Politoloq: “Rusiya Qarabağ məsələsində Azərbaycana verdiyi sözün üstündə dayanır”
29 Sentyabr 2015 18:02 SiyasətDanışıqlar prosesi başa çatmaqdadır desəm səhv etmərəm, ən azından indiki mərhələ üçün. Çünki Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü, Minsk qrupu həmsədrləri ilə görüş baş tutdu, ilin sonuna qədər prezidentlərin görüşməsi üçün vaxt istənildi. Hər iki XİN rəhbəri prezidentlərin görüşünün hazırlanmasını öz öhdəsinə götürdü. Bu fikirləri Azadinform-a açıqlamasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son zamanlar aparılan danışıqlar prosesini şərh edən politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun məsələyə müdaxiləsi onu göstərir ki, Rusiya vəd etdiyi sözlərin üstündə dayanır: "Rusiya 7 rayonun qaytarılması üçün yaranmış şəraitdən Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək üçün istifadə etmək istəyir. Rusiyanın regionda Azərbaycan kimi iqtisadi və hərbi cəhətdən güclü dövlətin öz yanında olması üçün problemin həllinə maksimum şəkildə kömək edəcəyini proqnozlaşdırıram".
Ermənistan prezidenti Serj Sarkisyanın "Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsidir" fikrinə münasibət bildirən politoloq qeyd edib ki, Sarkisyanın hakimiyyətinin dayaqları sarsıyıb: "Ermənistan cəbhədə sarsıdıcı məğlubiyyətə düçar olub, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində pozitiv addımlar atılmaqdadır. Bunlar Sarkisyanın xeyrinə deyil. Onun səsləndirdiyi fikir isə populist fikirdir".