Avropa Parlamentinin antiAzərbaycan mövqeyinə Avropadan cavab

Berlin Qafqaz və Xəzər Hövzəsi Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Mathias Dornfeldt Avropa Parlamentinin Prezidenti Martin Şultsa etiraz məktubu ünvanlayıb. "OLAYLAR"-a daxil olan müraciətin mətnində qeyd edilir ki, Berlin Qafqaz və Xəzər Hövzəsi Araşdırmaları üzrə Avropa İnstitutu Azərbaycandakı vəziyyət haqqında tam məlumatlıdır: "Hazırda rüşvətxorluğa (misal üçün ASAN mərkəzlərini göstərmək olar), eləcə də yoxsulluğa qarşı aparılan mübarizədə və ya qadın haqları ilə bağlı məsələlərdə müsbət inkişaf özünü göstərməkdədir. Avropa Parlamentinin Azərbaycanda insan haqları sahəsində heç bir inkişafın müşahidə edilmədiyini bildirən qətnamə qəbul etməsinə təəssüfümüzü bildiririk". Təşkilat sədri daha sonra qeyd edir ki, Azərbaycanda son illərdə başlamış islahatlar prosesi təkcə müxtəlif dinlərin nümayəndələrinin (müsəlman, xristian və yəhudilər) birlikdə sülh şəraitində yaşamasına deyil, eləcə də tələbələrin Qərb universitetləri və şirkətləri ilə mübadilə aparmasına və həmçinin bazar iqtisadiyyatının inkişaf etməsinə şərait yaradıb. Onun sözlərinə görə, Azərbaycanın apardığı siyasətin birtərəfli tənqid olunması bu inkişaf tendensiyalarını nəinki nəzərə almır, əksinə bu daha çox ikili siyasi standartlar təsəvvürü oyadır: "Buna görə də Avropa Parlamentinə haqlı olaraq 2008 -ci ildə nə səbəbə Ermənistana qarşı eyni qətnamənin qəbul olunmamasına dair sual verməlidir. O zaman prezident seçkilərində erməni silahlı qüvvələri tərəfindən on müxalifətçi öldürülmüş və Amnesty İnternational təşkilatının məlumatına görə səksəndən çox siyasi məhbus, eləcə də bir çox tənqidçi jurnalistlər həbs olunmuşdu. Azərbaycandakı vəziyyəti dəyərləndirərkən Avropa Parlamentinin millət vəkilləri nəzərə almalı idilər ki, bu ölkə regional vəziyyəti və tarixi inkişafındakı çətinliklərə baxmayaraq öz gücü hesabına siyasi və iqtisadi baxımdan sabit ölkə olaraq qərbyönümlü inkişaf edib. Qonşu ölkələrə nəzər salanda bu cür müsbət inkişaf müşahidə edilmir. Azərbaycandan olan dövlət qulluqçularına qarşı məqsədyönlü şəkildə sanksiyaların tətbiq olunması və vizaların verilməməsinə dair tələblər də həmçinin narahatedicidir. Fikrimizcə, bu cür tədbirlərin görülməsi Azərbaycan və Aİ arasında münasibətlərə uzunmüddətli böyük zərbə olacaq.  Eyni zamanda Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin korlanması Cənubi Qafqazdakı ümumi vəziyyətə əhəmiyyətli şəkildə təsir edə bilər. Sizdən xahiş edirik ki, bu cür qətnamənin mənfi təsirini düzgün hesablayasınız və Azərbaycan ilə dialoqu pozmayasınız, əksinə davam etdirəsiniz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00