AŞPA-ya yeni sədrin seçilməsi ölkəmizə nə verə bilər?
29 Sentyabr 2015 18:01 Siyasət"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının plenar iclasından sonra ispaniyalı deputat Pedro Aqramuntun qurumun sədri postuna seçilməsini ölkəmiz üçün müsbət məsələ hesab etmək olar". Bu fikirləri AZADİNFORMA açıqlamasında politoloq Mübariz Əhmədoğlu sözügedən quruma yeni sədrin seçilməsinin ölkəmizə nə verəcəyi ilə bağlı fikirlərini bölüşərkən dedi. Politoloqun fikrincə, Aqramunt hər zaman ölkəmizə müsbət münasibətilə seçilən deputat olub: "Ümumən, Avropa strukturları içərisində Azərbaycana qarşı nisbətən obyektiv mövqeyi ilə seçiləni elə AŞPA-dır. AŞPA Dağlıq Qarabağ münaqişəsilə bağlı alt komitə yaratmışdı və ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Azərbaycan üzrə keçmiş həmməruzəçi, ispaniyalı deputat Pedro Aqramunt ölkəmizdə keçirilən monitorinqdə iştirak etmiş şəxsdir. İnanıram ki, bu şəxsin AŞPA sədri seçilməsi sözügedən qurumun ölkəmizə olan müsbət münasibətinə daha da yaxşı təsir edəcək. Xatırladım ki, o, Azərbaycan üzrə həmməruzəçi olduğu zaman ermənilər tərəfindən kəskin tənqid olunurdu. Bunun özü də bir göstəricidir. Aqramunt bir zamanlar Ermənistan məsələləri ilə də məşğul olub və ümumilikdə, regionu yaxşı tanıyır. O, Dağlıq Qarabağ münaqişəsi haqda da kifayət qədər məlumatlı şəxsdir. Bu, bizim üçün əhəmiyyətli olan məqamdır. Ümidim var ki, o, AŞPA-da Azərbaycana münasibəti daha da müsbət tərəfə yönəldəcək və mənfi məqamların baş verməsinə yol verməyəcək".