ATƏT Qarabağa ədalətli sülh gətirmək üçün çalışmır

Azərbaycan dövləti ATƏT bəlasından qurtulmalıdır

Artıq bir neçə aydır ki, işğlaçı Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar və atəşkəs rejiminin mütəmadi olaraq pozulması nəticəsində sərhədyanı ərazilərdə vəziyyət gərginləşib. Hər ötən gün erməni təxribatının daha geniş spektri əhatə etməsi və atəşkəs rejiminin iriçaplı silahlardan istifadə edilməklə pozulması təəssüflər olsun ki, maddi zərər və insan tələfatına yol açır. Ancaq bütün bu baş verənlərin qarşısında bir təəssüfedici məqam da var ki, o da Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmağı öz üzərinə götürən, birbaşa bu prosesə cavabdeh olan ATƏT-in Minsk Qrupu yaranmış gərginliyin aradan qaldırılması istiqamətində hansısa təşəbbüslə çıxış etmir. Yaxud sözügedən təşkilat cəbhədə atəşkəs rejimini müntəzəm olaraq pozan işğalçı Ermənistandan bu hərəkətinə görə hesabat tələb etmir, ondan təxribatları dayandırmağı istəmir. Bütün bunlar bir daha onu söyləməyə əsas verir ki, əslində ATƏT-in Minsk Qrupu da dolayısıyla Ermənistanın maraqlarına xidmət edir, işğalçılara bəraət qazandırır. Son aylar Birləşmiş Ştatlar və Rusiyanın problemin həlli məqsədilə prezidentlər səviyyəsində görüşün keçirilməsi təşəbbüsünü ATƏT-in Minsk Qrupunun fəallığı kimi qələmə vermə cəhdləri olsa da, əslində burada Minsk Qrupunun fəallığından danışmaq absurddur. Çünki istər Vaşinqton, istərsə də Moskva regiona nəzarəti gücləndirmək baxımından məhz bu təşəbbüslə çıxış edib və hər iki güc mərkəzinin bu təşəbbüsünün arxasında da konkret maraqlar dayanır. Əgər Birləşmiş Ştatlar Rusiyanın Qarabağ probleminin həllində təşəbbüskarlığının nəticəsi olaraq Avrasiya İttifaqı reallaşmasından ehtiyatlanırsa, Kreml də özü tərəfindən yaradılan bir problemin Birləşmiş Ştatlar tərəfindən yoluna qoyulması, bununla da Amerikanın Moskvanın  sərhədlərinə daha da yaxınlaşması ilə barışa bilmir. Bütün bu baş verənlərin qarşılığında isə ATƏT-in Minsk Qrupu fəaliyyətsiz, diqtə ilə işləyən bir qruma çevrilib. Elə bir çox ekspertlər də bu qənaətdədirlər.

Müstəqil ekspert Rövşən Məmmədlinin sözlərinə görə, indi bütün çılpaqlığı ilə məlum olur ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağa ədalətli sülh gətirmək üçün yox, Dağlıq Qarabağda işğal rejimini, status-kvonu qorumaq və işğal altında olan Azərbaycanın tarixi topaqlarının hansısa formada Ermənistana birləşdirilməsi üçün yaradılıb. O, bildirib ki, ATƏT-in Dağlıq Qarabağla bağlı münaqişəni sülh yolu ilə tənzimləməsi yolunda göstərdiyi fəaliyyəti analiz edəndə bu sahədə ATƏT-in dələduz mövqe sərgilədiyi aydınca görünür: "ATƏT-in Minsk Qrupu açıq-aşkar Azərbaycana qarşı dələduz mövqe tutub və dolayısı ilə bizə qarşı basqı göstərməkdən də çəkinmirlər. Hesab edirik ki, zamanında Azərbaycan dövləti sülhün yaradılması düşüncəsi ilə bu qurumun "missiyasına" razılıq verməklə böyük səhvə yol verib. Bu qurumun iç üzü indi yox, elə yarandığı ilk illərdəki fəaliyyətindən də aydın olurdu. Azərbaycan dövləti vaxtında bu qurumun "missiyasından" imtina etməməklə tarixi səhvə, bağışlanmaz səhvə yol verib. Azərbaycan dövlətinin bu gün də ATƏT-dən nə isə ədalətli bir addım gözləməsi özü anlaşılmaz haldır.  ATƏT-in Minsk Qrupunun sülh danışıqları aparılması ilə məşğul olan 3 dövlətinin Birləşmiş Ştatlar, Rusiya və Fransanın üzdə sülh yatartmaq kimi görüntü yaradıb, gizlində Ermənistanın haqsız mövqelərini müdafiə etmələri və bu münaqişədən istifadə edib Azərbaycana öz ölkələrinin maraqları baxımından təzyiq etmələri faktdır. Məhz bunun sonucudur ki, 23 ildə Azərbaycanın işğal olunmuş ərazilərinin 23 metri belə azad olmayıb. Bu cür davam etsə heç 50 ildən sonra da işğal altında olan ərazilərimizin bir metri də azad olmayacaq. Əslində Minsk qrupu da elə bu məqsədlə yaradılıb ki, Azərbaycan öz qanuni hüquqlarından istifadə edib ərazilərini azad etməyə başlasa "sülh danışıqlarını pozdu" adı ilə Azərbaycana təzyiq edib onu qeyri-müəyyən durumda saxlasınlar.Hələ ki, görünən budur ki, Azərbaycan da susqun şəkildə Minsk Qrupunun bu "oyunbazlığına" dözür. Xalq isə Qarabağı istəyir. Bu istəyi ucadan ona görə səsləndirmir ki, düşünür öndə Azərbaycanın dövləti, şükürlər olsun güclü ordusu var və torpaqlarımızın işğaldan azad olması üçün əsas sözü də xalqın həmişə arxasında durduğu dövlətimiz.ordumuz deyəcəkdir. Şübhəsiz ki, bu ordu da xalqın övladlarından ibarətdir". Rövşən Məmmədli bildirib ki, Azərbaycan dövləti ilk növbədə ATƏT bəlasından qurtulmalı, dünyaya Ermənistanın təcavüzkar dövlət olduğunu geniş surətdə tanıtmalı və Qarabağ məsələsini daxili məsələsi kimi həll etməlidir: "Sülh yaranma anında isə yalnız münaqişə tərəfləri ilə həmsərhəd olan dövlətlərin ədalətli vasitəçiliyindən bəhrələnmək olar".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00