr 2015 14:42 SiyasətAzərbaycan Milli Məclisi tərəfindən qəbul olunan "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanunu prezident İlham Əliyev yenidən parlamentə qaytarıb. Sentyabrın 30-da sözügedən qanun layihəsi müzakirəyə çıxarılıb. Sənəd barədə məlumat verən millət vəkili, MM-in aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, AR prezidenti qanun layihəsini imzalamadan geri qaytarıb: " Buna səbəb qanunun bəzi müddəalarının AR Konstitusiyası və Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun müəyyən maddələrinə uyğun gəlməməsidir. Aqrar siyasət komitəsi bu qanunun məqsədəuyğun olmaması barədə prezidentin təklifinin qəbul edilməsini məqbul hesab edir". Layihədə qeyd edilən tarixdə məlum qanuna prezidentin etirazının səbəbi belə izah olunur: "Qanunun 4-cü maddəsində səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yerinə yetirilən respublika informasiya-məsləhət xidməti mərkəzinin təşkil edilməsi, həmin mərkəzin tərkib hissəsi kimi fəaliyyət göstərən yerli qurumların yaradılması, habelə mərkəzin funksiyaları və öhdəlikləri müəyyən edilir. Bundan başqa qanunun 5-ci və 15-ci maddələrinə əsasən kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyekti hesab edilən müvafiq icra hakimiyyəti orqanının bu sahədə xidmət göstərmək hüququ əldə etmək üçün akkreditasiya olunması tələb olunur. Beləliklə qanunun bu müddəaları Konstitusiyanın 93-cü maddəsinin IV hissəsi və 109-cü maddəsinin 7-ci bəndi ilə ziddiyyət təşkil edir. Bununla Konstitusiyanın 7-ci maddəsində nəzərdə tutulmuş hakimiyyətlərin bölünməsi prinsipini pozaraq Azərbaycan Prezidentinin icra hakimiyyəti orqanlarına münasibətdə səlahiyyətlərini məhdudlaşdırır. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanunun 64.9-cu maddəsinə uyğun olaraq qanunda normaların həddindən artıq detallaşdırılması Konstitusiya ilə müəyyən edilmiş icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır. Qeyd olunanlarla yanaşı qanunda "Normativ hüquqi aktlar haqqında" qanunun 25.2-ci və 64.4-cü maddələrinin tələblərinə riayət olunmadan həddindən artıq ümumiləşdirilmiş və qeyri-müəyyən ifadələrə, eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin çoxluğuna yol verilib.
Konstitusiyanın 110-cu maddəsinin I hissəsini və 149-cu maddəsinin III hissəsini rəhbər tutaraq "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanun imzalanmadan geri qaytarılır". "OLAYLAR"İA