Miqrant böhranı Avropa İttifaqı ölkələrini üz-üzə qoydu
Yaxın Şərqdən Avropaya üz tutan yüz minlərlə miqrantın taleyi qeyri-müəyyəndir
29 Sentyabr 2015 14:25 SiyasətPolşanın bir neçə şəhərində etirazlar baş qaldırıb. Etirazların səbəbi isə Avropaya axın edən miqrantlar olub. Miqrant axınına qarşı aksiyalara Polşanın paytaxtı Varşavada 1000-ə yaxın etirazçı toplaşıb. Varşavanın mərkəzi meydanına toplaşan aksiya iştirakçıları miqrantların ölkədə yerləşdirilməsi planlarına etiraz edib. Etirazçılar "Polşa polşalılarındır!", "Miqrantlara yox!" kimi şüarlar səsləndiriblər. Aksiya iştirakçıları ölkənin baş nazirinin miqrantların qəbul edilməsi qərarına etirazlarını bildiriblər.
Avropa ölkələrinə axın edən miqrantların qəbul edilməsi ilə bağlı Avropa İttifaqı 120 min nəfərlik kvota elan edib.Bu isə, o deməkdir ki, kvotadan artıq Avropaya gələcək miqrantlar qəbul edilməyəcək və bu, qitədə xaos mühitini dərinləşdirəcək. Artıq proses başlayıb. Hələ iyun ayında miqrant məsələsi İtaliya və Fransa arasında gərginliyə səbəb olmuşdu. Fransanın İtaliyadan gələn immiqrantlara sərhədləri bağlaması müzakirələri başlatdı. Fransa Prezidenti Fransua Olland və İtaliyanın Baş naziri Matteo Renzi miqrat probleminin iki ölkəni üz-üzə qoyduğunu etiraf etdilər. Renzi Fransanın sərhədləri bağlamasından sonra İtaliyadan gəlmiş immiqrantları geri qaytarmasının doğru qərar olmadığını bildirdi: "İtaliya Malta və Yunanıstanla birlikdə Avropanın Cənubunda yerləşdiyi üçün təkbaşına bu məsələnin məsuliyyətini üzərinə götürmək məcburiyyətində deyil. Digər ölkələr də dəstək verməlidirlər.
Avropa İttifaqı daxilində immiqrant məsələsi "Dublin sazişi" əsasında tənzimlənir. Lakin, axınının çoxalmasını nəzərə alaraq Renzi sazişdən imtina olunması təklifiylə çıxış edib. O, güclənən axının Avropada xaos mühitini dərinləşdirdiyini bildirib: "Etiraf etmək lazımdır. "Dublin sazişi"nin imzalanması yalnış qərar idi". Xatırladaq ki, İtaliyadan 2014-2015-ci illərdə 300 min miqrant Avropa İttifaqı ərazisinə daxil olub.
Renzinin təklifi ilkin olaraq, Aİ yetkililəri tərəfindən müzakirə edilməsə də, Brüsselin miqrantlar üçün 120 minlik kvota nəzərdə tutması faktiki olaraq, "Dublin sazişi"ndən imtina etdiyini və Avropada miqrant böhranının getdikcə dərinləşdiyini bildirir.
Suriyadakı müharibəyə görə, Yaxın Şərqdən Avropaya üz tutan yüz minlərlə immiqrantın taleyi qeyri-müəyyəndir. Aİ problemi həll etmək üçün təcili toplantılar çağırsa da, Macarıstan, Fransa və Almaniya kimi ölkələr radikal addımlar ataraq, immiqrantlar və qaçqınlar üçün qapıları bağlayıblar. Almaniyanın "Şengen sazişi"ni dondurması qərarından sonra Avstriya, Serbiya, Slovakiya və Polşa da immiqrant qəbulundan imtina etdilər. Hətta, Serbiya - Macarıstan sərhədində fövqaladə vəziyyət elan edildi və ölkələrin sərhəd xidmətləri gücləndirilmiş iş rejiminə keçirildi.
Avstriyanın Daxili işlər naziri Yohanna Mikl-Leynter isə immiqrant axının qarşısını almaq üçün Almaniya ilə aralarına müvəqqəti sərhəd qapıları qoyacaqlarını açıqlayıb. Slovakiya qonşuları Avstriya və Macarıstanla sərhədlərinə çoxlu sayda təhlükəsizlik qüvvəsi yerləşdirib. Çexiya Avstriya ilə sərhədlərində nəzarət mexanizmini gücləndirib. Avstriya Macarıstanla sərhəd bölgələrinə ordu yeridib, Serbiyayla sərhədlərinə isə tikanlı məftil çəkmək barədə qərar qəbul edib. Vəziyyətin gərginliyini nəzərə alan Fransa prezidenti Olland Aİ dövlətlərini "Şengen anlaşması"nın şərtlərinə əməl etməyə çağırıb. O, nəzarətin Aİ daxilindəki sərhədlər yox, Aİ-nin kənar sərhədlərində gücləndirilməsinin vacib olduğunu deyib.
İmmiqrant və miqrantların kütləvi axınını İngiltərənin təhlükəsizliyi üçün ciddi təhdidi olduğunu elan edən rəsmi London Avropa İttifaqından çıxmaq məsələsini yenidən gündəmə gətirib. İngiltərədə aparılan anket-sorğularda iştirak edənlərin 43%-i ölkələrinin Avropa İttifaqından çıxmalarının tərəfində olduqlarını bildiriblər. 40% qurumda qalmağın tərəfdarı olsa da, 17% bu məsələdə özünü bitərəf elan edib. Vəziyyətin dramatik hal aldığını görən Kameron hökuməti Aİ-dən çıxmaq üçün 2017-ci ildə keçirilməsi nəzərdə tutulan referendumun vaxtını tezləşdirmək barədə düşünməyə başlayıb.
Aİ-də mərkəzdənqaçma meyllərinin gücləndiyini görən, Almaniya Kansleri Angela Merkel "Dublin" və "Şengen" anlaşmalarının şərtlərini pozan Aİ dövlətlərinə qarşı hüquqi prosedurlar tətbiq olunacağını və cəzalandırılacaqlarını bildirib. Siyasi analitik və sosioloqlar isə miqrant böhranının Aİ-də siyasi çat yaradacağını və ölkələr arasında əlaqələrin gərginləşdirəcəyini proqnozlaşdırırlar.
Mənsur